İnsanlara hürriyət, millətlərə istiqlal!

MİQ imtahanları ilə bağlı narazılıq səngimir

1296 19.07.2023 08:13 Təhsil A A

Valideynlər “imtahandan bal toplaya bilməyənlər uşaqlarımıza nə dərs deyəcək” sualı qarşısında...

Artıq bu il üçün təşkil edilən müəllimlərin işə qəbulunun (MİQ) imtahan mərhələsi bitib. Bu il test imtahanlarında 47 571 namizəd iştirak edib. Bununla belə, yenə də imtahanlarla bağlı namizədlər arasında narazılıq yaranıb. Onlar əsasən imtahan suallarının çətinliyindən və həcmindən, vaxtın azlığından şikayət ediblər. Ümumiyyətlə, bir neçə gündür ki, sosial şəbəkələrdə də MİQ imtahanları ilə bağlı müzakirələr səngimək bilmir.

Bir tərəfdən imtahandan kəsilən müəllimlər narazılıq edir, digər tərəfdən də bəziləri imtahandan keçməyənləri qınaq hədəfinə çevirib. “İmtahandan bal toplaya bilməyənlər uşaqlarımıza nə dərs deyəcək” deyə, həmin müəllimlərə qarşı çıxıblar. Valideynlər qeyd edir ki, MİQ imtahanlarının çətin olması şagirdlər üçün daha faydalıdır.

“MİQ imtahanı verən müəllimləri görürük. Sualları əzbərləyib imtahan verirlər, amma məktəbdə dərs deyə bilmirlər. Nə dərs metodikasını bilir, nə bilik səviyyələri yerindədir, nə də uşaqla davranmağı bacarırlar”, - deyə orta məktəbdə dərs deyən bəzi yaşlı müəllimlər də narazılıqlarını belə ifadə ediblər.

Kamran Əsədov nazirliyi biabır etdi: “Ailə münasibətləri zəminində...“ Yeni  Sabah

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirdi. O dedi ki, iyuldan etibarən orta məktəblərdə işləmək üçün müəllimlərin işə qəbulu üzrə imtahanlar keçirilir: “Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Amma bu il artıq 3 il ardıcıl olaraq imtahanların gedişindən narazılıq var. Narazılıqlar əsasən belədir: test tapşırıqlarının düzgün cavabları yazılandan sonra geri dönəndə dəyişdiyi görünür. Yəni kompüterdə idarəçi tərəfindən cavablara müdaxilə olunur.  İmtahan iştirakçısını oturduğu yerdən gəlib qaldırırlar ki, bu başqasının yeridir, amma buraxılış vərəqi yoxdur ki, kim harada oturmalıdır. Başqa şəxslər gəlib orada əyləşir. İmtahan zalında xüsusi kart və ya işarə ilə işarələnmiş yerlər var və ancaq orada nəzarətçilərin gətirdiyi şəxslər iştirak edir və onlar daha çox bal toplayır. İmtahanlarda istifadə olunan test tapşırıqlarının iki, üç cavabı olur və ya ümumiyyətlə, cavabı olmur. Bəs narazı insanları, haqları tapdanmış iştirakçıları necə razı salmaq olar? İştirakçıların yazdıqları test tapşırıqlarını onların şəxsi kabinetinə yükləmək. Səhv, heç bir testologiyaya sığmayan sualların cavabı iştirakçılara düzgün cavab kimi əlavə edilməlidir. Vakansiya seçimi üçün tətbiq olunan minimum keçid balı dəyişməli və ümumiyyətlə ləğv olunmalıdır. Onsuz da vakansiyanı seçən və ən yüksək bal toplayan şəxslər müsahibəyə dəvət olunur. İmtahanlar üzrə proqram, vəsait və ədəbiyyat siyahısı azı 6 ay əvvəl çap olunub iştirakçılara təqdim olunmalıdır. İmtahanlar kompüterlə yox, kağız üzərində olmalıdır və iştirakçılara imtahandan sonra sual kitabçası verilməlidir. İmtahandan sonra apelyasiya komissiyası yaradılmalı və şikayətlər dinlənməlidir.

Elm və Təhsil Nazirliyi tərəfindən də təsdiq olunur ki, imtahanların davam etdiyi müddət ərzində minlərlə sualdan istifadə edilib. Həmin suallardan 8 ədədi nöqsanlı olub. Təkrar salınan suallar da nöqsanlı qəbul olunub və bu da müəllimlərin balından silinib. Ümumilikdə bu prosesi müsbət qiymətləndirirəm".

“Etiraf etmək lazımdır ki, Elm və Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən başlayaraq keçirilən MİQ və DQ imtahan nəticələri pedaqoji mühitdə mənəvi, stimulverici məsələləri nizamlayan əsas göstərici oldu”, - deyə ekspert əlavə etdi: “Respublika üzrə müəllimlərin bilik və bacarıq səviyyəsi haqqında son illərdə olduğu kimi heç vaxt dəqiq və ətraflı məlumat əldə olunmamışdı. Belə deyək ki hamı hər kəsi tanıdı. Və heç vaxt da ixtisasını yüksək səviyyədə bilən müəllimlərin sayı indiki qədər çox olmayıb. Bunlar çox ümidverici, tarixi nailiyyətdir! Amma iş olan yerdə nöqsan da olar. Ona görə də ETN bu məsələdə diqqətli olmalıdır. Bu tipli məsələləri dəyirmi masada mütəxəssislərlə müzakirə etmək işin xeyrinə olardı. Növbəti illərdə belə halların baş verməməsi üçün ən azı imtahan proqramının və ədəbiyyat siyahısının olması labüddür. Təklif edirəm ki, testlər təkcə qapalı (cavabları variantlarla qeyd olunan) olmasın, eyni zamanda açıq tipli test tapşırıqlarından da istifadə olunsun ki, savadlı, bilikli və hazırlıqlı namizədlər uğur qazansın. Eyni zamanda hansısa bir narazılığa da operativ cavab vermək üçün qərargah olmalıdır və həmin gün hansı fənnin imtahanıdırsa, o ixtisas üzrə test müəllifləri orada əyləşməlidir. Məsəl var ki, dəmir döyülə-döyülə bərkiyər! Hər halda, müqəddəs bir iş üçün çəkilən əziyyət halal olar. Ona görə də növbəti ildən hər kəs buraxılış vərəqi ilə öncədən müəyyənləşmiş yerdə gedib oturub imtahan versə, əlavə söz-söhbət də olmaz”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR