İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva miqrantların göz yaşına inanmır - 15 min nəfər deportasiya edilib

1799 10.11.2023 18:36 Dünya A A

Noyabrın ilk günlərindən başlayaraq Moskvada əcnəbilərə Rusiya ərazisində qalma qaydaları xatırladılır və Rusiya Federasiyasının qanunlarının pozulmasının nəticələri barədə xəbərdarlıq edilir.

Rusiya mediası yazır ki, vəkillər, hüquq müdafiəçiləri və Moskva Regional Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Departamentinin nümayəndələri mütəmadi olaraq yaxın və uzaq xaricdən gələn miqrantlara məsləhətlər verir, onlara Rusiyada yaşamaq qaydalarını və əmək şəraitini izah edirlər. Belə görüşlər ildə bir neçə dəfə MC1 marşrutu üzrə “Lesoparkovaya” metro stansiyasından “Saxarovo” miqrasiya mərkəzinə və geriyə gedən müntəzəm avtobuslarda keçirilir. Bu marşrutda birtərəfli səyahət zamanı 1 saatdan çox çəkir və bir çox sərnişinlər üçün bu, vaxtını faydalı keçirmək və miqrasiya qaydaları ilə bağlı lazımi məsləhətlər almaq üçün yaxşı fürsətdir.

TiNAO-nun 15 saylı ictimai hüquq-mühafizə məntəqəsinin nümayəndəsi Alxan Tağıyev Rusiya Federasiyasında qalmaq üçün əsas qaydaları xatırladır: “Rusiyaya daxil olarkən rus dilini bilmək lazımdır. Rus dilini bilmək insana bütün lazımi sənədləri əldə etməyə və qeyri-qanuni mühacir olmamağa imkan verəcək. Qanunsuz mühacir kimdir? Qeyri-qanuni mühacir, dili bilmədən part-time iş axtarmaq üçün dostlarının yanına gedən, ətraf mühitdən tamamilə asılı olan və heç bir hüququ olmayan şəxsdir. Belə bir şəxs üçün müftə işlədilmək və ya fırıldaqçılarla qarşılaşmaq riski var. Onlara onuncu əldən keçən bir kağız parçası verəcəklər və asayiş keşikçiləri tərəfindən keçirilən ilk yoxlamada bu, yalnız problemlər yaradacaq. Çünki kağız parçasının saxta olması ehtimalı yüksəkdir. Bir insanın sərhədi qanunsuz keçməsi daha da pisdir. Belə olan halda o, Rusiyada, ümumiyyətlə, sənəd ala bilməyəcək, ilk yoxlanışdan sonra deportasiya olunacaq və 3 il ölkəyə girişinə qadağa qoyulacaq”.

Alxan Tağıyevin sözlərinə görə, Rusiya Federasiyasında olmağı leqallaşdırmaq və patent, yaşayış icazəsi və ya vətəndaşlıq almaq üçün miqrasiya qanunvericiliyinə riayət etmək lazımdır. O, sadə qaydaları təkrarlayır: “Bunun üçün adamın təmiz tərcümeyi-halı olmalıdır, yəni heç bir qanun-qayda pozuntusu yol vermiş olmamalıdır. Saxta qeydiyyat və ya qeyri-qanuni sərhədi keçmək bu tərcümeyi-halı korlayır”.

Qanun pozuntuları MDB ölkələrindən olan vətəndaşların hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən müntəzəm yoxlamalar zamanı, eləcə də genişmiqyaslı federal reydlər zamanı aşkar edilir. Bu il belə tədbirlər iki dəfə - yay və payız aylarında keçirilib. “Rusiyada keçirilən reydlər nəticəsində 96 min qanun pozucusu müəyyən edilib. Bunlardan 73 mini giriş qaydalarını, 22 mini əmək qanunvericiliyini pozub. 15 min nəfərin deportasiyası ilə bağlı qərar qəbul edilib”, - deyə Tağıyev statistikaya istinad edib.

O qeyd edib ki, mühacir vicdanlı və qanuna tabe olan biri olsa da, hansısa qaydaya məhəl qoymamış olsa, qanun normalarından kənara çıxsa, məsələn, sənədlərin qəbulunu gecikdirsə, onun qanun pozucusuna çevrilməsi və işə düşməsi çox asandır. İctimai fəal qeyd edir: “Yadda saxlamaq lazımdır ki, miqrant bilavasitə yaşadığı yerlərdə qeydiyyatdan keçməlidir və onların etibarlılıq müddəti başa çatdıqda sənədləri yeniləməlidir. “Bir çox miqrantlar şikayətlənirlər ki, onların bəzi sənədlərini qəbul etməkdən imtina edilir, lakin araşdırma zamanı məlum olur ki, onlar sadəcə olaraq sənədləri vaxtında yeniləməyiblər”, - Alxan Tağıyev deyib.

Miqrantlar özləri də bütün qaydalarla razılaşırlar, lakin inanırlar ki, onlara əməl etmək həmişə asan deyil. Tacikistan vətəndaşı Matlyuba “Nezavisimaya qazeta”ya deyib: “Evini miqrantlara icarəyə verən bir çox ev sahibləri qeydiyyatdan keçməkdən qorxurlar və ya qeydiyyatdan keçmək istəmirlər. Mən qohumlarımdan kömək istəməli oldum: onların Rusiyada vətəndaşlığı və daşınmaz əmlakı var və lazımi sənədləri ala bildik. Əks halda heç bir çətinlik yaşanmazdı”.

Matlyuba bildirib ki, patent almaq üçün o, VÖEN almalı, rus dili və mədəniyyətini bilməklə bağlı imtahanlardan keçməlidir. “Suallar sadə idi, məsələn, bayrağın rənglərinin mənası və ya dövlət bayramlarının tarixləri ilə bağlıydı. Anketdə cəmi 20 sual var və doldurmaq üçün 40 dəqiqə vaxt verilir. Müsabiqənin yekun sertifikatı üç il müddətində etibarlıdır”, - deyə o, öz təcrübəsini bölüşüb.

Layihə çərçivəsində əmək miqrantları Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan, Ukraynanın xüsusiyyətləri nəzərə alınmaqla yazılmış 200-dən çox suala cavab ala bilərlər.

Qeyd edək ki, Rusiyada miqrantlarla bağlı durum Ukrayna müharibəsi başlayandan bəri xeyli sərtləşib. Vətəndaşlığı, iş icazəsi olmayan miqrantları Rusiya vətəndaşı olmağa məcbur edirlər və onlar pasport alan kimi hərbi xidmətə cəlb edilirlər. “Yeni vətəndaşlar”ın hamısınə yaşından asılı olmayaraq Ukraynaya müharibəyə göndərirlər. Ona görə də hazırda bir çox əmək miqrantları ya öz ölkələrinə qayıdırlar, ya da Rusiyada başağrısız qalmağın başqa yolunu tapırlar. Rusiyada yaşayanların sözlərinə görə, həmin “başqa yol” miqrantların üstünə çox baha çıxır. Onlar qazandıqlarını hərbi komissarlıqlara, hüquq-mühafizə orqanlarının əməkdaşlarına verirlər.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR