İnsanlara hürriyət, millətlərə istiqlal!

Mübahisə bu gün də var, yarın da...

1961 17.10.2022 11:44 Yazarlar A A

Öcəşməyə, iki-üç tirəyə ayrılıb söz atışmasına çıxmağa meylli Feysbuk xalqı dünən Şuşa-Vaqif-abidə mövzusunda yenə dalaşırdı. Ümidvaram ki, “savaş” bu gün də davam edər.

Düzdür, bilən adamlar israrla yazırdılar ki, o abidə Şuşada yox, Lerikdə düzəldilir, həm də şair Vaqifə yox, onun həmkarı Nəsimiyə məxsusdur, amma bu mühüm detalın mübahisənin gedişinə təsiri olmadı.

Bilən adamlar yayılmış şəklin coğrafi analizini də verdilər, yazdılar ki, Şuşada elə yer yoxdur, Şuşanın içindən çay axmır, relyefi başqa cürdür, amma ox yaydan çıxmışdı və uça-uça gedib Vaqifin dövlət xadimliyinə sancılırdı, arada şairliyini də zədələyirdi.

Düzü, həmin şəklə baxanda iki dəfə Şuşada olmuş, axırıncı dəfə bir həftə öncə qaladan qayıtmış adam kimi öz-özümə düşündüm ki, necə ola bilər, şəhərdə o boyda abidə tikilir, amma mən Şuşanın küçələrini o tərəfə-bu tərəfə gedərkən görməmişəm. Sonda dedim, biz Şuşada olanda şəhər dumanın içindəydi, ola bilər, abidənin tikildiyi yer duman pərdəsinə bürünübmüş.

Fəqət məlum oldu ki, məkan o məkan deyil, abidəsi qoyulan şair də o şair deyil. Bildiyimiz kimi, Vaqif dövlət xadimi, saray adamı olub, amma Nəsimi dissidentlik eləyib, rejimə qarşı çıxıb. Hərçənd ikisi də öz dövrünün yüngül makiyajlı (sürmə çəkilmiş qaşlar, al yanaqlar-filan) gözəllərini eyni şövqlə vəsf edib.

Hazırda əsas mübahisə obyekti odur ki, bir tərəf Vaqifə Şuşa şəhərində əzəmətli abidə qoyulmasını haqsız sayır, o biri tərəf də deyir, Vaqif də bu xalqın oğludur, Şuşanı simvolizə edənlərdən biri olub.

Əslində şairin Şuşada abidəsi (büstü) var, məqbərəsi də hər kəs tərəfindən ziyarət olunan yerlərdən biridir. Təzədən mübahisə açmağa ehtiyac yoxdur.

Əsas məsələ budur ki, niyə biz hər şeyə görə mübahisə edirik. Söz yox, deyilənə görə, həqiqət mübahisələr zamanı doğub ortaya çıxır, amma bu da faktdır ki, bir sıra həqiqətlərin başına məhz mübahisələrdə daş düşür. Bizdə aksiomalar da mübahisə predmeti olur.

İstənilən bir yenilik, bir təşəbbüs, hətta ən yaxşı layihə olsun, mütləq aramızdan bir qrup adam tapılacaq ki, əks gedəcək, etiraz edəcək, deyəcək, o pisdir.

Bunu biz dəfələrlə görmüşük. 2012-ci ildə “Avroviziya” musiqi festivalı Bakıda keçirilərkən Avropa ölkələriylə, qonşu dövlətlərə üz-göz olmağmız azmış kimi, daxildə də qırğın-qiyamət qalxmışdı.

Sonrakı beynəlxalq yarışlar zamanı da hər dəfə etiraz və lağ edənlərin əlindən sosial şəbəkəyə girmək olmurdu. Etiraf edim ki, “Formula-1” yarışmasının yaramazlığı haqqında gedən kütləvi etiraz kampaniyasına özüm də qoşulmuşam. Burdan bir daha təsdiq edirəm ki, qəhr olsun “Formula”, çünki vığğğ edib gedən bolidlər şəhərin havasını korlayır, bir-iki ay tıxacda qalırıq.

Amma məsələn, tıxac yaratmırsa, hansısa musiqi festivalının külli camaata nə dəxli var? Baxmaq istəyən gedib baxsın, baxmaq istəməyən evində oturub başqa şeylə məşğul olsun.

Əslində elə yarışmalar paytaxtda yox, o biri şəhərlərdə keçirilsə, bəlkə də camaat o qədər narazı qalmaz. Baxmayın, paytaxt adamları komfortuna düşkündür, tıxac, səs-küy olanda nervilənirlər, amma rayon camaatı üçün o cür təntənəli tədbirlər bayrama dönür.

Dəqiq deyirəm, sabah BMT və ya ATƏT məsələ qaldırsa ki, baş ofislərini Bakıya köçürmək istəyirlər, biz bu təşəbbüsə qarşı çıxacağıq. Deyəcəyik, bundan gələn milyardları Allah kəssin.

Növbəti futbol mundialının Bakıda keçirilməsi məsələsi yüzdə doxsan nisbətdə xeyrimizə həll olunmaq üzrə olarkən kütləvi şəkildə nəzir deyəcəyik ki, o iş olmasın. Halbuki gələn ay mundiala ev sahibliyi edəcək Qətər o hüququ almaq üçün avropalı nəxunəklərə 20-30 milyard rüşvət dağıtmışdı.

Bir də istənilən yaradıcılıq əsərini bəyənməmək və bu xüsusda mübahisəyə girmək mərəzimiz var. Oyrəli Sami Yusif Nəsiminin qəzəlini oxumuşdu, orkestrlə, xorla başa gətirilmiş yekə bir iş idi, amma bəyənənlərlə yanaşı, bir xeyli adam da yazdı ki, Afət Fərmanqızı ondan yaxşı oxuyub.

Koroğlunun, Müslüm Maqomayevin heykəlinə nə söz qaldı, yazmayaq. Abidələri rəsmən heç-puç elədik, bir az da davam eləsə, heykəl müəllifləri deyəcəkdilər ki, sökün, bizim də canımız dincəlsin, camaatın da.

Ötən əsrin 30-cu illərində ölkədə sinfi mübarizə, tuthatut gedəndə, qardaş qardaşdan donos yazdığı illərdə şair Rəsul Rza yazmışdı ki, “mübarizə bu gün də var, yarın da, mən də onun ən ön sıralarında”. Şairin sözü olmasın, mübahisə bu gün də var, sabah da olacaq, biz də qalstuklu pionerlər kimi fəallıq etməyə həmişə hazırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR