İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə 31 may “sindromu” - dərslər 15-i bitəcək, dərsliklər isə artıq təhvil verilib

1665 03.06.2023 08:00 Təhsil A A

Hər il bu vaxtlar, mayın 31-də orta məktəblərdə faktiki tədris bitmiş kimi olur. Ondan sonrakı iki həftə ərzində - iyunun 14-dək de-fakto dərslərə həm davamiyyət, həm də tədrisin keyfiyyəti aşağı düşür. Çünki hamı sanki çamadan əhvalında olur, faktiki bir-birini yola verir.

Yenə istisna olmadı. Gələn məlumatlara görə, mayın 31-dən məktəblərdə dərsliklər təhvil verilməyə başlayıb. Artıq dərslərdə iştirak etməyə davam etməyin mənasını görmürlər. Halbuki hələ 14-nə xeyli var. “Son zəng” də məhz iyunun 14-nə təyin edilib.

Təhsilin 15 iyunadək davamı nə dərəcədə özünü doğruldur? Çıxış yolu nədir? Bəlkə köhnə sistemə (1 sentyabr-31 may) qayıdılsın? Dərsləri sentyabrda 15 gün gec başlayıb əvəzində iyundakı 15 günlə kompensasiya etmək mümkün olurmu? Yeni sistem nə dərəcədə özünü doğruldub?

Elşən Qafarov: Təşkilatçı niyə müavin sayılmamalıdır ? – Mektebgushesi

Elşən Qafarov: “Vəziyyət göründüyündən də acınacaqlıdır, çünki...”

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, nəinki mayın 31-i, hələ mayın əvvəlindən başlayaraq məktəblərdə ciddi davamiyyət problemi yaranıb: “Mayın axırıncı həftəsindən başlayaraq bəzi siniflər artıq dərslikləri təhvil veriblər. Bu o deməkdir ki, bundan sonra  şagirdin dərsdə iştirak edib-etməməsi onun nəticələrinə heç bir təsir etmir. Yəni şagird istəsə gəlir, istəməsə gəlmir və məktəb rəhbərliyi bu istiqamətdə heç bir addım ata bilmir. Bəs vəziyyət niyə belədir?

Bunun bir neçə səbəbi var. Əsas səbəblərindən biri budur ki, Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarını mart, aprel ayında keçirmək qərarını verib və bunun heç bir məntiqi əsası yoxdur. Yəni əgər tədris ilinin başa çatmasına 12 həftə qalmış, hansı ki, bu, 34 həftənin 3/1-i deməkdir, buraxılış imtahanları keçirilirsə, bu zaman baş verənlər gözlənilən haldır. Acınacaqlı vəziyyətin kökü buradan başlayır.

İkinci səbəb isə budur ki, Təhsil və Elm Nazirliyi uzun müddət mübarizə aparmasına baxmayaraq hələ də tapşırıqla şagirdlərin məktəbə gəlməməsi prosesinin qarşısını ala bilmir. İllərdir bu problem var və sinifdə 2-5 şagird olduqda digər şagirdlər də onlara baxıb gəlmir və məktəb direktorları heç nə edə bilmirlər. İndiki uşaqlar açıq şəkildə bildirirlər ki, digər uşaqlar gəlmirlərsə, biz də gəlmirik. Problem sistemdə və yaxud dərslərin iyunun 14-də bitməsi deyil, problem məhz sistem qaydalarına riayət olunmamasıdır.

Daha bir məsələ, tez bir zamanda böyük summativlər keçirilir və artıq indidən qiymətləndirmələr başlayıb. Əgər böyük summativlər bitdisə, deməli, tədris də bitmiş sayılır. Halbuki  qanunvericiliyə görə, tədrisin bitməsinə 3 gün qalmış bu proses keçirilir, yəni sonuncu həftədə keçirilməlidir.

Başqa bir səbəb isə təhsilin idarə edilməsinə nəzarətin ildən-ilə sürətlə zəifləməsidir. Əgər təhsilə nəzarət 2012-ci illərdə möhkəmlənmişdisə, son illərdə sürətlə zəifləməyə başlayıb və bu, yenidən 2012-ci ildən əvvəlki dövrdə olduğu kimi məktəblərdə neqativ halların kütləvi hal almasına gətirib çıxarır. Yəni vəziyyət əslində göründüyündən daha acınacaqlıdır".

Kamran Əsədov: “ Təhsil sisteminn qarşısında duran ən vacib məsələlərdən  biri də Təhsil menecmentinin formalaşdırılmasıdır” – Mektebgushesi

Kamran Əsədov: “Tədrisin normal təşkili üçün ən yaxşısı 1 sentyabrda dərsləri başlayıb, 31 mayda bitirməkdir”

Təhsil eksperti Kamran Əsədov isə mövzuya bu cür şərh bildirib: “Hesab edirəm ki, tədrisi iyunun 1-dən 14-nə qədər təşkil etmək ehtiyac olmayan addımdır. Bəli, ola bilər ki, biz tədrisin müddətini uzatmaq istəyirik, lakin hazırda Azərbaycanda günəşin işıqlığı və hava temperaturunu, şagirdlərin fiziki, psixoloji vəziyyətini nəzərə alaraq, tədris ilini sentyabrın 1-də başlayıb, 31 mayda bitirmək lazımdır. Biz 1 iyundan 14 iyuna qədər olan vaxtı 1 sentyabrla əvəz etməliyik və bu zəruridir.

Məlum olduğu kimi, dünyanın bir çox ölkələrində tədrisin başlaması müxtəlif vaxtlarda baş verir. Hətta aprel, iyun aylarında başlayan ölkələr var. Tədris müddəti bir neçə amil, o cümlədən ölkənin yerləşdiyi coğrafi ərazi, havanın temperaturu, işıqlı vaxt əsas götürülərək təşkil olunur.  Azərbaycanda da tədris müddətini təşkil edərkən nəzərə  almalıyıq ki, dağlıq, mərkəzi arandakı insanlar bundan necə yararlanacaq, onlara hansı təsir göstərəcək.

Təsəvvür edin, iyunun 1-dən 15-nə qədər dərs təşkil edəndə Mərkəzi Aran, Neftçala, Salyan, Kürdəmirdə günorta saatlarında çölə çıxmaq mümkün deyil və biz bilirik ki, həmin vaxt insanlar dərslərə məktəbə piyada gedir, nəqliyyatdan istifadə etmirlər, bu təbii ki, onların səhhəti üçün çox təhlükəlidir.

Burada bir məsələ də var, 1-14 iyun tarixlərində havanın temperaturu 1-15 sentyabrla eyni deyil. Belə ki, 1 iyundan başlayaraq havanın temperaturu artır, sentyabrın 1-dən isə havalar sərinləşməyə başlayır, temperatur azalmağa doğru gedir. Həmçinin uşaqlar  tətildən qayıtdıqda enerjili olurlar. Yəni fiziki və psixoloji vəziyyəti nəzərə alaraq, dərsləri sentyabrın 1-dən başlayıb, mayın 31-də bitirmək daha effektlidir.

Digər tərəfdən, Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən qeyri-iş günü şənbə-bazar günlərinə düşəndə növbəti gündə də iş olmur. Lakin biz dərsi sentyabrın 1-dən başlasaq, dərs həftələri və günlərinin sayı artacaq, bu da tədris proqramını tam yerinə yetirməyə imkan verir.

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi mart, aprel aylarında buraxılış imtahanları keçirir və tədris tam olaraq mənimsənilmir. Hesab edirəm ki, dərslər 1 sentyabrda başlayarsa, şagirdlər 2 həftə daha çox vaxt qazanmış olacaqlar, tədrisi başa çatdırmaq və təkrarlamaq üçün bu vacibdir. Çox təəssüf ki, may ayının 25-dən etibarən məktəblərin bir çoxunda dərslik kitabları yığışdırılır və şagirdlər KSQ, BSQ imtahanlarını verir, daha sonra dərsə gəlmir, davamiyyət aşağı düşür. 11-ci siniflərdə davamiyyət mart ayından sonra aşağı düşür, çünki onlar düşünürlər ki, buraxılış imtahanlarını veriblər və artıq dərslərə getməyə ehtiyac yoxdur. Əgər bu gün monitorinq aparılsa, məlum olar ki, 1-14 iyun tarixlərində dərsə gələn uşaqların sayı dəfələrlə azdır".

Xatırladaq ki, dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Məsələn, Rusiyada ənənəvi olaraq 1 sentyabr “Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar ertəsi günü başlayır.  Belçika, Çexiya, Macarıstan, İsrail, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir. İranda və Türkiyədə dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır. Yaponiyada məktəblər aprelin 6-da açılır və tədris ilinin yekunu növbəti mart ayına təsadüf edir. Koreyada isə dərslər martda başlayır və dekabra qədər davam edir. Malayziyada məktəblər yanvarda, Çilidə, Kosta-Rikada isə fevralın sonları, yaxud martın əvvəllərində açılır.

ABŞ-da da “Bilik günü”nün konkret tarixi yoxdur. Ştatlar və yerli qanunverici orqanlar bunun üçün fərqli tarixlər seçirlər. Bir çox məktəblər “Bilik günü” sentyabr ayının ilk bazar ertəsi, yaxud cümə axşamına təsadüf edir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR