İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehriban Əliyevanın diplomatik dillə etirazı - UNESCO fikirləşsin...

3233 15.11.2022 19:15 Yazarlar A A

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verib və bu barədə UNESCO-nun baş direktoru, Fransanın keçmiş mədəniyyət naziri olmuş Odri Azulaya məktub ünvanlayıb.

Musavat.com xəbər verir ki, Birinci vitse-prezident bu vəzifədən imtinanı Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra özünün genişmiqyaslı bərpa və quruculuq işlərinə yaxından cəlb olunması və bu xüsusda UNESCO çərçivəsində xoşməramlı səfir vəzifəsinə diqqət ayrılmasının imkan xaricində olduğu ilə izah edib.

Əslində, Mehriban xanım Əliyevanın bu qərarı diplomatik dillə sözügedən təşkilata bir etirazdır.

Hər kəsə bəllidir ki, UNESCO son illərdə Azərbaycana qarşı faktiki olaraq ikili yanaşma sərgiləyir.

cabd73a4-a7c4-4305-a816-1c15dd0f.jpg (127 KB)

Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı səfir kimi 18 illik fəaliyyəti dövründə Azərbaycan-UNESCO əlaqələrinin yüksələn xətlə inkişafına, UNESCO-nun dəyərlərinin təbliği istiqamətində səylərə, bir sıra ölkələrdə mədəni irsin qorunması istiqamətində dəstəyə rəğmən, bu təşkilat tərəfindən Azərbaycanın çağırışlarına qarşılıq verilməməsi göz qabağındadır.

Belə ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi və təhqir olunması məsələsi Azərbaycanın UNESCO qarşısında qaldırdığı əsas məsələrdən biri olub. Hər kəsə bəllidir ki, erməni vandalları işğal etdikləri torpaqlarımızda daşı daş üstündə qoymayıblar. Onlar evləri dağıdıb, tarixi abidələri yerlə bir ediblər. Bu gün Şuşaya xeyli diplomatik nümayəndə, xarici vətəndaş gedib. Onlar Şuşaya ilk növbədə Füzulinin ərazisindən keçməklə gedirlər. Füzulidən keçən yolda erməni vandallığını açıq-aşkar görmək olur. Füzulidə bir dənə də olsun sağlam bina qalmayıb. Abidələrin izi-tozu da yoxdur. Eləcə də digər işğal altında olan ərazilərimizdə sökə bildiklərini darmadağın ediblər. Yarı-uçuq, az sökülmüş qalan abidələr isə materialının möhkəm olması səbəbindən ayaqdadır. Onların da daşında, divarında erməni vəhşiliyinin izini görmək mümkündür. Ancaq bununla belə UNESCO susur.

e50df853-96f4-3a80-9421-1a503137.jpg (73 KB)

Ölkəmizin mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi kimi Ermənistanın cinayətləri barədə UNESCO mütəmadi olaraq məlumat verilməsinə baxmayaraq, təəssüflər olsun ki, son 30 ildə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə UNESCO işğal olunmuş ərazilərə missiya göndərməyib.

Bunun əksinə, Azərbaycan Vətən müharibəsində qələbə qazanan kimi, Azərbaycanın guya bəzi abidələri dağıtmaq barədə Ermənistanın iddiaları əsas alınaraq UNESCO missiyanın göndərilməsi istiqamətində canfəşanlıq etdi. Bu dəfə də, Azərbaycanın xoş məram nümayiş etdirərək missiyaya razılıq verməsinə baxmayaraq, UNESCO səfərin təşkil olunacağı ərazilərin kimə məxsusluğu barədə Ermənistanla yaranmış fikir ayrılıqlarını bəhanə gətirdi və yenə də missiya reallaşmadı.

Bütün bunlar göstərir ki, Azərbaycana qarşı birtərəfli mövqe sərgilənməsinin səbəbləri sırasında Fransa əsilli baş direktorun olması istisna edilməməlidir.

16366892493519944866_1000x669.jpg (127 KB)

Nəzərə alınmalıdır ki, hələ 2005-ci ildə baş direktor Koiçiro Maatsura dövründə UNESCO ən azından Azərbaycanın çağırışlarına reaksiya verirdi, təşkilatın hesabatında missiyanın göndərilməsinin qarşısını alan səbəb kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı nəticəsində əraziyə girişin mümkün olmamasını qeyd etmişdi.

Əvvəlki baş direktorlar tərəfindən sərgilənən bu və başqa qismən ədalətli mövqeyə, UNESCO-nun prinsiplərinə hörmətə baxmayaraq, Odri Azulayın yanaşmalarının təməlində Fransanın da ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyası və Azərbaycana qarşı ziddiyyətli mövqeyinin dayandığı güman olunur. Məlumdur ki, Fransanı bacısı Ermənistanla bir çox tarixi cinayətlər bağlayır. Hər ikisi zaman-zaman eyni cinayətkar yolun yolçusu olublar ki, bu barədə də daha öncə dəfələrlə yazmışıq.

İndi isə sözsüz ki, Azərbaycan məhv edilmiş mədəni irsin bərpasında UNESCO-nun əsas prinsiplərini qoruyub saxlayacağı barədə dəfələrlə səsləndirdiyi bəyanatlara belə məhəl qoyulmadığı açıq aydın qərəz kimi qiymətləndirilməlidir.

Heç şübhəsiz ki, Azərbaycanın UNESCO-nun işinə uzun illər verdiyi töhfənin məhz təşkilatın imicinin qaldırılmasına əsaslandığını, ölkəmizin təşkilatın işində fəal rolunu nəzərə alaraq, Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı səfir vəzifəsindən imtinasından sonra Azərbaycanla münasibətlərdə məhz itirən tərəf UNESCO olacaq.

Ona görə də UNESCO fikirləşməlidir və qərarlarında ikili yanaşmalardan əl çəkməlidir. Üzərinə düşən missiyanı doğru yerinə yetirməlidir. Ən azından tarix, haqq və ədalət üçün...

Əli Rais,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR