İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mələk dövlət”lərin pıxı işləri

1334 30.03.2022 09:25 Yazarlar A A

Başqa ölkələri bilmirəm, amma bu ölkədə uşaq da bilir ki, dövlətlərin əbədi dostu-düşməni olmur, daimi mənafeləri olur. Çünki biz bu kəlamı gündə yüz, ildə 36 min 500 dəfə təkrarlaya-təkrarlaya, sovet vaxtının “Lenin yaşayıb, yaşayır, yaşayacaq” şüarına döndərmişik, yaddan çıxmağa qoymuruq.

Fəqət hər gün yenə də kimlərsə hansısa dövlətə, türkün sözü, simpatizanlıq edir, üzərinə toz qondurmur. Hətta olur ki, həmin dövlət öz doğma vətənimizin qarşısında nəsə bir heyvərəlik, ədalətsizlik, pəzəvənglik eləyir, bizimkilər yenə o dövlətə qahmar çıxırlar, deyirlər, yox e, o dövlət düz eləyir, biz haqsızıq. Hərçənd hansı üzünə götürsən, haqlı tərəf bizik - məsələn, söhbətə sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prizmasından girsək, ərazisi işğal olunan bizik, suverenitet baxımından yanaşsaq, yenə haqlıyıq, başqa dövlət niyə gəlib bizi zorla hansısa ittifaqlara cəlb etməlidir?

O vaxt (Xədicə İsmayıl tutulan ilə qədər) ABŞ bizdən İrana qarşı istifadə etmək, buraları platsdarma çevirmək istəyirdi, razılaşmırdıq. Vaşinqtonun niyyəti bu idi ki, burada durub Təbrizə bomba atsın, Təbrizdəki generallar da öz bombalı raketlərini bura atsınlar, o taylı-bu taylı, iki qardaş bir-birimizi qıraq, sonra Vaşinqtonla Tehran anlaşsın, müharibə bitsin. Əlbəttə, onlar asan anlaşacaqdı, dövlətlərin əbədi dostu-düşməni yoxdur axı. Amma o taydakı Azərbaycan ostanları ilə, bu taydakı Azərbaycan rayonları, biləsuvarlar, culfalar, astaralar xaraba qalacaqdı. Ona görə də biz bu işə qol qoymadıq.

İndi kimsə deyəcək ki, elə şey olmayıb, onda gərək gedib qəzetlərin cildlənmiş səhifələrinə, elektron arxivlərə baş vurasan, ortaya N qədər qəzet səhifəsi, sayt linki qoyasan, həmin missiya ilə həftəbaşı ABŞ-ın Dövlət Departamentindən gələn diplomatların, Pentaqondan gələn generalların adlarını yazasan.

Yenə də xeyri yoxdur, yad ölkənin tərəfdarı (trolu da demək olar, amma agenti demək bir az yekə çıxar) deyəcək ki, elə deyil və sübut edəcək ki, onun rəğbət bəslədiyi dövlət mələkdir, indiyə qədər hansı ölkəni bombalayıbsa, birbaşa işğal edibsə, daxilində dövlət çevrilişi həyata keçiribsə, müxtəlif ölkələrdə bir neçə milyon adamın ölümünə bais olubsa, hamısında haqlı olub.

Bəlkə də elədir, gerçəkdən də o dövlət bu qədər faciələri öz daimi mənafeyi üçün eləməyib, saf niyyətlə edib, istəyib ki, o ölkələr azad seçki keçirsinlər, insanlar diktatorlar tərəfindən edam edilməsinlər, istismar olunmasınlar. Amma həmin ölkənin bombadan, güllədən ölən yüz minlərlə vətəndaşı üçün diktator tərəfindən öldürülməklə, yadelli ordunun əsgəri tərəfindən güllələnməyin elə bir fərqi yoxdur axı.

O gün yenə bu xüsusda söhbət düşmüşdü, bir eloğlu Ağ Evdə müşavirmiş kimi, ya da Dövlət Departamentində babat vəzifədə çalışırmış tək sübut etməyə çalışırdı ki, ABŞ əslində elə istəmir, belə istəyir, filan şeyə çalışır. Heç Blinken katibi olduğu dövlətin nəyə çalışdığını o qədər dürüst və əminliklə dilə gətirmir, amma bizim eloğlu daha qətiyyətlə söyləyir.

Adamla sözümüz çəpləşdi, belə görürəm, mübahisəmiz hələ uzun çəkəcək. Mənim dediyim odur ki, heç bir dövləti idealizə etməyək, mələk saymayaq. O deyir ki, yox, başqa dövlətlərin hamısı pıxıdı, ABŞ cicişdi.

İndi biz nə edək, ABŞ-ın o biri əsrlərdə qırmızıdərililərin və qaradərililərin başına gətirdiyi müsibətlər barədə 1, 20-ci əsrdə törətdikləri barədə 2 cild kitab yazaq? Yaponiyanın Xirosimasından girib, Vyetnamın Xoşiminndən çıxaq? Pentaqonun Çilidə, İraqda, Əfqanıstanda, Panamada, Qrenadada, Misirdə həyata keçirdiyi əməliyyatların hərəsinə bir kitab həsr edək? Mərkəzi Kəşfiyyat İdarəsinin Con və Robert Kennedi qardaşlarının, Merilin Monronun, Martin Lüter Kinqin qətllərindəki rolundan serial məqalələr yazaq?

Hamısını qoyaq qırağa. Səddam Hüseyn və oğulları Udayla Kusay, söz yox ki, edama layiq müstəbidlər idi, bəs Səddamın azyaşlı oğlan nəvələrinin günahı nəydi ki, hamısını qətlə yetirdilər? Bu adamın nəslində bir başıpapaqlı adam qoymadılar qalsın, çünki sonradan yekələ, toparlana və ABŞ-dan qisas ala bilərdilər.

Amma bunları yazanda götürüb yazırlar ki, Putinin əlinə ilıq su tökmək lazım deyil. Birincisi, Putindən yazdıqlarımız da ortadadır, onun Ukraynadakı aqressiyasına haqq vermək Hitlerə bəraət qazandırmaq kimi bir şeydir. İkincisi, Putinin əlinə ilıq su tökmək lazım deyilsə, ABŞ başbilənlərinin dalını isti suyla yumaq da lazım deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR