İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada rus paradına tamaşa edən faşist oğlu – Şröderin şərəf dərdi

2940 14.05.2022 09:15 Yazarlar A A

Bir oğul düşünün ki, üzünü görmədiyi atası cavan yaşında düşmən gülləsindən həlak olsun, amma oğul böyüyüb dövlət başçısı olanda atasını öldürən dövlətlə dost-qardaşa çevrilsin, hətta vəzifədən çıxdıqdan sonra həmin dövlətin ən varlı şirkətində rəhbər vəzifə tutsun.

Var elə bir oğul və onu bütün dünya tanıyır. Bu, Almaniyanın sabiq federal kansleri Gerhard Şröderdir. O, 1944-cü ildə Rumıniyada ruslar tərəfindən öldürülən və qardaşlıq məzarlığında dəfn edilən Frits Şröderin oğlu, “Rosneft” şirkətinin direkorlar şurasının rəhbəridir.

Nə bilmək olar, bəlkə də Gerhard siyasi karyerasındakı bu alpinistvari dırmanmasını elə öz yetimçiliyinə borcludur? Bəlkə də faşistlərin əsgəri olan atası müharibədən sağ-salamat qayıtsaydı, Gerhard da təminatlı ailədə, vecsiz böyüyərdi, bu cür iddiaya və çalışqanlığa malik olmazdı, eləcə, alman pivəsi içə-içə sadə bir həyat yaşayardı.

Bu günlərdə Şröderin soyadı ona görə gündəmə gəlib ki, Avropa Parlamentinin bəzi deputatları sabiq kanslerin adının Avropa İttifaqının aksiyalar siyahısına daxil olunması təklifi ilə çıxış ediblər. Bu da ona görədir ki, Avropa Parlamentinin sanksiyalar siyahısına aqressiv Rusiyaya dəstək verən avropalı siyasətçilərin, o cümlədən Rusiyanın iri şirkətlərinin direktorlar şuraları üzvlərinin əlavə edilməsi vacib olub.

1.jpg (47 KB)

Şröder federal kansler postunda 16 il boyunca fasiləsiz çalışan xarizmatik Helmut Koldan sonra həmin vəzifəyə 1998-ci ildə gəlib. Bu müddət ərzində onun partiyası həmişə müxalifətdə olub. Siyasi mənsubiyyəti etibarı ilə sosial-demokrat olan Şroder özü isə kansler olmazdan əvvəl federativ respublikanın Aşağı Saksoniya torpağında deputat və baş nazir kimi postlar tutub.

Maraqladır ki, Şröderdən sonra federal kansler postuna gələn Angela Merkel də partiyadaş sələfi Kol kimi 16 hakimiyyətdə olub. İki “əjdaha”nın arasında qalan Şröder isə Almaniyaya cəmi 7 il rəhbərlik edib. O, hakimiyyətdə olduğu illərdə Rusiyameylli siyasət yeridib, Rusiyaya münasibətdə bəzi Avropa ölkələrinin anti-Moskva siyasətini dəstəkləməyib. Görünür, Rusiyanın almanca yaxşı bilən lideri Putin Şröderlə yaxşı dil tapıb və onlar hər sahədə yaxşı anlaşıblar.

Elə olmasaydı, şəxsi maraqları herr Şröderin gözünü tutmasaydı, o, 2005-ci ildə faşizm üzərində qələbənin 60 illiyi münasibəti ilə Moskvada keçirilən parada vermaxtın sabiq hərbi qulluqçuları ilə birlikdə qatılmazdı. Amma onlar, keçmiş faşistlərin oğulları və nəvələri gəlib, şərəf tribunasında oturublar və alman faşizmi üzərində qələbə qazanan sovet əsgərlərinin nəvə-nəticələrinin Qırmızı meydanda şəstlə addımlamasına tamaşa ediblər.

4.jpg (88 KB)

Heç bir Şərq ölkəsində belə bir rəzalətə qol qoymaz, onu şərəfsizlik hesab edədirlər. Şröder isə sıxılmadan bu addımı atıb.

Bəlkə də Şröderin partiyası həmin ilin payızında Almaniyada keçirilən parlament seçkilərini məhz kanslerin belə hərəkətlərinə görə uduzdu.

Ancaq onun baş nazir postundan çıxandan 17 gün sonra “Rosneft”də işə düzəlməsi çoxları üçün təəccüblü olmadı. Rusiya öz “pərəstişkar”ını işsiz qoymayacaqdı. Bu vəzifəni ona şəxsən Putin telefonla təklif edib, Şröder də razılaşıb.

Belə baxanda bu adamın, keçmiş kanslerin təminatı dövlət səviyyəsində həll edilib, ona ayda 9 min dollar təqaüd kəsilib. Ancaq Şröder nəyə görəsə buna qane olmadı. O, ya evlənib ayrıldığı 4 qadına (5-ci ilə hələ də birlikdədir) aliment çatdıra bilmirdi, ya da vəzifədə olanda əli yağ-balda olmuşdu, komfortuna, kalorisinə düşkün olduğundan daha çox qazanmaq istəyirdi.

2.jpg (85 KB)

İkinci versiya daha güclüdür. Öz ölkəsində ona qarşı ciddi korrupsiya ittihamları irəli sürülüb. Onu federal kansler olduğu zaman North European Gas Pipeline Company səhmdar cəmiyyətinin komitəsinə rəhbərlik edərək Rusiya ilə sövdələşmələrdən pul qazanmaqda ittiham ediblər. Bundan başqa, Şröderi Rusiyanın şübhəli mənbəyi olan aktivlərini leqallaşdırmaq üçün örtük qismində çıxış etməyə hazırlaşmaqda suşlayıblar.

Vaxtilə Şröderin bu cür hərəkətləri “Vaşinqton Post” qəzetində “siyasi xəyanət adlandırılıb”.

Amerikalı konqresmen Tom Lantos isə 2007-ci ildə II İraq savaşında tutduğu mövqeyə, ABŞ-la eyni koalisiyada olaraq İraqa müdaxilədən imtina etməsinə görə Şröderi “siyasi fahişəlik”də ittiham edib.

3.jpg (101 KB)

Rusiya ilə əlaqələri ona böyük pullar qazandırsa da, Şröder ölkəsində sevilməyən biri halına gəlib. İndi Avropa Birliyi bir sıra rusiyalı oliqarxlar kimi onun da adını sanksiya tətbiq edilənlərin siyahısına salsa, heç kəs təəssüflənməyəcək, hamı “ona əcəb oldu” deyəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR