İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroyla gedən sabiq baş nazir də qınanılır, “Maybax” sürən də... - Haqsızlığın piki

6527 15.05.2022 09:50 Yazarlar A A

Vitrindəki və mətnin ortasındakı şəkildə gördüyünüz adamları birləşdirən çox şey yoxdur. Hərəsi bir ölkənin siyasi xadimidir, ikisi prezident postu tutub, biri baş nazir olub.

Xose Muxika 2010-2015-ci illərdə Uruqvayda prezident vəzifəsində çalışıb. Mahmud Əhmədinejad 2005-2013-cü illərdə İranda prezident postu tutub. Pənah Hüseyn isə 1992-93-cü illərdə əvvəlcə dövlət katibi, sonra isə baş nazir vəzifələrində işləyib, 2005-2010-cu illərdə parlamentin üzvü olub.

Onları birləşdirən yeganə cəhət sadəlikləri, xalqdan biri olmaları, zümrə dəyişməmələri və dürüstlükləridir. Bu, onların barəsində bəlli olan faktlardan da, bu mətndə verilən və verilməyən şəkillərindən də aydındır.

Buradakı şəkildə Muxika öz həyətində təsərrüfat işləri ilə məşğuldur, Pənah Hüseyn ictimai nəqliyyatda (metro) ayaq üstdə yol gedir, Əhmədinejad isə öz ata yurdunda qoyun otarır.

60069104-768x401.png (694 KB)

Xose Muxika tək öz ölkəsində yox, bütün dünyada dürüstlüyün, kristallığın etalonu sayılır. Ondan başqa da yüksək vəzifədə işləyəndə əlini təmiz saxlayan liderlər, şübhəsiz ki, olub, amma Muxikanın təmizliyinə heç kəsin şübhəsi yoxdur.

Mahmud Əhmədinejad İran kimi qəliz, təlatümlü Şərq ölkəsində 8 il boyunca yüksək dövlət vəzifəsində işləyib, vəzifədən çıxdıqdan sonra ona qarşı heç bir ciddi korrupsiya ittihamı irəli sürülməyib və bu şəxs öz sadə həyat tərzi ilə özündən əvvəlkilərdən də, sonrakılardan da seçilir.

3411.JPG (67 KB)

Pənah Hüseyn isə bizimkidir və 34 ildir gözümüzün qarşısındadır. Paytaxt sakinləri onu həmişə parkda, küçədə, ictimai nəqliyyatda görürlər. O, hətta deputat olanda da piyada gəzirdi.

Azərbaycanda Pənah Hüseyn qədər haqqında mənfi səciyyəli şayiə yayılan, tənqidi fikirlər səslənən heç kəs yoxdur: “Kiprdə villası var”, “Atasının həyətindəki ot tayasında yağın içində avtomobil gizlədib”, “Ucarda tapılan qızıl sikkələri mənimsəyib”, “hökumət ona lüks avtomobil bağışlayıb”, “deputatlara ev paylananda o da mənzil alıb” və sair və ilaxır. Hamısı əfsanə.

Bunların içində yalnız sonuncu iddia həqiqətə bir az yaxındır. Gerçəkdən də hökumət Pənah Hüseynə mənzil təklif edib, amma o, həmin mənzildən imtina edib.

279965300_978696572834825_8972519507892587169_n.jpg (45 KB)

Amma nə görürük? Dünən Pənah Hüseynin metroda ayaq üstdə yol getdiyini əks etdirən şəkli bir neçə adam sosial şəbəkədə paylaşıb, bir xeyli adam tanımaza-bilməzə həmin şəklin altına artıq-əskik şərhlər yazırlar. Adamı qınayırlar, pisləyirlər, hətta təhqir edirlər. Niyə? Nəyə görə?

Elələri var ki, Nemət Pənahlı ilə səhv salır, ağzının qatığını dağıdır. Eləsi var, köhnə palan içi tökür, “1993-də hakimiyyədə olanda...” yazır. Başqası hakimiyyəti Surət Hüseynova verməkdə qınayır və s.

Rəyləri ümumiləşdirsək, ürəkaçan qənaət hasil olmur.

Elçibəyin dövründə yüksək vəzifədə olan bir xeyli adamın taleyi belə gətirib. Onların bir neçəsi ilə söhbətimizdə belə ifadələr olurdu: “O vaxt mənə çamadanlarla pul gətirirdilər...”.

Söhbətin “amma” yeri var, cümlənin mabədi badətən elə gəlirdi: “...amma götürmürdüm, deyirdim, aparın köçürün müdafiə fonduna, cəbhəyə tank alın göndərin”.

Onlar yalan demirdilər, çünki açıq gözlə də görünürdü ki, 1 il boyunca yüksək dövlət vəzifəsində işləyən adamın nə maşını var, nə düz-əməlli ev-eşiyi, nə də cibində pulu.

Onların dürüstlüyü haqqında hansısa audtoriyada söhbət düşəndə bir xeyli adam deyilənlərə inanmırdı, inananlar isə deyirdilər: “Ağılları olmayıb”, “əfəl olublar”, “bəlkə də bir az çox işləsələr, onlar da pul yığacaqdı”, “fanatik olublar” və s.

O kadrların dürüstlüyünə inanmayanlar da, inananlar da onların yerində olsaydılar, vəzifəyə təyin olunmalarının həftəsi tamam olmamış özlərini hər şeylə təmin edərdilər. Çünki düşüncələri budur. Bunun bariz sübutunu sonrakı illərdə yüz dəfələrlə gördük, görürük, hələ görəcəyik də.

555.jpg (34 KB)

İndi necə olsun? Vəzifədə olanda dövlətin büdcəsini, xalqın cibini soyan, övladlarını dünyanın ən bahalı universitetlərində oxutduran, hərəsinə xarici ölkələrdə və öz ölkəmizdə qoşa-qoşa imarətlər alan, yüksək vəzifələrə yerləşdirən, lüks avtomobillərdən ibarət qaraj düzəltdirən, yaxta tikdirən, şəxsi təyyarə sahibi olan korrupsionerləri də qınayaq, tənqid edək, ictimai nəqliyyatda gəzən sabiq baş naziri də? Heç fərq yoxdurmu?

Pənah Hüseyn əqidəsi yolunda, mübarizliyi üzündən iki dəfə həbsxanada yatıb, ona qarşı irəli sürülən ittihamların heç biri sübut olunmayıb. Ancaq korrupsiya maxinasiyaları ilə ölkəni yaman günə qoyan korrupsionerlər arın-arxayın gəzirlər.

Belə görünür ki, ikisi də birdir: bu xalqla dürüst olanda da söyülürsən, ölkəni tar-mar edəndə də. Heç bir fərq qoyulmur. Elədirsə, niyə kimsə dürüst olsun? Adamlar həm maddi sıxıntı çəkəcək, həm də tənqidlərdən, qınaqlardan dolayı mənəvi və psixoloji sarsıntıyla üzləşəcəklərsə, heç vaxt “yaxşı adam”, “gözütox məmur” olmaq istəməyəcəklər.

777.jpg (104 KB)

Belə olanda bir əli yağda, bir əli balda olan, ərəb şeyxlərinin həsəd aparacağı komforta malik saraylarda yaşayanlardan olmaq daha cazibədar görünəcək. Belələri heç ictimai tənqidi də veclərinə almırlar, öz dünyaları var və ondan kənardakı hər cür səs-səmir onlara arı vızıltısı kimi görünür.

Bu, deqradasiya əlamətidir. Vəzifə başında olan heç kəs vətən, millət, el qayğısı çəkmirsə, yalnız özünün, ailəsinin, qohumlarının təminatını düşünürsə, bu işlərin axırı yaxşı olmayacaq. Dövləti, xalqı yalnız xalqın malına kəm baxmayan, ictimai nəqliyyatda gəzən, öz halal qazancına qane olan, sadə həyat tərzi sürən idealistlər güclü edə bilər, hərəsi bir tərəfdən sümürənlər, dartıb-dağıdanlar yox.

İdealistlərin, fədakarların, cəfakeşlərin qədrini bilin. Onlara lağ eləməyin, üstdən aşağı baxmayın. Bəd ayaqda sinəsini qabağa verən, oğullarını düşmən gülləsinin qabağına göndərən yenə onlar olacaq. Pənah Hüseyn göndərmişdi. “Maybax”, “Lombargini”də gəzənlər də göndərmişdimi? Budur məsələ...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR