İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada öldürülən qaradərili tələbə - Kreml cinayətin izini tapıb, qatilin özünü - yox

3135 14.09.2022 15:00 Yaxın tarix A A

1963-cü ilin dekabrın 18-də Moskva sakinləri şəhərin mərkəzində, Qırmızı meydanda “maraqlı” bir hadisənin şahidi olublar. Təxminən 500-dən artıq qaradərili gəncrin əllərində plakatlar meydana doğru addımlaması ətrafdakıların, o cümlədən Kreml mühafizəçilərinin diqqətini cəlb edib. “Afrikalıları öldürməyə son qoyun!”, “Moskva ikinci Alabamadır!”, “Biz hamımız eyni hüquqlara malikik!” kimi şüarlar məsələnin ciddi siyasi motiv daşıdığından xəbər verib. Moskvada bu cür etiraz aksiyasına sovet vətəndaşları ilk dəfə rast gəliblər. Adətən, belə səhnələri sovet adamları televiziyanın informasiya proqramlarının xarici xəbərlər blokundan seyr ediblər.

Şəhər milisi aksiya iştirakçılarının qarşısını kəsə bilməyib. Etirazçıların xarici vətəndaş olduqları nəzərə alaraq milis dəyənəklərini işə salmaqdan çəkinib. Qaradərililər meydanın mərkəzində xarici ölkələrin kütləvi informasiya vasitələrinin Moskvada akkreditə olunmuş jurnalistlərinə açıqlamalar verməyə başlayıblar. Kənardakı seyrçilərin sayı artdıqca Kreml seyrçilərinin narahatlığı da artıb.

нгш.jpg (231 KB)

Hadisə dərhal Nikita Xruşova məruzə edilib. Sovet liderinə məlumat verilib ki, etiraz edənlər Afrika ölkələrindən olan, SSRİ-də təhsil alan tələbələrdir. Həmin tələbələrdən biri, Qana vətəndaşı Assare Addo avqustun 13-də naməlum şəxslər tərəfindən Moskvada qətlə yetirilib və hadisədən beş gün keçməsinə baxmayaraq, cinayəti törədənlər tutulmayıb. Tələbələrin də etiraz aksiyası keçirməsi məhz bu hadisə ilə bağlıdır.

Xruşov əvvəlcə SSRİ ali və orta ixtisas təhsili naziri Vyaçeslav Elyutini təcili yanına çağırdırıb. O, nazirə işlər idarəsinin meydana açılan pəncərəsindən baş verənləri göstərib və qəzəbini gizlətməyib:
- Budur sizin gördüyünüz iş, ali məktəblərdə apardığınız ideoloji kurs, diqqətlə seyr edin, bunların nifrəti, SSRİ-yə qarşı səsləndirdikləri şüarlar faşistlərin kommunistlərə olan münasibətindən də sərtdir. Təşkilatçıları yanınıza dəvət edin, söhbət aparın. Bu meydan aksiya meydanı deyil...

Елютин.jpg (48 KB)

Sözsüz ki, bu məsələdə nazir Elyutinin heç bir günahı olmayıb. Onu da qeyd edək ki, SSRİ-də təhsil alan xarici tələbələrə, xüsusilə də SSRİ-nin siyasi baxımdan “lövbər” saldığı Afrika ölkələrindən olan tələbələrinə xüsusi diqqət göstərilib. Onlar yerli tələbələrdən fərqli olaraq daha böyük məbləğdə tələbə təqaüdü alıblar, yataqxana ilə təmin olunmaq məsələsində ilk növbədə onlara üstünlük verilib. O cümlədən ali təhsil ocaqlarında afrikalı tələbələrə digər xüsusi imtiyaz və güzəştlər də tətbiq edilib.

Elyutin təşkilatçıları nazirliyə dəvət edib. Nazir bu görüşdə yüksək həssaslıq nümayiş etdirib. O, əvvəlcə qanalı tələbənin ölümünə təəssüf etdiyini bildirib və təşkilatçılardan bir dəqiqəlik sükutla onun xatirəsini yad etməyi xahiş edib. Bu cür başlanğıc qaradərili gənclərin qəzəbinə su çiləyib. Daha sonra Elyutin hadisəyə aşağıdakı kimi münasibət bildirib:

- Biz çoxmilyonlu ölkəyik, ola bilər ki, bu milyonların arasında cinayətkarlar da var, soyğunçular da, qatillər də. Bu təbiidir. Amma bu heç də o demək deyil ki, onlar istədikləri cinayət əməlini törədəcəklər və cəzasız qalacaqlar. Hüquq-mühafizə orqanları bu cinayətin üstünü açacaqlar. Buna əmin ola bilərsiniz. Siz yaxşı bilirsiniz ki, bizim ölkəmizdə sizə qarşı xüsusi diqqət var, biz sizin problemlərinizi öz problemimiz kimi qəbul edirik və onların həllində bütün imkanlarımızdan istifadə olunur...

вап-1.jpg (209 KB)

Bu görüşdən sonra aksiya iştirakçıları meydanı tərk ediblər.

Maraqlıdır, bu hadisənin kökündə nə dayanıb, afrikalı tələbənin qətlə yetirlməsi kimin marağında olub?
Araşdırmalar bu sualların cavabını qismən aydınlaşdırıb. Qeyd edək ki, Qana vətəndaşı Assare Addo Moskvada deyil, Kalinində tibb institutunda təhsil alıb. Həmin ərəfədə onun Moskvaya gəlməsi üçün heç bir vacib amil olmayıb, nə təhsillə bağlı, nə də şəxsi işləri ilə. Tələbə dekabrın 13-də boyun nahiyəsindən aldığı zərbə nəticəsində dünyasını dəyişib. Yəni, Assare Addonin Moskvaya gəldiyi gündən 4 gün sonra. Araşdırmalar nəticəsində o da məlum olub ki, dekabrın 9-da SSRİ-nin digər şəhərlərində təhsil alan tələbələr də “kim”sə tərəfindən Moskvaya çağrılıb.

Buradan belə bir nəticə hasil olub ki, afrikalı tələbələr hələ Assare Addonun qətlindən əvvəl Moskvaya toplaşıblar. Onlar əvvəlcə Qananın Moskvadakı səfirliyində görüşüblər və oradan da Qırmızı meydanda nümayiş keçirməyə yollanıblar.

юбь.jpg (102 KB)

DTK-da insidentlə bağlı yaradılmış xüsusi komissiya aşkar edib ki, afrikalı tələbələrin Moskvaya çağrılmasını və nümayiş keçirilməsini qərbin xüsusi xidmət orqanları təşkil edib. Nümayişin tutarlı “səbəb”i üçün isə qanalı tələbənin qətlə yetrilməsi vacib sayılıb.

Bütün bu qaranlıq məsələlər Xruşova məruzə edilib. Xruşov Siyasi Büronun iclasında hadisəyə kəskin münasibət bildirib. Həmin iclasa SSRİ DTK-nın sədri Vladimir Semişastnını da dəvət edib:

uzn_15398501160.jpg (86 KB)

- Xarici kəşfiyyat Moskvanın mərkəzində, Qırmızı meydanda mina “basdırır”, biz isə hər gün onun ətrafından keçirik. Mən bu məsələdə onları yox, sizi, xüsusilə ideologiya katibi Mixail Suslovu və DTK sədri Semiçastnını günahkar sayıram. Yetər kabinetlərdə mürgüləməyiniz...

Bu hadisədən sonra DTK xarici tələbələrlə işi daha da gücləndirib, Mərkəzi Komitənin ideoloji aparatında isə əcnəbi tələbələr arasında ideoloji təbliğatla bağlı xüsusi proqram qəbul olunub.
Assare Addonun qatilini tapmaq isə mümkün olmayıb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR