İnsanlara hürriyət, millətlərə istiqlal!

Mədəni irsimizə dəyərli töhfə: “Qarabağ mətbəxinin inciləri” - Fotolar

1513 05.11.2022 20:57 Mədəniyyət A A

Əməkdar incəsənət işçisi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) və Dünya İslam Kulinariya Birliyinin (WICS) prezidenti Tahir Əmiraslanovun müəllifi olduğu daha bir kitabın təqdimatı keçirilib.

Musavat. com xəbər verir ki, "Qarabağ mətbəxinin inciləri" kitabının təqdimat mərasimdə QHT-yə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, agentliyin Müşahidə Şurasının üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tahir Əmiraslanov bildirib ki, kitab QHT-yə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çap edilib: "Kitabın ərsəyə gəlməsində əsas dəstəyi göstərən QHT-yə Dövlət Dəstəyi Agentliyinə minnətdarlığımı bildirirəm. Vaxt tapıb ön sözü yazdığına görə Aygün Əliyevaya xüsusi təşəkkür edirəm. İlk təqdimat Şuşada, əsgərlər və zabitlərin iştirakı ilə gerçəkləşdi. Biz onlara Qarabağ mətbəxinin ən ləziz təamlarını bişirdik. Eyni zamanda dərslər keçib, sertifikatlar verdik. Kitabın "Şuşa ili"ndə təqdim olunması şəxsən mənim üçün çox qürurverici hadisədir. Bilirsiniz ki, layihəmiz "Şuşa ili" çərçivəsində elan edilmiş xüsusi qrant müsabiqəsinin qalibi olub. Biz qrantı udanda elə reaksiya verdilər ki, sanki cinayət törətmişik. Hər şey tam şəffaf keçirildi. Biz QHT-yə həqiqətən dəstək göstərən təşkilat gördük" .

QHT-yə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, müsabiqə ölkə başçısının müvafiq tapşırığı ilə elan olunub: "Müsabiqəyə 200-dən çox layihə təqdim edildi. Bir-birindən maraqlı layihələr vardı. Seçim etmək çox çətin idi. Yekunda 22 layihə seçildi. Tahir Əmiraslanov illərdir ömrünü Azərbaycan mətbəxinin tanıdılmasına həsr edib. Qarabağ işğal olunanda yalnız torpaqlarımız işğal olunmamışdı, həmçinin mədəniyyətimiz, mətbəximiz də işğal olunmuşdu. Şadam ki, Qarabağa onun mətbəxi də qayıdıb. Layihədə dəstəyi olan hər kəsə minnətdaram".

Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov belə bir kitabın yazılması ideyasını yüksək dəyərləndirib: "Bütün layihələri diqqətlə oxudum. Düşmən milli-mənəvi dəyərlərimizi mənimsəmək üçün çox çalışıb, irsimizi də ələ keçirmək istəyib. Bu irsi qorumaq bizim vətəndaşlıq borcumuzdur. Tahir Əmiraslanov bu missiyanı uğurla davam etdirir".

Qeyd edək ki, kitabın həmmüəllifləri Aynurə Əmiraslanova, Ceyran Əsgərova, Gülnar Ələsgərova və Ehtiram Fərzəlibəyovdur. Nəfis tərtibatlı nəşrdə Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və digər rayonlara məxsus xörəklərin hazırlanma qaydası təqdim olunub.

Nigar HƏSƏNLİ,
Fotolar müəllifindir,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR