İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada ölən çex lider – “Çexoslovakiyanın Stalini” adı alan Qotvaldın urvatsız axırı

2174 23.11.2022 14:50 Yaxın tarix A A

O, Çexoslovakiyanın ilk kommunist siyasətçilərindən biri olub. Klement Qotvald 56 illik ömründə öz ölkəsinin ən yüksək vəzifələrini daşıyıb, Çexoslovakiya Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, baş nazir və Çexoslovakiya prezidenti vəzifələrini...

1896-cı ildə Çexiyanın Vişau şəhərində nikahdankənar anadan olan Klement Qotvaldın uşaqlığı yoxsulluq içində keçib. O, yeniyetməlik illərindən dülgər köməkçisi işləyərək anasına kömək edib. Normal təhsil almaq imkanı olmasa da, Qotvald mütailəyə böyük həvəs göstərib və gənclik illərindən siyasətlə maraqlanıb. Məhz bu marağın sayəsində də o, 1921-ci ildə Çexoslovakiyada Kommunist Partiyasının ilk qurucularından biri olub, 1926-cı ilə qədər partiyanın mətbu orqanına rəhbərlik edib, daha sonra partiyanın təbliğat komitəsinin sədri vəzifəsini tutub.

Bundesarchiv_Bild_183-R90009,_Budapest,_II._Weltfestspiele,_Festumzug,_tschechische_Delegation_(cropped_KG).jpg (81 KB)

1929-cu ildə parlamentə deputat seçilən Qotvald həmin il Çexoslovakiya Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi də seçilib. Çexoslovakiyada bu partiyanın təşkilatlanmasında, ideoloji aparatın, təbliğat və təşviqat işinin yenidən qurulmasında onun xüsusi rolu olub.

Qatı stalinçi kimi tanınan Qotvald partiyanın fəaliyyətində bütün sahələr üzrə Moskvadan dəstək alıb.
1939-cu ildə II dünya müharibəsi başlananda Qotvald SSRİ-yə mühacirət edib. O, Çexoslovakiya kommunist müqavimət hərəkatına Kremlin dəstəyi ilə Moskvadan rəhbərlik edib.

Alman faşizmi üzərində SSRİ-nin və mütəffiqlərinin qələbəsindən sonra Qotvaldın siyasi karyerasında yeni mərhələ başlanıb. 1945-ci ildə Çexoslovakiyaya qayıdan Qotvald baş nazirin müavini, bir ildən sonra, 1946-cı ildə isə baş nazir postunu tutub.

1948-ci ildə kommunistlərin hakimiyyətə gəlməsi ilə parlamentdə “9 may konstitusiyası” adı ilə tarixə düşən yeni konstitusiya qəbul edilib. Həmin dövrdə Çexoslovakiyanın prezidenti olan Edvard Beneş yeni konstitusiyasının qüvvəyə minməsi haqqında fərmanı imzalamaqdan imtina edərək vəzifəsindən istefa verib. 14 iyun 1948-ci ildə parlament Qotvaldı prezident seçib.

Qotvaldın prezidentlik dövrü bir çox hadisələrlə yadda qalıb. O, SSRİ-dəki idarəetmə üsulunu olduğu kimi Çexoslovakiyada təkrarlayıb. Kənd təssərrüfatında kollektivləşdirmə, vahid ideoloji xətt, bütün səlahiyyətlərin bir əldə cəmlənməsi, mövcud rejimə qarşı çıxanlara ən sərt cəza tədbirləri, repressiya və mütləq hakimlik Çexoslovakiyanı kiçik SSRİ-yə bənzədib.

stalin-and-gottwald.jpg (124 KB)

Ölkədə SSRİ ilə müttəfiqliyə narazılığını bildirənlərə qarşı Qotvald xüsusi cəbhə yaradıb. Bu cəbhədə repressiyaların qurbanı günü-gündən artıb. Hətta patiya daxilində Moskvanın kursunu təkrarlamağa görə Qotvalda qarşı çıxanlar da olub. Prezident onlara da güzəştə getməyib. Qotvaldın apardığı siyasətə qarşı çıxanların arasında Çexoslovakiya Kommunist Partiyasının tanınmış simaları da olub. Onlardan biri də Slovakiya kommunistlərinin rəhbəri Qustav Qusak olub ki, Qotvald onu da siyasi səhnədən uzaqlaşdırıb. Qustav Qusak Qotvaldın repressiyasına tab gətirərək sonralar uzun illər Çexoslovakiyaya rəhbərlik edib.

Qotvaldın hakimiyyətdə ən yaxın adamı kürəkəni, Siyasi Büronun üzvü Aleksey Çepiçka sayılıb. O, əvvəlcə ədliyyə naziri, daha sonra isə müdafiə naziri vəzifəsini daşıyıb. Ölkənin silahlı qüvvələrinə nəzarət, kadr seçimi, orduya maliyyə vəsaitinin ayrılması və bu kimi vacib məsələlər prezident tərəfindən məhz ona həvalə edilib.

stalin_gottwald.jpg (114 KB)

 

Ölkənin ən yüksək kürsüsündə əyləşsə də, həm səlahiyyət, həm də maddi baxımdan bütün imkanlara malik olsa da Qotvaldın səhhətində tez-tez problemlər yaranıb. Bunun birinci səbəbi o olub ki, Qotvald gənc yaşlarında sifilis xəstəliyinə tutulub və tam müalicə olunmayıb. İkinci səbəb isə prezidentin alkoqoldan asılılığı olub.

1953-cü ilin mart ayında Qotvald Stalinin dəfn mərasimində iştirak etmək üçün Moskvaya getməyə hazırlaşanda həkimlər ona səfərə çıxmağı məsləhət görməyiblər. Qotvald isə onlara məhəl qoymayaraq bu mərasimdə iştirakını vacib sayıb.

12 mart 1953-cü ildə Qotvald Moskvadan qayıdanda həkimlərə özünü çox narahat hiss etdiyini bildirib və iki gündən sonra aortasının partlaması nəticəsində o, 56 yaşında vəfat edib.

Клемент-Готвальд-2-1024x1064.jpg (121 KB)

Qotvaldın nəşi SSRİ-dən gələn mütəxəssilər tərəfindən balzamlaşdırılaraq Praqa yaxınlığıdakl Vitkov hündürlüyündə xüsusi yaradılmış mavzoleyə qoyulub. Balzamlaşdırma prosesi uğursuz alındığından sabiq prezidentin nəşində zaman-zaman dəyişiklər müşahidə olunub. Nəhayət, 1960-cı illərin əvvəllərində meyidin çürüməsi başlanıb. Məhz həmin ərəfədə Çexoslovakiyada analoji olaraq SSRİ-də olduğu kimi Qotvaldın şəxsiyyətə pərəstiş məsələsi də gündəmdə yer almağa başlayıb. Hökumət sabiq prezidentin nəşi ilə bağlı yeni qərar qəbul edib. Qotvald mavzoleydən çıxarılaraq kremasiya (yandırılıb) olunub və külü Vitkovdakı abidəsinin alt hissəsində yerləşdirilib.

Bir müddət Qotvaldı “narahat” etməyiblər. Əksinə, onun adına həm Çexoslovakiyada və həm də Ukraynada (Zmiyev) şəhər adı verilib, ayrı-ayrı ölkələrdə Qotvaldın adını daşıyan küçə və prospektlər olub. Hətta 1989-cu ildə 100 kronluq əskinazların üzərində Qotvaldın portreti əks olunub.

chs1989100kron-1.jpg (169 KB)

Amma 1990-cı illərdə Çexoslovakiyada kommunist dövrü başa çatdıqdan sonra “Çexoslovakiyanın Stalini” adını qazanan Qotvaldın adı hər yerdən silinib, üzərində əksi olan əskinazlar dövriyyədən çıxarılıb, şəhərlərin, küçə və prospektlərin adı dəyişdirilib. Qotvaldın yandırılmış nəşinin külü də Vitkovdan çıxarılaraq Praqanın Olşanski qəbirstanlığına basdırılıb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR