İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən də Nazim Gədəbəyskiyəm?” – sabiq deputat məhkəmədə hakimə sual etdi

1615 14.05.2024 15:26 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, prosesdə Nazim Bəydəmirlinin vəkili Aqil Layıc onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

Vəkil vəsatətini əsaslandırarkən bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə 1996-cı ildə Rusiyada hədə-qorxu ilə pul tələbi ittihamı verilib.

Halbuki, 1997-ci ilə qədər Rusiyanın cinayət qanunvericiliyində ümumiyyətlə, belə bir maddə mövcud olmayıb:

“Hələ əmələ görə məsuliyyətə cəlbetmə müddətinin çoxdan keçməsindən danışmıram. Belə bir maddə o zaman mövcud olmadığı halda, adama necə ittiham verilə bilər? İkinci ittiham epizodunda iddia edilir ki, Nazim Bəydəmirli intim videolarla şantaj edərək, pul istəyib. Hansı intim videolardan söhbət gedir? Bununla bağlı sübut hardadır? Hüquqlarını müdafiə etdiyim şəxsin həbsdə qalması üçün zərurət yoxdur. Alim adamdır, yaşayış yeri məlumdur, ailəsi, övladları var”.

Nazim Bəydəmirli özü də vəkilinin dediklərini müdafiə edib. O bildirib ki, məhkəmədən yayınmaq niyyəti yoxdur. Əksinə, gerçəklərin üzə çıxmasında, haqq-ədalətin bərpasında maraqlıdır.

Sabiq deputat səhhətində problemlər olduğunu da vurğulayıb: “Ailəmin narahat olmaması üçün bir çox məsələləri dilə gətirmirəm. Amma getdikcə vəziyyət mürəkkəbləşir”.

Hakimlər ev dustaqlığıyla bağlı vəsatəti təmin etməyib.

Daha sonra prokuror Eldar Məmmədov ittiham aktını elan edib. Cinayət işinin materiallarında iddia olunur ki, Nazim Bəydəmirli 1996-cı ildə Rusiyada spirtli içki biznesiylə məşğul olan azərbaycanlı Mürsəl İbrahimovu kriminal aləmin adamları vasitəsilə özünü və ailə üzvlərini oğurlatdırmaq, öldürməklə hədələyib. Ondan biznesə yatırdığı 40 min dollardan imtina etməsini, əlavə də 70 min dollar pul tələb edib. Son nəticədə Mürsəl İbrahimov həm 40 min dollardan imtina edib, həm də Nazim Bəydəmirliyə 28 min dollar pul ödəyib.

İttihama görə, Nazim Bəydəmirli az sonra Mürsəl İbrahimovu yenidən hədələyib və daha 50 min dollar pul tələb edib. Bu dəfə isə 30 min dollar alıb.

Nazim Bəydəmirliyə verilən ikinci ittiham isə özünün də pay sahibi olduğu “Avto-Qarant” ASC ilə bağlıdır. İttihama görə, sabiq deputat bu şirkətin Müşahidə Şurasının sədri Ədalət Bağırovu müxtəlif qadınlarla intim görüntülərini internetdə yaymaqla hədələyib, ondan 50 min manat pul tələb eləyib. Bir müddət sonra ondan 10 min manat pul alıb.

Prokurorun elan etdiyi bu ittihamlara münasibət bildirən Nazim Bəydəmirli onları qəbul etməyib, şər-böhtan adlandırıb.

“2005-ci ildə deputat seçiləndə məni tam araşdırıblar. Əgər 1996-cı ildə mənim belə bir hərəkətim olsaydı, əlbəttə ki, bilərdilər. Sadəcə, mənim həbs olunmağımı fürsət bildilər. Həbsimdən sonra bunu tapıb, əleyhimə istifadə eləyiblər. Kimisə kriminal aləmlə, ailəsilə hədələmək ümumiyyətlə, mənlik deyil. Hikmət Sabirabadlı vardı, Rövşən Lənkəranski vardı, nədir, mən də Nazim Gədəbəyskiyəm?”, - Rusiyadakı ittiham epizodu üzrə danışıb.

“Avto-Qarant”ın rəhbərilə bağlı ittihama gəlincə, Nazim Bəydəmirli bildirib ki, şirkətin səhmlərinin 30 faizini hərracda satın almışdı. Pay sahibi olmasına baxmayaraq, Ədalət Bağırov onu şirkətə yaxın buraxmırdı. İllərlə sahib olduğu əmlakdan, onun gəlirlərindən istifadə edə bilmədiyini vurğulayan Nazim Bəydəmirlinin sözlərinə görə, nəinki o, hətta Ədalət Bağırovun yaxın qohumları – qardaşı, anası, əmisi oğlu da onun hərəkətlərindən şikayətçi olub:

“Gördüm ki, bu adam payçı olaraq, əmlakımdan istifadəyə imkan vermir. Qardaşının, əmisi oğlunun onunla problemləri yaranıb. Hətta əmisi oğlunu tutdurub. Ona görə 2013-cü ildə əmlakın bölünməsini istədim. Alınmadı. 2014-cü ildə qardaşı əmlakın satışıyla bağlı mənə müraciət elədi. Anası, qardaşı ondan şikayətçi olub. Qardaşı “bandotdel”ə şikayət eləmişdi. Bu adamla mübahisələr pandemiya dövrünə qədər davam elədi. Mən də müxtəlif dövlət orqanlarına çoxsaydı müraciətlər göndərmişdim. Şəmkirdə Baş prokurorun qəbulunda olmuşdum. 2022-ci ildə Daxili İşlər Nazirliyinə şikayətlərimə baxılmamasından – süründürməçilikdən şikayət eləmişdim. Daxili İşlər naziri Vilayət Eyvazovun qəbulunda olmuşdum. Ötən il aprelin 17-də “bandotdel”in rəisi Əbülfət Rzayev məni qəbul elədi. Mənə bildirdi ki, müstəntiq dəyişib, bundan sonra bu işi Ayaz Bayramov aparacaq. Ayaz Bayramov təklif elədi ki, Ədalət Bağırovla görüşək. Mənə görüşmək üçün zəngi də Ədalət Bağırov edib. Mən o görüşdə ondan pul tələb eləməmişəm, bununla bağlı heç bir sübut yoxdur. Mənə 1,5-2 milyon arası ziyan dəyib. İllərlə dövlət strukturlarına müraciət edib, haqqının bərpası üçün qanuni yollar axtaran adam şantaja baş vurarmı?”

Sabiq deputat əlavə edib ki, tutulduğu gün – 2023-cü il iyulun 4-də Ədalət Bağırova qarşı şikayətinin nəticəsilə maraqlanmaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdi. Amma onun özünü saxlayıb, 3 saat sonra ittiham elan ediblər. Ertəsi gün də məhkəməyə aparıb, haqqında həbs qərarı çıxarıblar.

Nazim Bəydəmirli xatırladıb ki, onunla Ədalət Bağırov arasında mübahisə davam edən vaxt – 2023-cü ilin iyununda Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin gölə qızıl zavodundan zəhərli su axıdılmasına etirazları başlayıb. Onun sözlərinə görə, 2009-cu ildə həmin zavodun açılışında prezident, zavodun sahibi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təmsilçisi ilə yanaşı, Gədəbəyin deputatı kimi, o da iştirak etmişdi: “Ona görə Söyüdlü hadisələri hadisələri baş verəndə mən də münasibət bildirdim. Az sonra bəzi KİV-lərdə mənimlə bağlı böhtanlar yaymağa başladılar. Guya Söyüdlü hadisələrini keçmiş deputat Nazim Bəydəmirli və keçmiş icra başçısı Saleh Rüstəmli təşkil edib. Bu, quru çamur idi, atırdılar. Mənim fəaliyyətimdə dövlətin, xalqın, prezidentin mənafeyinə zidd heç nə yoxdur. Mən indiyə qədər prezidenti nəinki təhqir, hətta tənqid belə eləməmişəm. Ümumiyyətlə, mənim dövlətimin, xalqımın qarşısında heç bir günahım yoxdur. Nə iqtidara aidiyyətim var, nə də müxalifətə. Müstəqil deputat olmuşam, fəaliyyətimdə də nə varsa, hamısı şəffaflıqla bağlıdır. Gədəbəy hadisələrilə bağlı kimisə qurban vermək lazım idi, o da mən oldum”.

Keçmiş deputatın sözlərinə görə, həbsdə olduğu müddətdə ona və ailə üzvlərinə dəfələrlə vədlər verilib. Deyilib ki, onun həbsilə bağlı anlaşılmazlıq qısa müddətdə aradan qaldırılacaq, sakit dayansınlar.

Bir çox məsələləri ictimailəşdirməsinlər:

“Sonuncu dəfə mənə dedilər ki, Rusiya epizoduna xitam veriləcək. Amma bayramdan sonra ittiham aktını mənə göndərəndə gördüm ki, bu da yalan oldu. Mən anlayıram ki, məni nə vaxt buraxmağı lazım bilsələr, onda da buraxacaqlar. Məhkəməlik bir şey yoxdur. Mən özümü “ekologiya məhbusu” hesab edirəm. Qarşıdan da ekologiya ilə bağlı beynəlxalq forum gəlir, “COP29” Azərbaycanda keçiriləcək. Belə bir vaxtda ölkədə “ekologiya məhbusu” olması nə dövlətə, nə hüquq-mühafizə orqanlarına başucalığı gətirir. İnsanların şəxsiyyətinə baxmaq lazımdır”.

Nazim Bəydəmirli ifadəsinin sonunda əlavə edib ki, ona qarşı baş verənlərlə bağlı Avropa Məhkəməsinə və başqa beynəlxalq təşkilatlara şikayət etməyib. Düşünüb ki, bu yanlışlıq tezliklə aradan qaldırılacaq:

“Ən azı, məhkəməyə gələndə həbsin alternativ qətimkan tədbirilə əvəzlənəcəyinə ümidim vardı. Etmədiniz. Mənə çamur atılaraq, həbsimə nail olunub”.

Nazim Bəydəmirliyə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR