İnsanlara hürriyət, millətlərə istiqlal!

Müasir burjuyların SSSR qurmaq xəyalı – onlara o dövlətin müstəmləklələri lazımdır

2223 23.04.2023 09:00 Yazarlar A A

Son vaxtlar Rusiyada istehsal olunan film və seriallarda diqqət çəkən bir detal var, bəlkə də çox adam fikir vermir.

Personajların ən azı bir-ikisinin əynində üzərinə SSSR yazılmış idman kostyumu, köynək və ya kepka olur. Özü də bu adamlar bir qayda olaraq patriotlardır, Rusiyanı çox sevirlər, Qərbə nifrət edirlər.

Üzərinə SSSR sözü həkk olmuş paltar geyənlərin həyatını əks etdirən filmlər əsasən 2015-ci ildən sonra çəkilənlərdir. Bu rus nasiminin inkubasiya mərhələsindən çıxaraq açıq müstəviyə çıxdığı dönəmdir.

maxresdefault.jpg (88 KB)

Daha maraqlı bir detal isə müasir Rusiyada fəaliyyət göstərən güc strukturlarının kabinetlərində divarlardan NKVD-nin ilk rəhbəri olmuş Feliks Dzerjinskinin portretinin asılmasıdır. Bu da “dəmir Feliks”in irticasına varis çıxmaq anlamına gəlir.

Bütün bunlar rus kinematoqrafçıların dissidentliyinin göstəricisi deyil. Onlar bu kimi qaba subliminal mesajlarla heç də müasir oliqarx-burjuaziya sisteminə meydan oxumurlar, tam əksinə, onun əlinə oynayırlar, bilirlər ki, müasir burjuylar, indiki güc orqanları SSRİ-nin bərpasını istəyirlər.

Əlbəttə, onlar kommunistlərin yenidən hakimiyyətə gələrək müasir burjuyları, indiki adlarıyla desək, “yeni rusları”, oliqarx-qubernatorları, milyonçu deputatları qovmalarını, güllələləmələrini istəmirlər. Kim baltanı öz ayağına vurar ki?

Müasir “rus vətənpərvərlər”i SSRİ-nin siyasi quruluşunun, idarəetmə mexanizminin bərpasını yox, sərhədlərinin, hərbi qüdrətinin bərpasını istəyirlər.

RUUUSSS.JPG (44 KB)

Rusiyada, postovet məkanında, eləcə də yaxın qitələrdə hər kəsə əyandır ki, SSRİ öz ərazisinə dünyanın ən böyük, hərbi qüdrətinə görə isə iki ən böyük dövlətdən biri olub. SSRİ-nin bərpası eşqiylə yaşayanlar da məhz bunu istəyirlər.

Onlar düşünürlər ki, SSRİ-nin sərhədləri bərpa olunmalıdır, “milli mənzillər”ə səpələnmiş müttəfiq respublikalar yenidən Moskvanın çətiri altına yığışmalıdır, sosialist düşərgəsinə daxil olan qonşu ölkələrdə (Polşa, Çexiya, Bolqarıstan, Əfqanıstan, Monqolustan və digərləri) sırf Moskvadan idarə olunan hökumətlər qurulmalıdır, ondan sonra neoimperialistlər özləri bilərlər, bu məkanı necə idarə edərlər.

Müttəfiq respublikalarda isə artıq 30-32 yaşlı qadın və kişilər, eləcə də aşağı yaşdan olan gənclər və yeniyetmələr gözlərini açıb, öz himni, gerbi, dövlət dili olan müstəqil dövlətdə yaşadıqlarını görüblər. Onlar üçün Rusiya bir vaxtlar ölkələrini müstəmləkə edən, hələ də əl çəkməyən böyük və aqressiv qonşu dövlətdir.

detail_1358782386.jpg (71 KB)

Bu yaxınlarda Rusiyanın Dövlət Dumasının deputatı Yevgeni Fyodorovun Ermənistanın beynəlxalq hüquq baxımından SSRİ-nin tərkibindən qanunsuz olaraq çıxdığını, ayrılma prosedurunu sona qədər aparmadığını deməsi əbəs deyildi.

Əslində Fyodorovun sözlərində müəyyən həqiqət vardı. Çünki Ermənistanın özü qanunsuz yaranmış, sırf Moskvanın zoru, diktəsi ilə özgə torpaqlarında təsis edilmiş bir dövlətdir. Rusiya faktoru olmasa, Ermənistan dövləti ya ümumiyyətlə olmazdı, ya da Türkiyənin tərkibində (Ağrı dağın o üzündə) mədəni muxtariyyata malik bir yer olardı.

SSRİ-dən çıxmağa gəlincə, qırmızı imperiyadan ayrılmaq istədiyini ilk elan edən müttəfiq respublika Ermənistan olsa da, sona qədər məhz o, Rusiyanın paçasına yapışıb qaldı və məlum oldu ki, bu separatizm anonsu Qarabağ münaqişəsində üstünlük qazanmaq məqsədilə Kremli şantaj etməkdən başqa bir şey deyil.

Bununla belə, Fyodorovun Ermənistana qarşı irəli sürdüyü bu iddiadan çıxış edərək, düşünmək olar ki, digər rus siyasətçilər də o biri respublikaların SSRİ-dən çıxmalarını qanunsuz elan edə, bu zaman “tutarlı” arqumentlər irəli sürə bilərlər. Məsələn, bəzi müasir Orta Asiya respublikalarının indiki adda dövlətləri olmayıb, onlar başqa-başqa dövlətlərin (məsələn, Türküstan adlanan dövlətin) tərkibində olublar və məhz Rusiyanın subyektinə çevrildikdən sonra Kreml onlar üçün milli respublikalar təsis edib.

Bəs bu, o deməkdirmi ki, həmin çoxsaylı xalqların heç zaman öz milli dövlətçilikləri olmamalı idi və ruslar çoxsaylı hərbi qüvvələrinin hesabına işğalçılıq siyasəti yeridərək həmin ölkələri öz ərazisinə daxil edərkən haqlıydı?

Peter_de_Grote.jpg (53 KB)

Ona qalsa, orta əsrlərdə rusların da I Pyotra (ilk rus imperatoru) qədər milli və vahid, eləcə də böyük dövlətləri olmayıb, Rusiya knyazlıqlardan ibarət olub. Bəzən öz “şanlı keçmişi” ilə öyünən ruslar tarixə səyahəti bir yerdə saxlayır, o tərəfə keçmirlər, çünki daha qədimlərdə onların 300 illik monqol-tatar əsarətinə boyun əymələri, şimal və qərbdəki dövlətlərin tapdaqaltısı olmaları kimi şanlı sayılmayan tarixləri var.

Ümumiyyətlə, hər xalq özünün yalnız “şanlı tarix”ini yadda saxlayır, öyür, tədris, təbliğ edir. Elə ermənilər də söz-sözü gətirən kimi, hətta yeri gəlməyəndə də “böyük Tiqran”nın qurduğu “böyük Ermənistan”dan danışırlar və 100 ildir ki, o dövlətin hansı əsrdə və hansı ərazilərdə qurulduğunu sübut etməklə məşğuldurlar.

88877766.jpg (337 KB)

Rusiyada gedən SSSR təbliğatı əsasən 2014-cü ildə Krımın ilhaqından sonra başlayıb. Bu, rus nasistlərinin dişinə dəyən ilk şirəydi. Sonradan Ukrayna müharibəsi də məhz həmin şirəyə şirnikənlərin əsəri oldu. Fəqət Krım “şirə”sinin yerini sonradan Ukrayna və Rusiyanın on minlərlə gənc kişi və qadınının qanı aldı.

Tarixə qovuşmuş SSRİ-nin, “dünyanın ən böyük dövləti”nin bərpası avantürası bununla bitsə, hamı hesab eləsin ki, ziyanın yarısından qayıdılıb. Yoxsa bu avantüra milyonlarla insanın həyatı bahasına başa gələcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR