İnsanlara hürriyət, millətlərə istiqlal!

""McDonald’s" azərbaycanlılara haram ət yedizdirir" - qida mühəndisindən ilginc iddia

6251 24.01.2023 12:13 Yaşam A A

Şəbəkə ölkəmizdə niyə yerli istehsalçıdan mal tədarük etmir; Eyyub Hüseynov: “Xaricdən idxal olunan, ilk baxışdan qətiyyən ətə oxşamayan, taxtaya bənzər, diametri təqribən 20 santimetr olan guya ətlər gətirilir, xüsusi cihazlarda şişirdilir”

Zaman-zaman xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən şirkətləri barədə şikayətlər daxil olur. Qida istehlakı ilə bağlı narazılıqlar isə əsasən “McDonald’s” və KFC haqqındadır. İnsanlar bildirirlər ki, adıçəkilən yerlərdən aldıqları qidaları ilk qəbul etdikdə dadı xoşəgələn olsa da, sonradan mədə pozuntusu iə üzləşiblər. 

Qida mühəndisi Yusif Həkim də narazı olanların sırasındadır. O bildirib ki, “McDonald’s”ın istifadə etdiyi ətlərin mənbəyi ilə bağlı araşdırma aparıb və ilginc nəticələr əldə edib: ""Mcdonald’s"ın istifadə etdiyi ətləri araşdırmaq üçün saytları üzərindən müraciət etmək istədim. Lakin müraciəti yalnız konkret restoran üzrə etmək mümkün idi. Sonra e-mail ünvanı axtardım ki, məktub göndərim, onu da tapmadım. Sonda poçtla məktub göndərməyi qərara aldım. 29.12.2022-ci il tarixində poçtla məktub göndərdim. 11.01.2023-cü il tarixində şirkət e-mail üzərindən mənə cavab göndərdi. Lakin verdiyim suallara aydın cavab vermədikləri üçün həmin gün yenidən e-mail üzərindən sualları dəqiqləşdirmək üçün müraciət ünvanladım. Bütün yazışmaların şəklini də paylaşmışam. Sonuncu müraciətimə cavab vermədiklərini görüb, kiçicik araşdırma etdim. Həqiqətən də burada istifadə edilən ətlər “halal” deyil. İstər toyuq, istər mal əti.

Yusif Həkim

Ətlər “OSI Food Solutions” tərəfindən təchiz edilir. Təchizatçı ətlərin “halal” olması barədə heç nə qeyd etmir. Həmçinin mal və toyuq ətindən başqa donuz ətini də təchiz edir. Balıq ətinə gəldikdə isə eyni yerdə bişirildiyi üçün o da digərlərinin hökmündədir, yəni qida təhlükəsizliyi termini ilə ifadə etsək, çarpaz bulaşmaya səbəb olub. Məlumat üçün bildirim ki, burada Mintay balığı istifadə edilir. Həmçinin şirkət restoranın da, tədarük etdikləri ətlərin də (toyuq, mal, balıq) HACCP sertifikatlarını təqdim etməyib".

Qida mühəndisi bizimlə söhbətdə əlavə etdi ki, Türkiyədə qırmızı ət “Namet”, toyuq əti isə “Banvit” şirkəti tərəfindən təmin edilir: “Niyə ölkəmizdə yerli istehsalçıdan mal tədarük etmirlər? Yeri gəlmişkən, koşer yeməklərin verildiyini bildirmək üçün "McDonald’s" şirkətinin İsraildəki restoranlarının ikisində loqo ağ-mavi rənglərdə təsvir olunub. Azərbaycanda isə ümumiyyətlə hansı ətlərdən istifadə etdikləri barədə məlumat verməyə lüzum görməyiblər..."

Eyyub Hüseynovun qızı vəfat etdi

 Eyyub Hüseynov

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da “Yeni Müsavat”a dedi ki, AİB ölkədə halal standartlarla bağlı vəziyyəti dəyişdirmək üçün iyirmi ilə yaxındır xeyli iş aparıb: “Halal standartın verilməsi uzun illər pul müqabilində olub. On il bundan öncə bu vəziyyətin dəyişdirilməsinə nail olduq. Pul amili aradan tam yığışdırıldı. Lakin pandemiya dövründə sakitlik oldu. Sonradan məlum oldu ki, çox sayda xarici və yerli MMC-lər pul müqabilində halal standartı verir. "McDonald’s", KFC kimi xarici şirkətlərdə halal qidadan söhbət gedə bilməz. Mən həm “McDonald’s”ın, həm də KFC-nin mətbəxində olmuşam. Xaricdən idxal olunan, ilk baxışdan qətiyyən ətə oxşamayan, taxtaya bənzər, diametri təqribən 20 santimetr olan guya ətlər gətirilir, xüsusi cihazlarda şişirdilir. Nələrsə qarışdırılır və bir anın içərisində hazırlanır. KFC-də hətta halal standartın olduğunu görmüşəm. Amma bu ətlərin mənşəyi barədə heç bir məlumat yoxdur. Birmənalı şəkildə Amerikada istehsal olunan süni, ən mənfur komponentlərdən alınan ətlər burada istifadə olunur. Ümumiyyətlə, burada işləyən insanlardan halallıqla bağlı sorğularımdan sonra bəlli oldu ki, heç bir bilikləri yoxdur. Bu isə insanları aldatmaqdır.  Amerikadan, İngiltərədən gələn ətlərə baxaq. Ölkəmizə bir çox ölkələrdən halal adı altında mal gətirilir. Bu inancı olan insanların aldadılmasıdır. Ona görə AİB halal standartın qəbulunda təkliflər verib. Hansı istehsal müəssisəsi halal mal buraxırsa, onun bank krediti məsələsi olmamalıdır. Eyni zamanda təkliflərdən biri də halal mal istehsal edən müəssislər mütləq onlayn izləmə imkanına malik olmalıdır. İnancı olan şəxs dünyanın istənilən yerindən onu izləyə bilməlidir".

Ekspert əlavə edib ki, istehlakçı hüquqlarını qoruyan dünya təşkilatları üç ildən bir dünyanın müxtəlif yerlərində toplandığı zaman mütləq “McDonald’s” yeməklərini təhlükəli yemək kimi xarakterizə edir:  “O təşkilatlar insanların, xüsusən də uşaqların ondan uzaq olmasına çağırır. Halal qida isə dünyada ekoloji təmiz qida kimi xarakterizə olunur. Dünya Halal Konqresində iştirak etmişəm. Dünyada hətta inancı olmayan xalqlar belə halal mala üstünlük verir və dünyada bir ildə 3 trilyona qədər halal ərzaq mallarına pul xərclənir. Qeyri-müsəlman olan Cənubi Afrikada da halal mallar ekoloji təmiz mal hesab olunur. Belə bir vəziyyətdə  "McDonald’s", KFC halal ola bilməz. Bu yalançı bir sertifikatdır. İstənilən vaxt AİB orada monitorinq apara bilər. Bununla bağlı çox ciddi nəzarət olmalıdır. Təəssüflər olsun ki, AQTA bu məsələlərə nəzarət etmir. AİB olaraq çalışacağıq ki, AQTA bu məsələdə nəzarət işini öz üzərinə götürsün".  

Qeyd edək ki, məsələ ilə bağlı “McDonald’s”la əlaqə saxlamağa cəhd etdik, amma cavab verilmədi. Mövzu ilə bağlı yaranan sualları isə Qida Təhlükəsizliyi Agentliyinə ünvanladıq. Onların cavabını aldıqda, dərc edəcəyik.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR