İnsanlara hürriyət, millətlərə istiqlal!

Meşəli cəlladının yayılan fotoları saxtadır? - İrəvanın yeni hiyləsi

1691 16.08.2023 08:13 Gündəm A A

Hüquqşünas: “Həmin fotolar illərdir ortalıqdadır, niyə bir dəfə də olsun çıxıb fotonun saxta olmasını deməyiblər?”

Ötən ay Laçın postunda ələ keçən Meşəli və Xocalı cəlladı Vaqif Xaçatryan şübhə yox ki, layiq olduğu cəzanı alacaq. Eləcə də Azərbaycan həbsxanalarının çoxdan darıxdığı, bəşəri cinayətlər törətmiş digər ikiayaqlı vəhşilər İrəvan rəsmilərinin cidd-cəhdlərinə rəğmən, gec-tez yaxalanıb mühakimə ediləcəklər.

Hələliksə ermənilər Vaqif Xaçatryanı guya xilas etmək üçün ən absurd uydurmalara belə əl atır, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Məsələn, Ermənistan ombudsman aparatının hərbi qulluqçuların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi şöbəsinin rəisi Andranik Eqoyan “Sputnik Ermənistan”a müsahibəsində deyib ki, guya Vaqif Xaçatryanın Azərbaycan mətbuatında yayılan fotoşəkilləri əslində tamam başqa bir insanı təsvir edir. Yəni guya saxtadır (özləri saxtakarın ən yekəsi olduqları halda!)

“Azərbaycan media məkanında yayılan bir sıra fotoşəkillər tərəfimizdən toplanıb və təhlil edilib. Çoxlu fotoşəkillər vasitəsilə Azərbaycan dezinformasiya yayır”, - deyə Yeqoyan iddia edib. Qeyd edək ki, söhbət ən çox Xaçatryanın yanmış azərbaycanlının meyiti ilə birgə çəkilmiş şəklindən gedir.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, saxtakarlıq bədnam qonşulamızın köhnə vərdişidir: “Bütün dünya erməni saxtakarlığından danışır, bunlar da bizi saxtakarlıqda ittiham edirlər. Xaçatryanın həmin fotoları illərdir ki, ortalıqdadır, niyə bu illər ərzində bir dəfə də olsun çıxıb fotonun saxta olmasını deməyiblər? Çünki bilirlər ki, foto saxta deyil, Xaçatryan da illərlə azərbaycanlılara qarşı törətdiyi cinayətləri ilə fəxr edib. İndi isə cavab vermək zamanı çatıb, saxtakarların vay-şivəni qopub”.

BQXK əməkdaşları Xaçatryana baş çəkdi

Hüquqşünas deyir ki, həmin foto olmasa belə, Vaqif Xaçatryanın digərləri ilə birgə divan tutduğu Meşəli sakinləri sağdır: “Vaqif Xaçatryanla birgə işləmiş azərbaycanlılar var. Hansılar ki, onun müharibə cinayətlərinin şahidi, zərərçəkənlərdir. Onların verdikləri ifadələr kifayət qədər əsaslıdır və Vaqif Xaçatryanın, onunla birgə Meşəliyə hücum edib qətliam törədən hər bir erməninin mühakiməsinə yol açır”.

“Vaqif Xaçatryan Meşəli kənd sakinlərinə qarşı törədilən soyqırımı cinayətini planlaşdıranlardan biridir”.

Bunu isə mətbuata vaxtilə Meşəli kəndinə qida məhsulları daşıyan Vəliyəddin Salmanov deyib. O, V.Xaçatryanla birgə Xankəndidə avtobazada çalışdığını bildirib: “Vaqiflə birgə Xankəndidə yerləşən 2717 nömrəli avtobazada işləyirdik. Yük maşınlarının sürücüləri idik. O, məndən əvvəl orada çalışmağa başlamışdı. Vaqif Xaçatryan sonralar avtobazanın müdiri Maksim Mirzəyanın sürücüsü olub. Bizim Meşəli kəndinə ərzaq aparmağımıza imkan vermirdilər. Badara kəndində yolumuzu kəsirdilər. Elə bu Vaqif Xaçatryanın özü də bizimlə ədavətə girirdi. Onlar hiyləgər millətdir. Tək olanda bizimlə elə rəftar edirdilər ki, sanki dostdurlar. Amma çoxalanda çaqqal kimi özlərini qaniçən kimi aparırdılar”.

Vəliyəddin Salmanov bildirib ki, o vaxt ermənilər Meşəli kəndində giriş-çıxışa maneə törədirdilər: “Mən sahə polisi ilə birgə kəndə un və digər qida məhsulları daşıyırdım. Sonralar onun da qarşısını aldılar. Vəziyyəti daha da çətinləşdirdilər. Vaqif Xaçatryan kəndə hücum olmazdan bir neçə gün öncə "QAZ-53" markalı yük maşını ilə Meşəli kəndinin ətrafını dolanaraq koordinatları qeyd edib. Hücum ediləcək yolları dəqiqləşdirib. O, kənd sakinlərinə qarşı törədilən cinayəti planlaşdıranlardan biri olub. Onu da bildirim ki, həmin hücuma şərait yaradanlar elə o vaxt orada xidmət edən rusiyalı hərbçilər idi. Onlardan iki əsgər bizim Meşəli kəndində postda duran əsgərlərimizə demişdi ki, ermənilər sizə hücum edəcəklər, xəbəriniz olsun. Yəni onların bu hücumdan xəbərləri var idi, ancaq qarşısını almadılar. Əksinə, erməni quldurlarına silah-sursat verib, onlar tərəfindən döyüşüblər. Mən həmin gün Xocalıda idim. Bizə xəbər gəldi ki, ermənilər Meşəli kəndinə hücum ediblər, o zaman bildim həmin faciəni. Vaqif Xaçatryan və onun silahdaşları öz cəzasını çəkəcəklər".

Vaxtilə kənddə polis kimi xidmət etmiş Zirəddin Salmanov isə kəndlərinin dəfələrlə ermənilər tərəfindən atəşə tutulduğunu deyib: “Hər an təhlükə yaşanacağını bilirdik. Ona görə də Meşəli kəndinin könüllü özünümüdafiə batalyonu yaradıldı. Mən də həmin batalyonda döyüşmüşəm. Meşəli kəndinə hücum edən silahlı dəstənin başında duranlar Badara kənd məktəbinin direktoru Kasparyan Benik, Armanik, İlya və Vaqif Xaçatryan idi. Bunların hamısının Meşəli kəndində törədilən vəhşiliklərdə əli var”.

O söyləyib ki, ermənilər kəndi tamam mühasirəyə aldıqdan sonra hücuma keçmək istəyiblər: “Kənd sakinlərinin çoxu düşmənin olmadığı ərazidən çıxa bildi. Yoxsa onların planı kəndi tam mühasirəyə alaraq bütün camaatı qırmaq idi. Biz bir tərəfdən düşmənlə döyüşürdük, digər yandan isə dinc sakinləri xilas etməyə çalışırdıq. Amma təəssüf ki, hamını müdafiə etməyi bacara bilmirdik. Həm silahımız yox idi, həm sayımız az idi. Onlar sürü kimi kəndə hücuma keçmişdilər”.

Şahid vurğulayıb ki, erməni quldurlar Meşəlidə dinc sakinləri qəddarcasına qətlə yetirirdilər: “Qənimət adında yaşlı kişinin başına avtomat darağının bütün gülləsini boşaldaraq onu qətlə yetirmişdilər. Qönçə adında yaşlı bir qadın var idi. Onun uzun saçı var idi, diri-diri yandırmışdılar. Biz oraya çatanda gördük ki, qadın tamam yanıb. Vaqif Xaçatryan üç nəfərin, iki yeniyetmə bir də yaşlı qadının əl-qolunu bağlayıb maşının yük yerinə qoyub girov aparmışdı. Onlardan biri də mənimlə birgə döyüşərək şəhid olanın qardaşı idi. Sonradan bildik ki, o, yaralı və əlləri bağlı olmasına baxmayaraq, özünü maşından ataraq qaça bilib. Vaqif Xaçatryanın saxlanılması, onun istintaqa cəlb edilməsi bizim üçün təsəllidir. Orada dinc sakinlərə divan tutanlar ən ağır cəzaya layiqdirlər”.

“Müharibə cinayətləri, insanlığa və bəşəriyyətə qarşı dəhşətli əməllər törətmiş, soyqırımı və qanunsuz deportasiya həyata keçirən Vaqif Xaçaturyanla bağlı Ermənistan hökumətinin hay-küy salması və beynəlxalq məhkəmələrə müraciəti mənasızdır. Bu, Ermənistanın müharibə cinayəti törədən şəxslərin müdafiəsi üçün atdığı addımların bir hissəsi kimi dəyərləndirilə bilər”.

Çingiz Qənizadə :Yeni idarəetmə modeli ölkəmizin hərtərəfli inkişafına  böyük töhfə verəcək

Çingiz Qənizadə

Bu sözləri “Yeni Müsavat”a hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

O qeyd edib ki, ermənilər ilk olaraq mülki şəxsin həbs edilməsi kimi bir iddia qaldırırdılar, indi də foto məsələsini ortaya atırlar. Amma unudurlar ki, hələ 2013-cü il noyabr ayının 12-də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəmə qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilmiş Vaqif Xaçatryan beynəlxalq axtarışa verilmişdi: “10 ildir bu adam beynəlxalq konvensiyalarla qadağan edilən müharibə cinayətləri törətdiyinə görə axtarışda olub və qanun qarşısında cavab verməlidir. Son günlər mətbuatda onun cinayətlərinin şahidləri, zərərçəkənlər danışır. Əgər hansısa beynəlxalq təşkilat bunlara rəğmən Vaqif Xaçatryanın müdafiə edilməsinə yönəlik addımlar atarsa, hansısa qərarlar qəbul edərsə, beynəlxalq hüquqa qarşı çıxmış olar”.

Çingiz Qənizadə əlavə edib ki, beynəlxalq hüququn müddəalarına əsasən Vaqif Xaçatryan törətdiyi cinayətlərə görə mühakimə olunmalıdır: “Beynəlxalq hüquqda Cenevrə Konvensiyası, Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiya var. Bu əməlləri törədənlərin mühakimə edilməsi ilə bağlı müddət qoyulmayıb. Buna görə də cinayətin 31 il öncə törədilməsinə baxmayaraq cinayətkarın bu gün də mühakimə edilməsi tam hüquqi çərçivədədir və Azərbaycan qanunları ilə cəzalandırılacaq”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR