İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyonçu kommunist – o, Leninlə dost olub, Stalinlə görüşə bilməyib, Brejnevə rüşvət verib

5451 05.04.2022 15:05 Yaxın tarix A A

SSRİ kapitalistləri özünə düşmən elan etməsinə baxmayaraq, sovet liderlərinin kapitalistlərlə dostluğu da az olmayıb. Onlardan biri də ABŞ vətəndaşı Armand Hammer olub ki, Kreml onu hətta “Xalqlar dostluğu” ordeni ilə də təltif edib.

Armand Hammer 1898-ci ildə Nyu-Yorkda yəhudi ailəsində anadan olub. Onun valideynləri Amerikaya Odessadan köçüblər. Atası Nyu-Yorkda bir neçə aptekin sahib olub, eyni zamanda həkim-ginekoloq kimi də fəaliyyət göstərib. Armand Hammer də orta təhsilini başa vurduqdan sonra atasının yolunu davam etdirib, tibb kollecində təhsil alıb. Amma elə ilk həkimlik fəaliyyətində o, böyük bir problemlə üzləşib. Onun ilk pasiyentlərindən biri abort nəticəsində həyatını itirib. Hammerin atası bu səhvi öz üzərinə götürərək oğlunun əvəzinə 10 il dəmir barmaqlıqlar arasında cəza çəkib.

photo.jpg (100 KB)

Atası həbsxanaya düşdükdən sonra Armand Hammer tibb sahəsində əsas fəaliyyətini əczaçılığa yönəldib. Amerikada alkoqollu içkilərə məhdidiyyət qoyulanda o, “müalicə” məqsədilə zəncəfildən spirt hazırlamağa başlayıb. Bu “məhsul”a qısa müddətdə böyük tələbat yaranıb. Təbii ki, müalicə məqsədi üçün yox, alkoqol kimi istifadə etmək üçün. Artıq bir il ərzində Hammer bu biznesdən 1 milyon dollara yaxın pul qazanıb.

Hammer Amerikada fəaliyyət göstərən Kommunist Partiyasının fəal üzvlərindən biri olub. O, öz şəxsi vəsaitindən partiyanın fəaliyyəti üçün kifayət qədər böyük pullar sərf edib. Hammerin bu səxavəti ona SSRİ-nin qapılarını açmağa imkan yaradıb.

scale_2400.jpg (79 KB)

1921-ci ildə Hammer ABŞ kommunistlərinin nümayəndəsi kimi Moskvaya səfər edib. Səfər zamanı o, Leninlə görüşməyə nail olub. Proletarların rəhbəri ilə dil tapmağı bacaran amerikalı kapitalistə Leininin göstərişi ilə Moskvada iş görmək, ticarət əlaqələri yaratmaq üçün lazımi şərait yaradılıb. Lenin öz imzası ilə şəklini də ona hədiyyə edib. Bu şərait Hammerin var-dövlətini birə-beş artırıb. Məhz onun vasitəsi ilə ABŞ-dan SSRİ-yə taxıl, əvəzində isə SSRİ-dən Amerikaya xəz və qara kürü daşınıb.

1930-cu ilə qədər Moskvada yaşayan Hammer bu illər ərzində milyonlara sahib olaraq Amerikaya qayıdıb. Onu öz ölkəsində çox da gülərüzlə qarşılamayıblar. Federal Təhqiqat Bürosu “Kremlin agenti” kimi onun haqqında cinayət işi qaldırıb. Lakin heç bir dəlil və sübut olmadığından Hammer sərbəst buraxılıb.

hammer.jpg (51 KB)

Hammer Amerikanın iri şirkətlərinin rəhbərləri arasında böyük nüfuza sahib olub. İş adamları onunla yaxınlıq etməyə can atıblar. Belə ki, şirkətlər öz məhsullarını nəhəng bazar saydıqları SSRİ-də satdırmaq üçün Hammeri ən yaxşı vasitəçi sayıblar. Armand Hammer bu vasitəçilikdən də öz işindən əlavə milyonlar qazanıb.

Hammer II dünya müharibəsindən sonra yenidən SSRİ-də iş qurmağa cəhd edib. Bütün mümkün əlaqələrdən istifadə etsə də, o, Stalinlə görüşmək arzusuna nail ola bilməyib. Stalin amerikalı kapitalisti qəbul etməkdən birmənalı şəkildə imtina edib. Buna baxmayaraq, Hammer SSRİ-də pul qazanmaq iddiasından əl çəkməyib. Stalinin vəfatından sonra Hammer Xruşovla görüşüb. Onlar Amerikadan SSRİ-yə gübrə gətirilməsi üçün razılığa gəliblər. Xruşov bu razılıqdan sonra Hammerə Moskvanın mərkəzində mənzil hədiyyə edib.

Amerikalı biznesmeni Xruşovla olan işbirliyi çox da qane etməyib. O, SSRİ-də fəaliyyətini daha da genişləndirmək istəyib. Bu istəyinə isə yalnız Brejnevin hakimiyyəti illərində nail olub.

hammer-15.jpg (115 KB)

Brejnev hakimiyyətə gələndə Hammer onunla görüşmək üçün yollar axtarıb. Bu işdə ona Yekaterina Furtseva yardımçı olub. Moskvadakı köhnə tanışları Hammeri mədəniyyət naziri ilə tanış ediblər.

Amerikalı iş adamı Brejnevlə görüşmək arzusunu ona bildirəndə, Furtseva bu işə razılıq verib. Hammer Brejnevin hədiyyə hərisliyi haqqında da məlumatlı olub. O, Furtsevaya bildirib ki, ilk görüşdə Brejnevi olduqca qiymətli olan bir rəsm əsəri ilə “sevindirəcək”. Bəzi versiyalara görə, həmin əsərin qiyməti 750 min dollar olub. Nazirlə biznesmen hədiyyə məsələsində də anlaşıblar. Amma Furtseva amerikalı biznesmendən öz mükafatını da istəyib. Bəzi mənbələrə görə, mədəniyyət naziri bu mükafatı 100 min dollar həcmində müəyyənləşdirib və Hammer həmin məbləği ona verib.

Baş katiblə Hammerin görüşü nəzərdə tutulduğundan da yüksək səviyyədə keçib. Brejnevlə amerikalı kapitalistin arasında dostluq münasibətləri yaranıb. Hammer SSRİ ilə ABŞ arasında mal mübadiləsinin, ticarət əlaqələrinin yaradılmasında əsas fiqurlardan biri olub. 1971-ci ildə o, 200 milyon dollarlıq kreditlə bağlı danışıqlar aparıb və SSRİ-də gübrə zavodunun tikintisinə də nail olub. Bu xidmətlərinə görə kapitalist ölkəsinin vətəndaşı sosialist ölkəsinin ən ali mükafatlarından biri olan “Xalqlar dostluğu” ordeni ilə təltif olunub.

hammer-3.jpg (68 KB)

Brejnevin vəfatından sonra Hammerin SSRİ-də at oynatmasını tam məhdudlaşdırıblar. Andropov onu özünə yaxın buraxmayıb. Bu isə səbəbsiz olmayıb. Belə ki, DTK-nın araşdırmasına görə, Hammerin Brejnevə verdiyi, 750 min dollar qiyməti olduğu deyilən rəsm əsərinin əsl qiyməti cəmi 60 dollar olub. Hammer həmin əsərə heç 60 dollar da ödəməyib. Həmin əsəri Amerika kolleclərinin birində görüş keçirəndə biznesmenə tələbələr hədiyyə edib.

Hammer sonuncu dəfə SSRİ-yə 1987-ci ildə səfər edib. Bu səfərdə onun məqsədi vaxtilə milyonlar qazandığı SSRİ-ni gəzmək olub. Həmin səfərdə Hammer SSRİ-nin dostu kimi Qorbaçov və Şevardnadze ilə də görüşüb.

7734e64c2fce2d.png (519 KB)

Həyatda istədiklərinin, demək olar ki, hamısına nail ola bilən kommunistlərin kapitalist dostu Armand Hammer 1990-cı ildə, 92 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR