İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdəki neqativlər nazirliyi hərəkətə gətirdi - İntizam Şurası yaradılır

2540 20.10.2022 08:40 Təhsil A A

Təhsil ekspertləri yeni metodların əks-effekt verəcəyini düşünür; deputat isə deyir ki, cəza olmalıdır, lakin inzibati tədbirdən daha çox təbliğata, müzakirəyə üstünlük vermək lazımdır

Son vaxtlar orta məktəblərdən baş verən neqativ olayların sayı artıb. Müşahidələr, gələn xəbərlər onu deməyə əsas verirdi ki, orta məktəblərdə vəziyyət kifayət qədər narahatedicidir.  Artıq Elm və Təhsil Nazirliyi hərəkətə keçib. Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib ki, məktəblərdə İntizam Şurası yaradılacaq. Şöbə müdiri qeyd edib ki, şuranın yaradılması və tərkibində valideynin iştirakı məcburi olacaq.

Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər də müəyyənləşib.  Şöbə müdiri bildirib ki, inzibati tədbirlər şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiq ediləcək. Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:

- müəllim baxışı, qeyri-verbal münasibət;

- şagirdlərlə sakit söhbət;

- xəbərdarlıq;

- uzaqlaşdırma;

- valideynlə əlaqə saxlamaq;

- dərsdən sonra şagirdin məktəbdə saxlanması;

- psixoloqa yönləndirmə;

- sarı xəbərdarlıq məktubu;

- narıncı xəbərdarlıq;

- qırmızı xəbərdarlıq.

Nəzərə çatdıraq ki, məktəblərdə problem təkcə şagirdlərlə bağlı deyil. Savadsız, sinifdə qəsdən normal dərs keçməyib uşaqları fərdi hazırlığına cəlb edən, intizamsız, şagirdlərlə kobud rəftar edən müəllimlər, məktəbdə qalmaqal yaradan valideynlər də var.

Valideynlər/qanuni nümayəndələr, məktəb heyəti va şagirdlər tərəfindən yolverilməz və hüquqi məsuliyyət yarada bilən davranış nümunələri hazırlanıb.

Həmin davranış nümunələri aşağıdakılardır:

- Alçaldıcı, təhqiredici və hədələyici ünsiyyətə yol vermək;

- Məktəb fəaliyyətinə və tədris prosesinə mane olan davranış nümayiş etdirmək;

- Bədən xəsarəti yetirmək və ya xəsarət yetirməklə hədələmək;

- Əmlaka ziyan vurmaq və ya ziyan vurmaqla hədələmək;

- Radikal dini və siyasi baxışları təbliğ etmək;

- İctimai şəkildə alçaldıcı və təhqiredici şərhlər etmək;

- Məktəb ərazisində və ya onun yaxınlığında içki içmək, siqaret çəkmək, kobud və ya təhqiramiz ifadələrdən istifadə etmək və ya digər antisosial davranışlara yol vermək;

- Akademik nəticələri saxtalaşdırmaq, həmçinin şagirdə xüsusi münasibət göstərilməsi üçün pul, hədiyyə və xidmət təklif etmək, yaxud bu təklifi qəbul etmək.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Öncə onu qeyd edim ki, Azərbaycanda təhsil icbaridir və heç bir halda şagird məktəbdən, tədris prosesindən kənarlaşdırıla bilməz. Nazirlər Kabinetinin şagirdlərin sinifdən-sinfə keçmə qaydaları var. Həmin qaydalara əsasən şagirdlərin hansı halda sinifdə qalma məsələləri tənzimlənib.

Təhsil Nazirliyinin brifinqini müzakirə edirik - Təhsil eksperti Kamran  Əsədov CANLI YAYIMDA ​ - YouTube

 Kamran Əsədov 

Hesab edirəm ki, İntizam Şurası layihəsini təqdim edən şəxslərin təhsil qanunvericiliyindən, məktəbşünaslıqdan, ümumiyyətlə, təhsildən anlayışları yoxdur. Onlar ilk növbədə bilməli idilər ki, məktəbin pedaqoji şurası var və zatən valideyn həmin şurada iştirak edir. Yəni valideyn onsuz da məktəbin idarə olunmasında söz sahibi olaraq iştirak edir. Beləliklə, həmin şəxslərin məktəblə bağlı anlayışları, məlumatları olmadığına görə elə bilirlər ki, müəllim ancaq tədris prosesində iştirak edir. Amma belə deyil. Hər kəs bilməlidir ki, valideynlər məktəbin idarə olunmasında yaxından iştirak edir.

İkincisi, yaradılacaq İntizam Şurası daha çox cəza vermək metodunu hədəfləyib ki, bu da beynəlxalq təcrübədə qəbul edilməyən bir normadır. Yəni təhsil prosesi o qədərmi idarəolunmadan kənarda qalıb ki, mövcud vəziyyətdən çıxış yolu kimi yalnız cəzalanma ortalığa  qoyulur. Məsələn, təklif olunan layihədə “şagirdin məktəbdə saxlanılması” məsələsi qeyd olunub. Siz kimsiniz və sizə kim hüquq verib ki, şagirdi məktəbdə saxlayırsınız? Lap şagirdi dərsdən sonra məktəbdə saxladınız, həmin uşaq hansı sinif otağında saxlanılacaq? Axı bütün siniflər dərs otaqlarıdır, orada dərslər keçirilir. Saxlanılan şagird üçün ayrıca otaq varmı? Müəllimlər pedaqoji işlə məşğuldurlar, bəs onda həmin uşağa kim nəzarət edəcək?

Və yaxud yazılıb ki “müəllim baxışı”. Bu sözü heç olmasa tərcümə etsinlər ki, nə demək istəyirlər. Və yaxud yazılıb ki, “psixoloqa yönləndirmə”. Onsuz da psixoloqa yönləndirmə ilk addımda atılır və bununla bağlı qanunvericilikdə qeyd olunub. Bu cür yaradılan şuralar, sadəcə, oyuncaq xarakterlidir. Yəni mən bu şuradan hər hansı bir yenilik gözləmirəm.

Bizim məktəbşünaslığımız, təhsil haqqında kifayət qədər qanunlarımız və sairə var ki, orada şagirdlərin vəzifələri, öhdəlikləri qeyd olunub. Şagirdin həmin qaydalara əməl etməyinə dair normalar var.

Beləliklə, hesab edirəm ki, İntizam Şurası layihəsinin yaradılması Azərbaycanda təhsilin məhv edilməsinə yönəldilmiş layihədən başqa bir şey deyil. Çünki orada qeyd edilən cəza normaları konfliktlərə gətirib çıxaracaq. Məsələn, hansısa valideynin hansısa uşaqdan xoşu gəlməsə, avtomatik olaraq onu müzakirəyə çıxartmağa, cəzalandırılmasını tələb etməyə çalışacaq. Dərsi pozan şagirdi sinifdən çıxartmaqla, məgər nəyə nail olacağıq? Dünya təcrübəsi birmənalı şəkildə cəzalandırmadan çəkinməyi tövsiyə edir. Şagirdlərin bu cür cəzalandırılması onların məktəbə, müəllimə qarşı aqressiyasını artıracaq. Nəticədə şagirdlər məktəbdə müəllimə qarşı birləşəcək və konflikt daha da böyüyəcək. Konflikt böyüdükcə bura valideynlər də daxil olacaq və nəhayət, məktəbdə tədris prosesi pozulacaq. Bununla da yenilik kimi təqdim edilən İntizam Şurası biabırçılıqdan başqa bir şey deyil".

Elşən Qafarov: Təhsil Naziri Mikayıl Cabbarova video müraciət ünvanlayıb -  Millixəbər İnformasiya Portalı

Ekspert Elşən Qafarov isə qeyd etdi:

“Təhsil idarəsində işləyən xanımlar və cənablar bir şeyi bilməlidir ki, təhsil məsələləri hüquq əsasında tənzimlənməlidir. Azərbaycan  Respublikasının Konstitusiyasının 42-ci maddəsi və Təhsil Qanununda qeyd edilir ki, məktəblərdə bütün məsələlər məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Biz ötən gün müstəqilliyimizin bərpasının 31 illiyini qeyd etdik, amma təəssüf ki, bu illər ərzində nizamnamə yaradılmayıb. Elm və Təhsil Nazirliyi bir şeyi bilməlidir ki, əgər həqiqətən ümumtəhsil məktəblərində nizam-intizam yaratmaq istəyirlərsə, ilk növbədə ümumtəhsil məktəblərinin nizamnaməsini hazırlamalı və məktəblər bu nizamnamə üzrə fəaliyyət göstərməlidirlər.

İntizam Şurasının yaradılması onu göstərir ki, təhsil idarəsi orqanlarında çalışanlar həqiqətən də təhsildən xəbərsizdir və onlar təhsillə bağlı neqativlikləri düzəltmək istəmirlər. Beləliklə, İntizam Şurasının yaradılması absurd və gülünc bir qərardır. İntizam Şurası nədir? Bir daha qeyd edirəm ki, məktəb nizamnamə əsasında fəaliyyət göstərməlidir. Məktəbin bütün  fəaliyyəti qanunvericiliyə uyğun olaraq nizamnamə üzrə tənzimlənməlidir. Lakin çox təəssüf ki, təhsildə hələ ki “evcik-evcik oyunu” oynanılır".

Ekspert İntizam Şurasının yaradılması ilə təhsildə hansısa neqativliklərin aradan qaldırılacağına inanmadığını vurğuladı:

“Adama deyərlər ki, sən kimsən ki, valideynlər haqqında cəza tədbiri görəsən, buna hansı hüququn çatır? Orada qoyulmuş cəza tədbirlərinin heç bir hüququ əsası yoxdur. Qeyd olunub ki - "uşağı məktəbdə saxlamaq". Bəs əgər uşaq məktəbdə saxlanıldığı vaxt başına bir hadisə gələrsə, ona müəllim, direktor, yoxa nazirlik cavabdeh olacaq? Və yaxud şagirdin dərsdən kənarlaşdırılması məsələsi, əgər bu, təhsil qanunvericiliyində yoxdursa, sən  hansı adla bu cəzanı həyata keçirəcəksən? Əmək Məcəlləsinin 7-cü bölümü var, ona əsasən işçilər üçün müəssisə daxili insan qaydaları tətbiq edilə bilər, lakin şagirdlər üçün insan qaydaları təhsil qanunvericiliyə əsaslanmalıdır və məktəbin nizamnaməsi  əsasında olmalıdır.

Açıqlanan cəzalarda həmçinin “şagirdin dərsdən kənarlaşdırılması” məsələsi də qeyd olunub. Konstitusiyanın 42-ci maddəsində açıq-aşkar qeyd edilib ki, şagirdin təhsilin hər hansı pilləsindən, səviyyəsindən məhrum edilməsinə yol verilmir. Bəs nazirlik hansı adla, hansı hüquqla şagirdi dərsdən uzaqlaşdıra bilər?

Beləliklə, Elm və Təhsil Nazirliyinin yaradacağı İntizam Şurasının heç bir hüquqi əsası, çəkisi yoxdur".

Ceyhun Məmmədov - YouTube

Millət vəkili Ceyhun Məmmədov məsələ ilə bağlı Musavat.com-a açıqlamasında deyib:

“Münasibətlərin tənzimlənməsi üçün müəyyən addımların atılmasına ehtiyac var. Nizamnamələr, əsasnamələr olsa da, Elm və Təhsil Nazirliyinin yanaşması belədir ki, yeni qaydalara ehtiyac var ki, təşəbbüs kimi cəmiyyətə təqdim olunub. Mən bunun lehinəyəm. Dəyişikliklərin nədən ibarət olacağını zaman göstərəcək. Düşünürəm ki, həm məktəblərdə, həm də ali təhsil müəssisələrində baxış və yanaşma dəyişməlidir. Cəza tədbirləri olmalıdır, lakin inzibati tədbirdən daha çox təbliğata, müzakirəyə üstünlük vermək lazımdır. Eyni zamanda məktəb rəhbərliyi ilə valideynlər arasında sıx təmas olmalıdır ki, müəyyən məsələlər ətrafında müzakirə aparılsın. Qayda pozuntusuna yol verən şagirdlər ciddi nəzarətdə saxlanmalıdır. Əgər ehtiyac olarsa, hüquq-mühafizə orqanlarına müraciət etmək olar”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR