İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllim ixtisasını seçənə 100 manat, bəs sonra?

3019 14.10.2022 08:20 Təhsil A A

Kamran Əsədov: “Vakansiya elan olunsa da, müəllimlər həmin yerə işləməyə getmək istəmirlər, çünki... ”

Təhsilin inkişafı üzrə Dövət Strategiyasına uyğun olaraq 2015-ci ildən etibarən yüksək bal toplayıb müəllimlik ixtisasını seçən abituriyentlərə 100 manat əlavə təqaüd verilir. Lakin bu vəsaitin tələbələrə hansı şərtlər əsasında verildiyi, gələcəkdə müəllimlik peşəsinə yiyələnən şəxslərin müəllim işləmək kimi bir məcburiyyətinin olub-olmadığı bəlli deyil. Bəziləri həmin məbləğin abituriyentləri müəllimliyə həvəsləndirmək məqsədi daşıdığını bildirir".

Elm və Təhsil Nazirliyindən  bildirilib ki, 100 manat təqaüd ancaq ixtisas seçimində birinci yerdə müəllimliyi yazan və 500-dən aşağı bal toplamayan tələbələrə şamil olunur: “Hər il 300 tələbə müəyyənləşdirilir və təhsilin normativ müddəti bitənədək onlara bu təqaüd verilir. Həvəsləndirici xarakter daşıyır. Tələb də, sadəcə, odur ki, müəllimliyi birinci yazan olsun və 500-dən aşağı bal toplamasın”.

Azərbaycanda işsizlikdən əziyyət çəkənlərin çoxu, demək olar ki, müəllimlərdir. Müəllimlərin son illərdə maaşlarının artması, onlara sosial dəstək verilməsi bu peşəyə marağı artırıb. Müəllim ixtisasını seçənlərə 100 manat dəstək verilməsi də təqdirəlayiq haldır. Amma əsas məsələ bu tələbələrin məzun olduqdan sonra normal işlə təmin olunmasıdır. Bu məsələdə isə ciddi problem qalmaqdadır. Bu il məktəblərdə üç mindən çox müəllim yeri boş qalıb. Bununla bağlı Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli açıqlama verib. O bildirib ki, vakansiyaya 9805 yer çıxarılıb, lakin həm müddətli, həm də müddətsiz şərtlərlə işə qəbul edilənlərin sayı təxminən altı min nəfər olub. Tutulmayan vakant yerlər isə dərs saatları daha az olan və ucqar yerdəki məktəblərdədir. Bəs niyə ucqarlara gedən yoxdur?   Aydındır ki, müəllim ixtisasını seçənlərin böyük əksəriyyəti qızlardır və onların uzaq rayon və kəndlərə getməsi ciddi problemdir. O halda niyə sovet dövründə bu cür tabular yox idi? Problemin kökü nədir?

Kamran Əsədov: “Peşə təhsilli şəxslər əmək bazarının tələblərinə cavab  vermirlər” - 05.08.2019, Sputnik Azərbaycan

Kamran Əsədov 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: “Baxmayaraq ki, artıq oktyabrın ikinci ongünlüyüdür, məlumata görə, xeyli sayda məktəblərdə xüsusən fizika, riyaziyyat, kimya müəllimləri çatışmazlığı var. Yəni vakansiya elan olunsa da, müəllimlər həmin yerə işləməyə getmək istəmirlər. Hesab edirəm ki, bu məsələyə bir neçə amil təsir edir. Birincisi, Elm və Təhsil Nazirliyi yanlış qərar qəbul edərək belə bir məsələ ortaya çıxartdı ki, yalnız birinci turda qəbul olunanlar daimi əsaslarla, digərləri isə müddətli müqavilə ilə işləyəcək. Bu, yanlış qərar idi. Müəllimlər biləndə ki, sonradan çıxan vakansiya yerlərinə işləməyə gedəcəklər, orada da yalnız bir il işləyəcəklər, təbii ki, heç kim bir ilə görə bu əziyyətə qatlaşmaq istəməz. Fikrimcə, bütün müəllimlər birbaşa işə qəbul olunduqdan sonra orada daim işləməsi üçün şərait yaradılmalıdır. İkincisi isə çox təəssüf ki, hazırda ali məktəblərdə təyinat yoxdur. Yaxşı olardı ki, boş vakant yerlərə müəllimlər birbaşa təyinatla göndərilsin. Bu, ora gedənlərin sayına xeyli təsir göstərəcək.

Digər məsələ, stimullaşdırıcı addımlar atılmalıdır. Necə ki, hərbi sahədə, xüsusi dövlət orqanlarında işləyənlər uzaq ərazilərə və yaxud cəbhə bölgəsinə gedəndə onlara müəyyən artıq əməkhaqları nəzərdə tutulur, eləcə də müəllimlərin  sosial rifahını yüksəltmək üçün həvəsləndirmə məbləğlərinin miqdarı artırılmalıdır. Məsələn, ucqar kənd və rayonlara gedən müəllimlərə torpaq sahələri ayrılmalı, əməkhaqları iki dəfə yüksək verilməli, ipoteka və yaxud digər rahat şərtlərlə mənzil almasına şərait yaradılmalıdır ki, onlar həmin ərazilərdə yaşamaqda maraqlı olsunlar. Yoxsa ki, onlar bir və yaxud 2-3 il işlədikdən sonra geri qayıdırlar. Təsəvvür edin, bəzən hansısa ucqar kənddə ibtidai sinif şagirdləri 4 ildə 4 dəfə müəllim dəyişirlər. Bu, doğru yanaşma tərzi deyil. Hesab edirəm ki,  həmin müəllimlərin azı 5 il orada işləməsini təmin etmək lazımdır. Bu, mütləqdir.

Təsəvvür edin, həvəsləndirmə yerlərində işləyənlər 35 yaşa qədər pul alır, daha sonra pul kəsilir. Düşünürəm ki, ucqar yerlərdə dərs deyən müəllimlərə həvəsləndirmə maaşları ən azı 100-200 manat verilməlidir ki, onlara stimul versin. Həmçinin arzuolunandır ki, müəllimlərə dövlət qulluqçusu statusu verilsin, ucqar yerlərə gedənlər kommunal xərclərdən azad edilsin".

Məktəblinin dostunu görəndə “dovşana”, yeni kadrları görəndə “əjdahaya”  dönən direktorlar...-Elşən Qafarov - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 Elşən Qafarov

Təhsil eksperti Elşən Qafarov qeyd etdi ki, 2015-ci ildən müəllimlərin maaşında azalma var ki, artım yoxdur: “Lakin hökumət ardıcıl olaraq müəyyən tədbirlər görür ki, müəllimlərin sosial müdafiəsini maksimum dərəcədə yaxşılaşdıra bilsin. Məlum olduğu kimi, Azərbaycanda qadın müəllimlərin sayı çoxdur, hətta buna görə dünyada birinci yerdədir. Belə ki, hər yüz müəllimdən 83-ü qadındır. Sovet dövründən fərqli olaraq indi qadın müəllimlərin ucqar yerlərə getməməsinin əsas səbəbi onlara müvafiq şəraitin yaradılmamasıdır. Məsələn, sovet dövründə ucqar yerlərdə işləyən müəllimlər xüsusi ayrılmış evlərdə qalırdı. Həmçinin Təhsil Nazirliyi, digər icra strukturları ucqar yerlərdə çalışan müəllimlərin yaşayış şəraiti ilə maraqlanmır. Təsəvvür edin, 21-22 yaşlı gənc xanım ucqar kəndə düşəndə odun qırmaq, odun yandırmaq məcburiyyətində qalır. Və yaxud digər lazımi şəraiti olmur. Təbii ki, belə olan halda həmin müəllim orada qala bilmir, Bakıya geri qayıdır. Nəticədə uduzan təhsil olur, əziyyət çəkən isə şagirdlər.

Nazirlər Kabinetinin pedaqoji fəaliyyətlə məşğul olan, 35 yaşa qədər olan müəllimlərin sosial müdafiəsi ilə bağlı 2010-cu il tarixli 67 nömrəli qərarı var. Müəllimlər bunu daha çox "H1", "H2" adı ilə tanıyır. Belə ki, bu qərarda rayon mərkəzindən 20 km-ə qədər və 20 km-dən artıq olan ərazilərdə çalışan müəllimlər nəzərdə tutulub. Bunun üçün cəmi 100 manat ayrılır ki, bu da müəllimlərin sosial şəraitini yaxşılaşdıra bilmir, heç ev kirayəsinə çatmır. Üstəlik, əvvəllər 35 yaşa qədər olan müəllimlər bu imkandan daim istifadə edə bilirdisə, indi yalnız bir dəfə istifadə edirlər.

Hesab edirəm ki, ucqar yerlərdə çalışan müəllimlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün əlavə sosial tədbirlər görülməlidir. Məsələn, əməkhaqları artırılmalı, müəllim 3 ildən artıq həmin ərazidə yaşayarsa, torpaq sahəsi ilə, həmçinin faizsiz kreditlərlə təmin olunmalıdır  və sairə".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR