İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məhkəməsiz edamlar”a görə edamsız məhkəmələr olacaq...

2233 07.09.2022 15:27 Yazarlar A A

Bu barədə ilk dəfə yalnız sosial şəbəkədə, o da üçüncü şəxsin dilindən yazıldı. Müxalif yönlü fəal istifadəçi yazmışdı: “Dünən qonşumuzun hərbçi oğlunun meyidini gecəylə gətirib dəfn etdilər. Valideynlərinə deyiblər, oğlunuz vətən xainidir, düşmənə casusluq edib, istintaq zamanı ölüb”.

Tək bu deyildi, sonra başqa qeydlər də oldu. “Qonşusunun hərbçi oğlu”nun (yaxud qohumunun) casusluğa görə tutulduğunu, ailə üzvlərinin əllərinin heç yerə çatmadığını yazanlar vardı.

Bu xüsusda informasiya almaq mümkün deyildi. Ortada “düşmənə casusluq” ittihamı vardı, “hərbi sirr pozula bilərdi”. Heç övlad itkisi yaşayan valideynlər də əvvəl-əvvəl qorxunc ittihamın şokuyla heç nə demirdilər, onun əzici tonnajının altında qalmışdılar.

Aprel döyüşlərində müəyyən hərbi uğurlar qazansaq da, verdiyimiz itkilərin miqyasından doğan məyusluq da vardı, itkilərin satqınlıq və xəyanət nəticəsində çox olduğu barədə söz-söhbətlər yayılmışdı.

Ona görə də bir çoxlarına elə gəlirdi ki, xainin cəzası məhz ölüm olmalıdır. “Gecəylə gətirilib dəfn olunan xainlər”in aqibətini təbii qəbul edənlər, “məhkəməsiz edamlar”a haqq qazandıranlar az da olsa vardı.

Ancaq adı üstündəydi: “məhkəməsiz edamlar”. Heç bir vicdanlı və obyektiv insan ən qatı vətən xainlərinin belə mühakiməsiz edam olunmasına haqq qazandıra bilməzdilər və haqq qazandırmırdılar. Çox adam düşünürdü ki, bu məsələdə nəsə qaranlıq məqamlar var. Xainin xainliyi sübut olunmalıydı, son sözü dinlənilməliydi. Bu işlər kiminsə birinə barmaq tuşlayıb “xainsən” deməsiylə, sonra onu öldürməsiylə ola bilməzdi.

Lap qədimlərdən bəllidir: əgər ağır cinayətdə ittiham olunan biri məhkəməyə çıxmadan ölürsə və öldürülürsə, bu, o deməkdir ki, onun məhkəmədə danışacaqları şeylərdən qorxanlar, adamın əbədi susmasını istəyənlər var.

“Vətən xainlərini” məhkəməyə qədər aradan götürənlərin buraxdığı ən böyük səhv də məhz bu idi. Onlar öz cinayətlərini ört-basdır etmək istəyərkən daha ağır cinayətlər törədir, bu zaman dövlətin arxasında gizlənir, cəzasız qalacaqlarına ümid edirdilər.

Bu şəxslər, sonradan da ortaya çıxdığı kimi, heç də xırda adamlar deyildilər, general, polkovnik rütbəsi daşıyan, ordunun onurğa sütunu olan şəxslər idi və elə bir mafiya yaratmışdılar ki, onlarla baş etmək çətin idi. Bu şəxslər Siciliyadakı kimi “omerta qanunu” tətbiq edirdilər: cinayəti bilənlərin hamısı susmalıdır, danışmaq istəyənlər isə susdurulmalıdır.

Bir neçə il belə davam etdi. Nəhayət, işgəncə görən hərbçilər və işgəncədən ölənlərin valideynləri şokdan çıxdılar və dərdlərini ictimailəşdirmək üçün alternativ media platformalarından yararlandılar.

Əvvəlcə aidiyyatı strukturların cavabı belə oldu ki, heç bir “Tərtər işi” deyilən hadisə olmayıb, heç kəsə işgəncə verilməyib, heç kəs işgəncədən ölməyib. Daha sonra bu rəy bir qədər də dəyişdi: “Müəyyən qanun pozuntuları olub, zərərçəkənlər var, araşdırma aparılır, günahkarlar məsuliyyətə cəlb olunacaqlar”.

Əslində bu da yolavermə idi. İş hermetik şəkildə ört-basdır edilməkdəydi, heç kəs məsuliyyətə cəlb edilmirdi və edilməyəcəkdi.

Nəhayət, 44 günlük müharibə zamanı ordunun ikinci adamının, baş qərargah rəisinin müharibəyə cəlb olunmaması, hətta tam əksinə, müharibənin başlanmasının ertəsi günü vəzifəsindən götürülməsi göstərirdi ki, “ordu mafiyası”nın başında duran adam, konkret olaraq Nəcməddin Sadıkov etibarını itirib.

Məhz ondan sonra “Tərtər işi”nin çözüləcəyinə inam gücləndi. Sonrakı vaxtlarda isə hər şey corab söküyü kimi getməyə başladı. Hazırda bu işlə bağlı xeyli həbs olunan, məsuliyyətə cəlb edilən var.

Ancaq yenə də nəsə hər şey şəffaf deyil və iş ləng gedir kimi bir görüntü var. İctimaiyyət bu cinayətin başında duranların tam heyətdə ifşa olunmasını və onların bu işə qol qoymaqda əsl məqsədlərinin nə olduğunu bilmək istəyir.

Hələlik güman ona gedir ki, bu şəxslərin məhz özləri Aprel döyüşləri zamanı vətənə xəyanət ediblər, ordumuzun müzəffər yürüşünə əngəl törədiblər, sonradan xəyanət faktının üstünün açılacağından qorxaraq ordu birləşmələrinin şəxsi heyəti arasından qurbanlar seçiblər, bütün təqsiri onların üzərinə yükləməyə çalışıblar.

Belədir, ya belə deyil, obyektiv istintaq hər şeyi ortaya çıxaracaq.

İndilikdə isə bəlli olan odur ki, bu şəxslər ötən əsrin otuzuncu illərində SSRİ-də terror rüzgarı əsdirmiş Yaqoda-Yejov-Beriya üçlüyü kimi hərəkət edərək günahsız insanlara ağır işgəncələr veriblər, bəzilərinin həyatına qəsd ediblər, bəzilərini şikəst qoyublar, dövlətin etibarına zərbə vurublar.

Sovet dövründə repressiya edənlərin sonradan repressiya olunması faktları çox olub, bizim repressiya edənlərimiz isə sadəcə layiqli cəzalarını almalıdırlar. Heyf ki, “məhkəməsiz edamlar” həyata keçirən şəxslərin məhkəməsi edamsız olacaq. Çünki bizdə ölüm hökmü çoxdan ləğv olunub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR