İnsanlara hürriyət, millətlərə istiqlal!

“Moskvada imzalanan saziş Rusiyaya bölgəyə təsir etmək üçün əlavə alət qazandıracaq”- Politoloq  

681 31.05.2024 14:53 Dünya A A

“Əslində Rusiya müdafiə naziri bu açıqlama ilə NATO ölkələrini deyil, Cənubi Qafqaz ölkələrini xəbərdar edib”.

 Bu fikirləri “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinolğu bildirib: “Dünən Rusiya Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Azərbaycan əleyhinə açıqlamalar verdi, bu gün də Rusiyanın müdafiə naziri Andrey Belousov Azərbaycana və Ermənistana mesaj yolladı. Rusiyanın yeni müdafiə naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Müdafiə Nazirləri Şurasının Almatıda keçirilən iclasında deyib ki, NATO ölkələri Ermənistan və Azərbaycana həyasızcasına vasitəçilik xidmətləri təklif edirlər. “Sülh müqaviləsinin yalnız Qərb platformalarında və diktə əsasında imzalanması təklif edilir” deyən Belousov Vaşinqton və Brüsselin Cənubi Qafqazda möhkəmlənməyə çalışdıqlarını bildirib.

Əslində, Rusiya müdafiə naziri bu açıqlama ilə NATO ölkələrini deyil, Cənubi Qafqaz ölkələrini xəbərdar edib ki, Qərbdən uzaq dayanın. Kreml əvvəlki tək Cənubi Qafqazı arxa bağçası sayır və müstəqil dövlətlərin daxili işlərinə qarışmağa meyllidir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin Qərb ölkələrindən birində imzalanması Bakı və İrəvanın maraqlarına uyğun olmasa da, adıçəkilən sənədin Moskvada imzalanması da tərəflərin maraqlarına cavab vermir”,- deyə ekspert qeyd edib.

O, əlavə edib ki, Moskvada imzalanan saziş Rusiyaya bölgəyə təsir etmək üçün əlavə alət qazandıracaq: “Sülh və ya çərçivə sazişinin 3 məkandan birində imzalanmasına isə nə Rusiya, nə də Qərb etiraz edə biləcək. Sazişin Qazaxıstanda, Gürcüstanda və ya elə sərhəd məntəqəsində imzalanması hamının xeyrinədir”.

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR