İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva ilə yaxın müttəfiqi arasında diplomatik böhran

1013 14.07.2023 08:52 Siyasət A A

Körfəzdəki üç ada ilə bağlı iddiaya görə Rusiyanın Tehrandakı səfiri XİN-ə çağırılıb və izahat istənilib; neftlə zəngin ərazi uğrunda mübarizə qızışır

Rusiya - Körfəz Əməkdaşlıq Şurasının iclası olub. İclasdan sonra Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bəsrə körfəzində olan 3 adaya iddia etməsi İranda etirazla qarşılanıb. Çünki rəsmi Tehran adaların ona aid olduğunu bəyan edir.

“Yeni Müsavat” yazır ki, bu bəyanata etiraz olaraq da Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran XİN-ə çağırılıb. Tehran tələb edib ki, Rusiya sözügedən adaların İrana məxsus olduğunu bəyan etməlidir. Səfir Dedov da öz növbəsində İranın bu tələbini Moskvaya çatdıracağını bildirib. Qeyd etmək lazımdır ki, Moskvada keçirilən həmin iclasın yekunlarına dair Rusiya-BƏƏ ortaq bəyanatında Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi vurğulanıb. Ona görə də İran müttəfiqi Rusiyaya qəzəblənib.

Tehran hesab edir ki, bununla bağlı müzakirələrə ehtiyac yoxdur və adalar ona məxsusdur. Lakin Əbu-Dabi bunun əksini iddia edir. Həmin adalarda zəngin neft ehtiyatlarının olması səbəbindən indi iki ölkə arasında mübahisə getdikcə qızışır. Əbu-Dabi bildirir ki, 1971-ci ilədək Böyük Britaniyanın işğalı altında olan bu adalar həmin ildə BƏƏ-yə qaytarılıb. Lakin İran onları işğal edib və Əbu-Dabi bundan sonra Tehranı “işğalçı” adlandırıb. Bundan əvvəl də Çin-Körfəz Əməkdaşlığı Şurasının iclasında ərəb əmirliyi adalarla bağlı haqlı hesab etdiyi mövqeyini ortaya qoymuşdu və ardınca rus səfir kimi, çinli həmkarı da Tehranda XİN-ə çağırılmışdı. Nəzərə alsaq ki, Çin də İranla yaxşı əlaqələrə malikdir, Rusiya da. Lakin Körfəzdəki üç ada məsələsində Pekin və Moskva Tehranı açıq şəkildə dəstəkləmirlər. Bəs bu böhran dərinləşə bilərmi? Ukrayna cəbhəsində Rusiyanı “Şahid” dronları ilə dəstəkləyən İran Rusiyadan adalara görə tutduğu mövqe ilə bağlı üz döndərə, yaxud münasibətlərdə soyuqluq yarana bilərmi?

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

 Fuad Əliyev

Siyasi ekspert Fuad Əliyev bu məsələnin uzun müddətdir ki, davam etdiyini bildirir. Onun fikrincə, Rusiya adaların İrana aid olduğunu rəsmi şəkildə deməyib: “Əslində İran da Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edir, amma silahı rusa verir. Rusiya da Ərəb Əmirliyi ilə münasibətləri korlamaq istəmir. İran Milli Təhlükəsizlik Komissiyası açıq surətdə bəyan edib ki, Rusiya strateji səhvə və adaların işlərinə lazımsız müdaxiləyə görə İrandan üzr istəməlidir. Yəni bu dərəcədə ortalıqda siyasi-diplomatik krizis yaşanmaqdadır. Sadəcə, Körfəz və Şərq coğrafiyasında bu qalmaqal yaşanır. İranla Rusiya bizim regionla bağlı məsələlərdə, o cümlədən Suriya, Ukrayna münaqişələrində həmrəydirlər. Hər iki ölkə Əsəd rejimini müdafiə ediblər, Qərbə qarşı birgə addımlayırlar, Ermənistana münasibətdə ciddi fərqləri yoxdur, amma həmin adalar məsələsində anlaşa bilmirlər”.

Ekspert diplomatik böhranın əlaqələrin soyumasına gətirib çıxaracağını gözləmir: “Rusiya ərəb ölkələri ilə yaxşı əlaqələrə malikdir. Təkcə Birləşmiş Ərəb Əmirliyi deyil, Səudiyyə Ərəbistanı ilə də münasibətlər yolundadır. Ər-Riyad Vaşinqtonun müttəfiqi olsa da, Ukrayna müharibəsində koalisiyaya qoşulub Rusiya əleyhinə sanksiyalarda iştirak etmədilər. Ona görə də Moskva İranın ərəb dövlətləri ilə yola getmədiyini bilsə də, müttəfiqinə görə onlarla pis olmur. Eyni zamanda Rusiyaya Əbu-Dabi lazımdır. Bu ölkə ilə iqtisadi əlaqələr var”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR