İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə təhlükəsizlik məsələsi yenə gündəmdə - Şəkidəki zəhərlənmə olayı göstərdi ki....

746 25.05.2023 08:25 Təhsil A A

Ekspert: “Məktəblərdə təhlükəsizlik məsələləri qənaətbəxş deyil, məktəb intizamı qaydaları yerinə yetirilmir, ona görə də...”

Vaxtaşırı orta məktəblərdə, peşə məktəblərində, liseylərdə, universitetlərdə zəhərlənmə baş verir. Adətən belə zəhərlənmələr bufetlərdə verilən qidalardan meydana çıxır.

Şəkidə isə daha məsuliyyətsiz bir davranış nəticəsində 27 nəfər - 24 şagird, 3 müəllim kütləvi şəkildə toksik zəhərlənib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə rayonun Qudula kənd orta məktəbində baş verib. Bildirilib ki, 24 şagird və 3 müəllimin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

İlkin araşdırmalara görə, zəhərlənməyə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub. Mayın 23-də hava temperaturunun yüksək olmasının məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.

Məktəblərdə elementar təhlükəsizlik qaydalarına niyə riayət edilməməsi adi bir hala çevrilib. Bəs niyə elementar səhlənkarlığın böyük faciələrə yol aça biləcəyinin fərqinə varılmır? Məsuliyyət kimindir? Ümumiyyətlə, məktəblərdə təhlükəsizlik işindəki boşluqlar necə aradan qaldırılmalıdır?

Kamran Əsədov: "Müəllimlərin dərs keçməyə vaxtı yoxdur"

Kamran Əsədov 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, tədris ilinin başlanmasına az qalmış təhsil müəssisələrinin mühafizəsi istiqamətində hər il Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi birgə iş aparır. Lakin bununla belə, bütün məktəblərin mühafizəsi mümkün deyil: “Bu gün 4500-dən çox orta məktəb, 1600-dən çox məktəbəqədər təhsil müəssisəsi, 50-dən çox universitet və o sayda orta ixtisas təhsili müəssisəsi, 100-ə qədər peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onların hamısının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizəsini təmin etmək reallıqdan uzaqdır. Buna böyük vəsait lazımdır. Ancaq ali təhsil müəssisələri, özəl orta məktəb və bəzi dövlət orta məktəbləri öz vəsaitləri hesabına mühafizəni təşkil edə bilər və edirlər.

Qanunvericilik aktlarına uyğun olaraq deyim ki, orta məktəblərin mühafizəsi ilə bağlı Təhsil Nazirliyinin büdcəsində vəsait nəzərdə tutulmayıb. Eyni zamanda qeyd edim ki, bir çox ümumi təhsil məktəblərində mühafizə üçün valideynlərin könüllü əməkdaşlığı təcrübəsi mövcuddur və valideyn komitələrinin bu işə cəlb olunması ilə məktəblər mühafizə olunur".

Ekspertin sözlərinə görə, nə 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunda, nə də “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə məktəblərin mühafizəsi ilə bağlı hər hansı bir məsələ göstərilməyib: “Məktəblər dövlət müəssisəsi olduğu üçün mühafizəyə görə əlavə vəsait ayrılmır. Məktəblərimizin mühafizəsi yüksək səviyyədə deyil. Buna görə də məktəblərdə mühafizə işini görən şəxslərə xüsusi təlimlər keçirilməlidir.

Bu gün məktəbləri təqaüdçü nənə və babalar mühafizə edir. Onlar yalnız şagirdlərin dərs zamanı çölə çıxmasına və valideynlərin məktəbə daxil olmasına mane olur. Amma baş verəcək hansısa hadisədən onlar mühafizə etmək gücündə deyillər".

Kamran Əsədov məktəblərdə təhlükəsizliyin təmin olunması ilə bağlı öz təkliflərini də irəli sürüb:

“Təklif edirəm ki, məktəblərin yaxınlığında mobil patrul dəstələri fəaliyyət göstərsin. Bir neçə yaxın məktəbə o polis dəstələri nəzarət etsin.

Amma mən hesab edirəm ki, yaxşı olardı ki, məktəblərdə müəllimlərin növbətçiliyi təşkil olunsun. Növbətçi müəllimlər məktəblərdə nizam-intizama nəzarət etməlidir. Hər gün hər mərtəbədə bir müəllim növbətçi olmalıdır. Ən əsası məktəbin qapısında da etibarlı, işinə məsuliyyətlə yanaşan nəzarətçilər dayanmalı, məktəbə kimin gəlib-getdiyinə nəzarət etməlidir. Şübhəli görünən və tanış olmayan insanlar sorğu-sual edilməlidir. Kim gəldi, məktəbə buraxmaq olmaz. Buna qanunvericilik də icazə vermir. Məlum olduğu kimi, çox vaxt məktəblilərlə bağlı  bədbəxt hadisələr məktəbdə deyil, məktəbdən kənar yerlərdə baş verir. Odur ki, nəzarətçilər şagirdlər dərsdən çıxıb qaçmasınlar deyə ciddi nəzarət etməlidirlər. Uşaq bir neçə gündür dərsə gəlmirsə, evinə zəng edib maraqlanmalıdırlar. Bəlkə heç evdə də deyil, evdəkiləri “məktəbə gedirəm” adı ilə aldadıb dərslərini səbəbsiz yerə buraxır.

Beləliklə, təəssüf ki, bu gün məktəblərdə təhlükəsizlik məsələləri qənaətbəxş deyil, məktəb intizamı qaydaları yerinə yetirilmir. Ona görə də bu məsələni qabartmaq lazımdır. Məktəblərdə mühafizə deyən kimi, o saat polis yada düşür. Məsələ məktəblərə polislərin cəlb olunmasında deyil, məktəblərin öz daxili intizam qaydalarını yüksəltmək lazımdır. Bu zaman məktəblərin təhlükəsizliyi təmin olunacaq".

Təhsil haqqında qanunda dəyişikliklər (Elşən Qafarov) - ARB24 (Gündəm) -  YouTube

Elşən Qafarov

Təhsil eksperti Elşən Qafarov isə bildirdi ki, konkret olaraq Şəki məktəbində baş vermiş zərəhərlənmə hadisəsində məktəb məsul deyil:  “Şəki məktəbində baş vermiş hadisə məktəb təhlükəsizliyi ilə bağlı məsələ deyil. Qeyd edim ki, ümumtəhsil məktəblərinin mühafizə işinin təşkili ilə bağlı Nazirlər Kabinetinin 19 iyun 2020-ci il 209 saylı Qərarı var. Şəkidə baş vermiş hadisə sanitar-gigiyenik normaların gözlənilməməsi, bu işə nəzarət edəcək Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərinin səriştəsizliyinin nəticəsidir. Yəni, burada birbaşa təhsillə bağlı hal kimi qəbul etmək olmaz.

Məlum olduğu kimi, məktəbdə dezinfeksiya işi aparılıb. Təbii ki, dezinfeksiya işi aparan məktəb deyil, bunu aparan orqan Gigiyena və Epidemiologiya Mərkəzidir. Tədris prosesi gedə-gedə orada dezinfeksiya  işi aparılıb, sanitariya gigiyena qaydaları kobud şəkildə pozulub, nəticədə müəllim və şagirdlər zəhərlənib".

Məsələ ilə bağlı Gigiyena və Epidemiologiya Mərkəzinin də mövqeyini öyrənməyə çalışsaq da, ünvanladığımız suallar cavabsız qaldı.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR