İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhurlar Məhsəti Gəncəvi qalmaqalına görə ayağa qalxdı: “Bu, sadəcə dəhşətdir!”

2838 06.12.2025 17:07 Gündəm A A

“Məhsəti” filmi ətrafında qalmaqal böyüyür.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Bədii Şura filmin Bakı Beynəlxalq Film Festivalında nümayişinə rəsmi şəkildə qadağa qoyub. Qərar kəskin, sərt və birmənalı şəkildə verilib. Rəsmi açıqlamada bildirilir ki, film Məhsəti Gəncəvi kimi dünya şöhrətli bir şairəni aşağılayıcı, pejorativ, əxlaqsız qadın obrazında təqdim edir və bu, tarixi şəxsiyyətin heysiyyətinə açıq hörmətsizlikdir.

İctimaiyyət bu məsələdə çox kəskin mövqedədir, əksəriyyət tarixi bir şəxsiyyətin belə şəkildə təhrifini qəbulolunmaz hesab edir, bunu “ədəbiyyata qarşı qaralama kampaniyası” və “qara piar cəhdi” kimi qiymətləndirir.

Məlum olduğu kimi, filmin müəllifi Suad Qarayeva keçmiş mədəniyyət naziri Əbülfəz Qarayevin qızıdır. Bu fakt ictimai narazılığı daha da artırıb və bir çoxları tərəfindən “mədəniyyət irsinin təhrifinin himayədarlıqla ört-basdır edilməsi cəhdi” kimi təqdim olunub.

EBUL.jpg (75 KB)

İnsanlar sual edir ki, “Məhsəti Gəncəvi kimi bir şəxsiyyət niyə belə təhqiredici şəkildə təqdim olunmalıdır?” "Bu filmin arxasında hansı ideya dayanır?” “Niyə məhz indi belə bir obraz yaradılıb?”

Qeyd edək ki, film bu ilin müxtəlif beynəlxalq festivallarında nümayiş olunub və xarici auditoriyaya təqdim edilib.

Filmdə Məhsəti Gəncəvi rolunu canlandıran aktrisa Fərqanə Abdulla yaranmış tənqidlərə belə cavab verib:

“Məhsəti Gəncəvi də özünü axtaran, yaradan, azad yaşamaq istəyən qadın idi. O, rəqs etmək, əylənmək, sevmək, sərxoş olmaq, yaratmaq istəyirdi, hər bir insan kimi”.

Bu açıqlama qalmaqalı daha da genişləndirib.

Bəs Azərbaycanın tanınmış simaları, məşhurlar bu qalmaqalla bağlı necə düşünür?

RASİM.jpg (55 KB)

Xalq artisti, aktyor Rasim Balayev məsələ ilə bağlı Musavat.com-a danışıb.

O, Məhsəti Gəncəvinin bu cür obrazda təqdim edilməsindən dəhşətə gəldiyini deyib:

“Sözün doğrusu, həmin filmə baxmamışam, ona görə də ağıllı bir fikir söyləmək olmur. Amma bir Azərbaycan qadınını bu cür təqdim etmək qətiyyən yolverilməzdir. Hətta tutaq ki, hansısa çatışmazlıqları varsa belə, onlara göz yumub, normal qadın obrazı yaratmaq lazımdır. Məişətdə hər cür çatışmazlıqlar ola bilər, amma onların hamısını filmə gətirmək lazım deyil.

Bizim qəhrəman qadınlarımız çox olub. Məsələn, Tomris, Həcər və sairə. Amma onların çatışmayan cəhətlərini qabartmaqla özümüzü güldürmüş oluruq. Nəsə qəribə bir zamana gəlib çıxmışıq. Üstəlik, Məhsəti Gəncəvi haqqında çəkilmiş həmin film beynəlxalq film festivallarında göstərilib və Azərbaycan qadını o cür təqdim olunub. Bu, sadəcə dəhşətdir!”

TENZİLE.jpg (272 KB)

Millət vəkili Tənzilə Rüstəmxanlı isə qeyd edib ki, filmi maliyyələşdirən qurumlar bu məsələyə görə cavab verməlidir:

“Çox təəssüf edirəm. Məhsətinin yaşadığı dövr bizim yaxın tariximiz deyil, uzaq tariximizdir. Uzaq tarixin səhifələrində öz yerini tapmış, möhtəşəm bir şairə və ədəbi mühitin önəmli simasıdır. Hələ ki, bu qadın nümayəndəmizdir. Onun haqqında film çəkiləndə ilk növbədə milli və mənəvi dəyərlər nəzərə alınmalı idi. O dövr üçün cəsarətli bir qadın olub, qadın şeir gecələri təşkil edirmiş. Bütün bunlar bir yana qalsın, onun əxlaqı müzakirə mövzusu ola bilməz; filmdə buna yol verilməməli idi.

Təəssüf ki, bu millət həmişə tarixin ən gözəl səhifələrində adı çəkilən istedadlı insanlara bu günün pəncərəsindən baxır və müzakirə mövzusuna çevirir. Amma düşünmürlər ki, bu insanlar millətin dəyərinə çevrilib.

Hətta belə olsa da, sənin haqqın yoxdur ki, onu aşağılayacaq formada film çəkəsən. Kaş ki, belə bir filmi milli şüuru olan biri çəkəydi. Məhsətini milli şüuru olmayan biri anlaya bilməz. Kaş ki, onu çəkən xanım özünə yaxşı bir ədəbiyyatçı, tarixçi və məsləhətçi götürəydi.

Türkiyədə tarixi filmlər çəkiləndə tarix danışmanı götürülür. Ədəbiyyat haqda danışılırsa, ədəbiyyatı bilən biri çağırılmalıdır.

Daha bir məsələ, əgər dövlət səviyyəsində bu filmin yayımlanmasına qadağa qoyulursa, bu, ayrıca bir qalmaqal yaradacaq. Bu, dünya aləmində belə görünəcək: Azərbaycanda çəkilən filmlərə belə qadağa qoyurlar. Bu, Azərbaycanın imicinə ciddi zərər vurur. Bu filmi kim maliyyələşdirib? Mədəniyyət Nazirliyi maliyyələşdirib? Necə olub ki, belə bir filmin ərsəyə gəlməsindən aidiyyəti qurumların xəbəri olmayıb? Kim bunlara o haqqı verib?

Hər halda, bu film göydən düşməyib. Bu film ilə bağlı aidiyyəti qurumlar sorğuya çağırılmalıdır. Niyə belə bir film çəkilib və Azərbaycanın imicinə zərər verəcək qalmaqala imza atılıb, ciddi şəkildə araşdırma aparılmalıdır. Əmin olun ki, sabah Avropada və digər yerlərdə bu, böyük qalmaqala çevriləcək.

Millətimizin tarixi şəxsiyyətlərinə zərər vuranlara qadağa qoyulmalı və ciddi şəkildə araşdırılmalıdır. Orxan Pamuk “Biz bir milyona yaxın erməniyə qarşı soyqırımı etdik” dediyinə görə Nobel mükafatı aldı. Həmin xanımın atası mədəniyyətimizin naziri olub. Yəqin ki, atasının köhnə əlaqələri vasitəsilə, məqsədli şəkildə qalmaqal yaradaraq bundan hansısa mənafeyi üçün istifadə etməyi düşünüb”.

fariz.jpg (28 KB)

Rejissor, prodüser Fariz Əhmədov isə Musavat.com-a açıqlamasında adı çəkilən filmi izlədiyini və filmin qətiyyən Məhsəti Gəncəviyə aidiyyəti olmadığını deyib:

“Filmi münsiflər heyətinin üzvü kimi izlədiyim üçün bu baxımdan filmlə bağlı indiki halda fikir bildirməyim doğru olmaz. Lakin onu tam əminliklə deyə bilərəm ki, bu filmin, aşağı-yuxarı götürdükdə, Məhsəti Gəncəviyə demək olar ki, heç bir aidiyyəti yoxdur. Yalnız filmdə səslənən bir-iki qəzəlini çıxmaq şərti ilə”.

SEAD.jpg (69 KB)

Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva bildirib ki, Məhsəti Gəncəvi hər zaman ətrafında mübahisə olan ədəbi bir şəxsiyyətdir:

“Əslində onun milli və coğrafi mənsubiyyəti ərtafındakı mübahisələr şairəni mənimsəmək istəyindən qaynaqlanır. İran və Tacikistan alimlərinin şairə ilə bağlı iddiaları onun çağının istedadlı şairəsi olmasından irəli gəlir və bizim bir çox klassik şairlərimiz kimi Məhsətini də özünün ədəbi-fikri tarixinin bir parçası kimi görmək istəyənlər az deyil.

Bir tarixi və ədəbi şəxsiyyət olaraq kim idi Məhsəti Gəncəvi? Hansı qaynaqlarda və nə kimi yüksək epitetlərlə yad olunub və s. kimi çoxsaylı sualların cavabını Rafael Hüseynovun “Məhsəti necə varsa...” əsərində tapmaq mümkündür. Mənim neçə illərdir ki, istifadə etdiyim həmin kitabdakı qaynaqlar içərisində diqqətimi çəkən isə şeyx şairlər - Nizami Gəncəvi və Fəridəddin Əttarın şairəyə münasibətidir. Nizami kimi hər zaman dövrünün hökmdar şairlərinin rəğbətini qazanan böyük bir şair gizli qibtə hissi ilə deyir:

Səti-yo Məhsəti ra bər ğəzəlha

Şəbi səd gənc bəxşi əz məsəlha.

(Səti və Məhsətinin qəzəllərinə, deyilənə görə, bir gecədə yüz xəzinə bağışlayırsan).

Bu misralar isə Məhsətinin şairlik istedadının çağdaşları tərəfindən qəbul olunduğunu, yüksək dəyərləndirildiyini göstərir.

Şairə, xəttat, bəstəkar və s. kimi tanınan Məhsəti Gəncəvi haqqında bu günlərdə mənfi fikir söyləyənlər, onu özünün paslı və tutqun könül aynasında görənlər sadəcə düşmən dəyirmanına su tökənlərdir”.

SAHNAZ.jpg (47 KB)

Xalq artisti, Gəncənin sevilən ifaçısı Şahnaz Haşımovadan da məsələyə sərt reaksiya gəlib. Xalq artisti sosial media hesabında Suad Qarayevaya səslənərək qeyd edib:

“Azərbaycanın dünya şöhrətli, görkəmli ziyalı xanımı, böyük şairə Məhsəti Gəncəvi haqqında yazılan aşağı yönümlü, yanlış və təhqiredici fikirlər yolverilməzdir! “Məhsəti” sözünün özü “böyük xanım”, “uca qadın” deməkdir. O, bu ada layiq olduğu üçün ona bu yüksək ad verilib. Gəncədə yaşamaq, gəncəli olmaq şərəfdir, fəxr hissidir!”

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR