İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərd və mərhəmətli olmağın mükafatı – Həsəd zamanı deyil

3747 15.02.2023 12:02 Yazarlar A A

 

O köhnə-köşkül, sürücüsündən 8 yaş böyük, böyrü-başı tünd qırmızı rəngin bir neçə çalarıyla rəngləmiş avtomobilin banına yüklənmiş al-yaşıl, sarı-mor rəngli yorğan-döşəyin şəhərin küçələri ilə harasa aparıldığını əks etdirən şəkli ilk görəndə, yəqin ki, məhz ilk dəfə heç kəsin bu mənzərəyə, maşının halına gülməyi tutmadı.

Bundan əvvəl onun kimi, ondan da betər avtomobillərin şəkli sosial şəbəkədə tez-tez yayılırdı və hərə bir söz qoşurdu: “Yeriyən metallolom”, “görəsən, bu geriyə gedə bilirmi”, “bir vaxtlar içində gəlin gətiriblər, indi gör, nə gündədir”, “bunu alasan, içində toyuq-cücə saxlayasan“ və s. və.i.a.

Amma heç kəs o maşına lağ eləmədi, əksinə, çox adam kövrəldi və təqdir etdi, “halal olsun!” dedi. “Adi vaxtlarda şəhərin görüntüsünü pozan mənzərə indi insanlığın görüntüsünü bəzəyir...” yazanlar (Famil Cəfərli) oldu. Görüntünün fotoşop məhsulu olmadığı aydınlaşandan sonra, o şəkil min dəfələrlə paylaşıldı. Sürücü 1 saatın içində ölkədə məşhur adam oldu. Amma heç kəs onun adını, soyadını bilmirdi. Bunu da əməkdaşımız Əli Raisin dostu Rəhman bir sığorta şirkətinin xəttilə tapdı, “Laçındadır, adı Sərvər Bəşirlidir” dedi. Ondan sonra həmkarlarımız sürücünün telefon nömrəsini əldə etdilər, əməkdaşımız Alim ondan müsahibə aldı.

O Türkiyədəki zəlzələdən zərər çəkənlərə yardım aparan köhnə maşını ilk görəndə minlərlə adamla eyni zamanda bu sətirlərin müəllifinin də ağlına belə bir fikir gəlmişdi ki, bu adam bu qədər böyük ürəyin sahibidirsə, keşkə imkanı ol, ona yaxşı bir maşın alıb verəsən, o da mərd, halal və mərhəmətli adam olmağın xeyrini görə.

Bu, çox vacibdir. Biz həmişə görmüşük ki, varlanmağın əsas yolu cələ kəsməkdən, əliəyrilik etməkdən, rüşvət yoluyla əldə edilmiş yüksək vəzifədən şəxsi varidatı artırmaq üçün yararlanmaqdan keçir. Heç görmədik ki, bu ölkədə, regionda dürüst və rəhmli, alnıaçıq və vicdanlı adamlar böyük sərvət sahibi olsunlar. Olsa da, çox nadir hallarda olur.

Bu xüsusda məşhur bir təsəlli-ifadə də var: “Kasıb mərd olar”. Əslində isə o ifadə “Mərd kasıb olar” şəklində olmalıdır. Çünki namərd kasıblar da çoxdur, amma həmişə mərdlik, comərdlik, əliaçıqlıq edən, heç kəsə mərdiməzarlıq etməyən, hallallığı əsas tutan mərd adamlar varlana bilməzlər.

Bu baxımdan mərd eloğlumuzun o hərəkəti, özü kasıb ola-ola dar gündə olan adamlara əlindən gələni etməsi hamının ürəyinə su səpmişdi, insanlığın gələcəyinə ümidi artırmışdı. Ona görə də çox adam istəyirdi ki, necə deyərlər, Allah ona ürəyinə görə versin.

Sonra Sərvərə bu mərd hərəkətinə görə mükafat vermək istəyənlər oldu. Yardım paylaşımları artdı. Bu zaman özünün və yaxınlarının “yardımsevərliyi”ni lentə alıb, paylaşanlar çoxaldı. Bəlkə də onların bir çoxunun hər hansı bir təmənnası yox idi, eləcə, kütləvi təqdir qazandığını görərək, xeyriyyəçilik trendinə qoşulmuşdular. Məsələn, əyninin paltosunu mıxarıb verən qadının hərəkətini çəkən olmamışdı, təhlükəsizlik kamerasına düşmüşdü.

Ancaq təmənnalı adamlar da vardı, Sərvərin hərəkətini təkrarlayaraq, nəsə əldə etməyə çalışırdılar. Nəticəsi o oldu ki, lətifə düzəltməyi sevən xalqımız onlara şəbədə qoşdu: “Bizim qonşuluqda biri var, köhnə maşın tapıb, indi də yorğan-döşək axtarır”.

Sərvər isə etdiyi xeyirxahlığın bu qədər diqqət çəkəcəyini hesablamamışdı, hesablaya bilməzdi.

İndi Türkiyədə yaşayan-işləyən, "Yeni Musavat" media qrupunun dostu olan bir biznesmen onun bu hərəkətinə cavab olaraq onu mükafatlandırmq istəyir. Həmin şəxs Türkiyədəki dəhşətli zəlzələdən zərərçəkənlərə də yüz adamın yığışıb edə bilməyəcəyi qədər yardım edib və xeyriyyəçiliyini sona qədər davam etdirmək fikrindədir. Amma bu şəxs istəyir ki, sıravi azərbaycanlıların Türkiyə sevdasının simvoluna çevrilmiş Sərvər də mükafatsız qalmasın.

Ən pisi odur ki, buna mız qoyanlar var. Həsəd aparanları anlayırıq, “niyə belə mükafat bizə də qismət olmur” deyə düşünürlər. Mız qoyanlar isə o adamlardır ki, hər şeyə mız qoyurlar. Bu xislət məsələsidir. Şuşanın 28 ildən sonra düşmən işğalından azad olunmasna da mız qoyanlar oldusa, ta nədən danışaq.

Paxıllıq edən, həsəd aparanlara isə yalnız onu demək olar ki, belə mükafat ona görə sizə qismət olmur ki, siz heç vaxt Sərvər kimi mərd hərəkət etməmisiniz, yardım üçün sizə ağız açanın belə əlindən tutmamısınız, həmişə özünüzü düşünmüsünüz və “millət necə tarac olur, olsun, nə işim var” düşüncəsi ilə yaşamısınız. Bu qədər bəsit.

Al, yaşıl, sarı, mor rəngli yorğan döşəyi öz köhnə, yamaqlı maşınının banına yükləyib qardaş harayına yetmək istəyən oğlanın indiyəcən qara və boz olmuş həyatı qoy indən belə rəngarəng olsun. Nə paxıllıqdır? O, bu vətənin mərd oğludur və Azərbaycan insanının Türkiyəyə necə səmimiyyətlə yanaşdığının əyani rəmzidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR