İnsanlara hürriyət, millətlərə istiqlal!

Modul tipli xəstəxanalarla bağlı AÇIQLAMA

1214 20.12.2022 12:50 Səhiyyə A A

"Azərbaycanda COVID-19 virusunun müalicəsi məqsədi ilə inşa edilən və hazırda fəaliyyətsiz qalan modul tipli xəstəxanalar tibb müəssisələri kimi fəaliyyətini davam etdirəcək".

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib. Onun sözlərinə görə, TƏBİB bununla bağlı layihə hazırlayıb:

"Virus ölkədə yayılanda cənab Prezidentin tapşırığı ilə ölkədə modul tipli xəstəxanalar inşa olundu. Nəticədə ölkə üzrə çarpayı fondunda 2 minə yaxın artım müşahidə olundu. Hazırda cəmi bir müəssisə bu virusa yoluxan xəstələrin müalicəsi ilə məşğuldur. Artıq digər modul tipli xəstəxanalarla bağlı layihələrimiz hazırdır. Həmin müəssisələrin digər tibb müəssisələri kimi istifadəsi nəzərdə tutulur. Bu da səhiyyəmiz üçün faydalı bir layihə olacaq. Artıq yerlərdə vətəndaşlar daha yaxın tibb müəssisəsinə müraciət edəcək. Modul tipli xəstəxanaların təyinatı dəyişdiriləcək və adi tibb müəssisələri kimi xidmət göstərəcək".

İcraçı direktor əlavə edib ki, bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması üçün iş aparılır: "Bununla bağlı xaricdə təhsil almış Azərbaycan vətəndaşı olan həkimlərin ölkəyə geri qayıtması, Bakı və regionlarda əhaliyə tibbi xidmət göstərməsi üçün müvafiq addımlar atılıb".

Vüqar Qurbanov vurğulayıb ki, bu il Türkiyə və digər xarici ölkələrdə təhsil almış 60-a yaxın azərbaycanlı həkim artıq Azərbaycanda fəaliyyətə başlayıb: "Bu layihə növbəti illərdə də davam edəcək. Regionlarda fəaliyyət göstərən xəstəxanaların vəziyyəti qənaətbəxşdir. Onların yeni avadanlıqlarla təmin olunması davam edir. Kadr çatışmazlığını aradan qaldırmaq üçün də işlər görülür. Bir çox xidmətlər Bakı, Sumqayıt və Gəncədə cəmləşib. Məqsədimiz bu xidmətlərin regionlarda da təqdim edilməsidir".

İcraçı direktor bildirib ki, regionlarda kardioloji mərkəzlərin qurulması ilə bağlı layihə bitmək üzrədir: "Yalnız kardioloji deyil, damar problemləri ilə bağlı bölgələr üzrə də layihələr hazırlanıb. Bu xidmətlər əhalinin yaşadığı ərazilərə yaxın yerlərdə təqdim ediləcək".

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR