İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimlər və tələbələr imtahanlardan narazıdır

781 20.07.2023 11:48 Təhsil A A

MİQ imtahanı ilə yanaşı, ali məktəblərdə semestr imtahanları ilə bağlı da narahatlıqlar artıb

Ölkədə bir neçə ildir müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən imtahanlar, sertifikasiya təşkil olunur. Habelə pedaqoji sahədə 5 il ali təhsil almış müəllimləri də işə yalnız MİQ imtahanının nəticələrinə uyğun olaraq alırlar. Düzdür, gələcəyimiz olan şagirdlərə daha savadlı müəllimlərin dərs deməsi üçün bu addımlar alqışlanmalıdır. Ancaq bu prosesdə neqativlər də var. Əsas narazılıq imtahanlarda səhv sualların olması və düz sualların da həddən artıq çətinliyi ilə bağlıdır.

İyulun 18-də  Elm və Təhsil Nazirliyinin qarşısında Azərbaycan dili və ədəbiyyat müəllimlərinin aksiyası olub. Müəllimlər bildiriblər ki, imtahanda təqdim olunan testlərdə kifayət qədər nöqsanlar və qüsurlu suallar var. Onlar imtahanın yenidən təşkilini tələb ediblər.

Son vaxtlar ali məktəblərdə semestr imtahanları ilə bağlı da narazılıqlar artıb. Tələbələr bildirir ki, semestr imtahanlarında yazılı suallar tədris olunmayan materiallardan tərtib olunur, nəticədə onlar kəsilir və sonra yenidən Boloniya sisteminə uyğun şəkildə, əlavə pul ödəyərək yay məktəbinə saxlanılırlar. Ali məktəblərdə bu, artıq dəb halını alıb, bəzi universitetlərdə müəllimlər bunu bir növ biznesə çeviriblər...

İmtahan suallarının tərtibi ilə bağlı nəzarət mexanizmi tətbiq olunması gündəmə gəlib. Bu suallar insanların taleyini, karyerasını həll edirsə, deməli, onu necə gəldi, qüsurlu tərtib edib, sonra da bir yanlış kimi qiymətləndirmək qəbahətdir, yolverilməzdir.

Kamran Əsədov: Müsabiqədən kənar qəbul olmaq istəyən kollec məzunları bəzi  ixtisasları seçə bilməyəcək – Mektebgushesi

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında təsdiqlədi ki, son 3 il ərzində imtahanların təşkilində ciddi qüsurlar qeydə alınıb. Ekspert Elm və Təhsil Nazirliyinin iştirakçıların daha yaxşı hazırlaşması üçün çərçivə sənədi hazırladığını, lakin çərçivə qaydalarına riayət olunmadığını qeyd etdi: “Aparılan təhlillər göstərir ki, istər sertifikasiya imtahanları, istərsə də müəllimlərin işə qəbulu imtahanlarında təqdim edilən suallar qüsurludur. ETN də səhvlərin olduğunu etiraf edib, iştirakçılara əlavə bal verməklə problemi aradan qaldırmağa çalışır, amma bu doğru yanaşma tərzi deyil. İmtahanların ümumi gedişatını təhlil edərkən görürük ki, test tərtibçilərinin testlərin tərtib olunma qaydalarından xəbəri yoxdur. İmtahan zamanı iştirakçıların yerləşməsi öncədən bəlli olmadığı üçün bu da problem yaradır. Hətta problemlərdə texniki problemlər ortaya çıxır”.

Ekspert bildirdi ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş “Ali təhsil müəssisələrində semestrin təşkili qaydaları”nda imtahanın konkret modeli yoxdur: “Universitetlər qiymətləndirməni test variantında, yazılı, yaxud şifahi həyata keçirirlər. Bəzi universitetlərdə qiymətləndirmə düzgün aparılmır. Əsassız pul tələb etmə faktları var. İmtahanlar tamamilə fərqli formatda təşkil edilməlidir ki, məzunlar əmək bazarının tələbinə cavab verən kadrlara çevrilə bilsinlər”.

Parlament Aparatında yeni şöbə yaradıldı - Adil Vəliyev müdir təyin edildi

Adil Vəliyev

Təhsil eksperti Adil Vəliyevin fikrincə, sertifikasiya imtahanında suallar MİQ imtahanına nisbətən daha asan idi. Onun sözlərinə görə, narazılıqlar bütün fənlər üzrə var: “Universitetə qəbul olan tələbə ixtisası üzrə hazırlaşır, amma MİQ imtahanında iştirak etmək istədikdə ali təhsil proqramından çox sual düşmür. Bu səbəbdən də məzunlar fərqli kurslara müraciət etməyə məcbur olurlar. MİQ imtahanlarında yüksək bal toplayan müəllimlərə diqqət etsək, görərik ki, bir neçə il öncə məzun olanlardır, yəni xeyli müddət hazırlaşıblar. Düşünürəm ki, çıxış yolu kimi pedaqoji təhsil üzrə keçilən dərslər MİQ imtahanına uyğun olmalıdır. Ya da əksinə”.

O ki qaldı universitetlərdə semestr imtahanlarına, ekspert hesab edir ki, bu məsələdə müəllimin qiymətləndirməsi önəmlidir: “Bəzi tələbələr var ki, haqlarını bilmirlər, imtahandan kəsiləndə, yaxud az bal toplayanda bununla razılaşırlar. Tələbələrin hüquqları var, baldan razı deyilsə, apelyasiya şikayəti verə, hətta başqa müəllimin yoxlamasını tələb edə bilər. Bəzi universitetlər sualları öncədən toplu şəkildə, yaxud mövzular şəklində verirlər. Mən mövzular üzrə hazırlaşmağın tərəfdarıyam”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR