İnsanlara hürriyət, millətlərə istiqlal!

Milis nazirinin oğlunu nokaut edən boksçu – Bu olay Korotayevin qısa həyatını qaraldıb

3441 15.02.2023 12:50 Yaxın tarix A A

Gənc yaşlarından onun şöhrəti bütün dünyanı dolaşıb. Boks üzrə beşqat SSRİ çempionu, dünya çempionatının gümüş, Avropa çempionatının bürünc mükafatçısı, beynəlxalq dərəcəli idman ustası Oleq Korotayev rinqdəki əzmkarlığı və qazandığı şöhrətlə milyonların sevimlisinə çevrilib. Keçirdiyi 196 döyüşdə sovet boksçusu 187 dəfə qələbə qazanıb. Bu döyüşlərin 160-ını Korotayev çox da uzatmadan nokautla yekunlaşdırıb.

Çoxmilyonlu pərəştişkarları ilə yanaşı Korotayevə SSRİ-nin yüksək ranqlı dövlət məmurları da azarkeşlik ediblər, ölkənin idman şərəfini yüksəklərə qaldırdığına görə ona lazımi şərait yaradıblar.
Xarici ölkələrdə də Korotayev böyük populyarlıq qazanıb. Onu “rus tankı” adlandırıblar. Kubada keçirilən turnirdə Fidel Kastro şəxsən içtirak edərək oyunun sonunda sovet boksçusuna milli döyüş alətləri hədiyyə edib. ABŞ-da isə Korotayevə Amerikaya köçmək təklif edilib və bunun müqabilində ona milyon dolların verilməsi vəd edilib. Korotayev bu təklifə belə cavab verib: “Mən 250 milyonluq həmvətənlərimi bir milyon dollara dəyişə bilmərəm...”

tass-22551079093251.jpg (78 KB)

Uğurlarının pik həddində Korotayevin həyatı xoşagəlməz bir məcraya yönəlib. Hər şey adi bir hadisədən, kiçik bir insidentdən başlayıb. Maddi durumu kifayət qədər yaxşı olan Korotayev tez-tez Moskvanın elit restonlarında əylənib. O, 1977-ci ildə “Rus” restoranında vaxtını keçirində qonşu masada əyləşənlərin səs-küyü boksçunu narahat edib. Korotayev çox sakit bir tərzdə onlardan səs tonlarını bir az aşağı salmalarını xahiş edib. Bu xəbərdarlığa heç kim məhəl qoymayıb. İkinci xəbərdarlığı edəndə həmin masada əyləşənlərdən biri masanın üstündəki qrafini götürərək ona hücum etmək istəyib. Korotayev bir zərbə ilə onu nokauta salıb. Yerə sərilən gənc isə Moskvanın “qızıl oğlanları”ndan biri, SSRİ daxili işlər naziri Nikolay Şelokovun komsomol orqanlarında işləyən oğlu İqor Şelokov olub.
Korotayev heç nə olmamış kimi restoranı tərk edib. İqor Şelokov isə aldığı zərbədən xəstəxanaya yerləşdirilib. Səhərisi gün Korotayev öz mənzilində həbs edilib. Yəqin ki, Leonid Brejnevin ən yaxın adamlarından biri, ordu generalı rütbəsinin daşıyan nazirin oğluna əl qaldıranı hansı aqibət gözlədiyini təsəvvür etmək çətin deyil.

tragicheskaja-istorija-boksjora-olega-korotaeva_1602609407929769299.jpg (91 KB)

Şelokov Korotayev haqqında qaldırılan cinayət işində və başlayacaq istintaqda oğlunun adının hallanmasını istəməyib. Korotayevə cinayət işi onun Moskvada Almaniya vətəndaşını döyməsi ilə bağlı açılıb. Boksçunun evində axtarış aparılıb. Mənzildə tapılan narkotik vasitə, daha doğrusu, mənzilə atılan narkotik vasitə və Fidel Kastronun ona bağışladığı döyüş alətləri Korotayevin cinayət işini daha da “zənginləşdirib”. Belə ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəyə buraxılması və soyuq silah saxlaması maddələri ilə də ittiham olunub.

Sözsüz ki, Şelokov Korotayevi daha uzun müddətdə azadlıqdan təcrid etmək istəyib. Amma boksçunun məmur pərəstişkarları buna imkan verməyiblər. Bəzi versiyalara görə DTK sədri Yuri Andropov məsələyə müdaxilə edib və müdaxilələrdən sonra məhkəmənin hökmü ilə Korotayev 5 il azadlıqdan məhrum edilib.

Korotaev.jpg (79 KB)

Cəzasını çəkdikdən sonra azadlığa çıxan boksçu bir daha idmana qayıtmayıb. Keşmiş həmkarları, hətta İdman Komitəsindən ona məşqçi kimi fəaliyyətini davam etdirmək təklifi gəlsə də o, bütün bu təkliflərdən imtina edib.

Korotayev ona qarşı edilən haqsızlıqla barışa bilməyib. Elə bu küskünlük də onu krimanal aləmə cəlb edib. Boksçunun “qanuni oğru”larla yaxın münasibətləri yaranıb. Bu münasibətlər də ona xoşbəxt həyat vəd etməyib. 1983-cü ildə Korotayev bədənə ağır xəsarət yetirmə maddəsi ilə yenidən dəmir barmaqlıqlar arasına düşüb.

Həbsxanadan çıxdıqdan sonra Korotayev yenidən kriminal aləmdə fəallığını davam etdirib. Qruplaşmalar arasında o, böyük təhlükələrlə üzləşib. Dəfələrlə onu ölümlə hədələyiblər. Təhdid və təzyiqlərdən uzaqlaşmaq üçün Korotayev 1992-ci ildə turist şirkətinin nümayəndəsi kimi Amerikaya köçüb.

Amerikada turizm işi ilə məşğul olan boksçunun işləri heç də pis getməyib. Hətta o, xeyriyyəçiliklə də məşğul olub. Korotayev tanınmış rus boksçusu Sergey Artyomovun müalicə və əməliyyatı üçün 50 min dollar ianə edib.

6054307.jpg (127 KB)

Korotayev Amerikada “qaranlıq” işlərindən əl çəksə də, okeanın o tayında da onu sakit buraxmayıblar. 1994-cü ildə o, Nyu-Yorkda güllələnib. Qatillərin və sifariçinin kim olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Bəzi versiyalara görə boksçu “rus mafiyası” tərəfindən qətlə yetirilib.

Korotayevin nəşi Amerikadan Moskvaya gətirilib. 44 yaşlı boksçu Moskvanın Vaqankovo qəbirstanlığının girişində dəfn edilib. Dəfn mərasimində izdiham yaşanıb. Korotayevi son mənzilə yola salanların arasında dövlət məmurları, idman xadimləri ilə yanaşı çoxsaylı “qanuni oğru”lar da olub.

korotaev1.jpg (146 KB)

Qeyd edək ki, Oleq Korotayev 1944-cü ildə Sverdlovskda anadan olub. O, 12 yaşından boksla məşğul olmağa başlayıb. Orta məktəbi bitirdikdən sonra Korotayev Rusiya Dövlət Bədən tərbiyəsi və İdman İnstitutunda ali təhsil alıb. Yüksək göstəricilərinə görə institutu bitirdikdən sonra onu Moskvada saxlayıblar. Korotayev idman karyerasına “Burevestnik” cəmiyyətində başlayıb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR