İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşa və Ayının acığına... Ukrayna yaşayacaq!

2746 19.06.2022 12:58 Yazarlar A A

Rusiya rəsmilərinin Ukraynanı və ukraynalıları aşağılaması adi hal almaqdadır. Hətta bir-biriləri ilə yarışa giriblər sanki. İşğalçı Rusiyanın yanında olmayan, neytral qalan postsovet ölkələrini də axır vaxtlar Ukraynaya qatıb, hədələyirlər.

XİN mətbuat nümayəndəsi Mariya Zaxarova dünən bəyan edib ki, bəs Ukrayna heç vaxt əvvəlki sərhədlərində olmayacaq. Maşa elə bil BMT üzü olan bir dövlətdən yox, hansısa cırtdan, “izqoy” ölkədən, yaxud separatçı və qanunsuz bir qurumdan danışır. Hərçənd, Rusiya özünə sərf edəndə separatizmə o saat qucaq açır, insan haqları və öz müqəddəratı təyinetmə haqqından dəm vurur, sərf eləməyəndə isə azadlıq istəyən xalqa“ terrorçu” damğası yapışdırıb onu qan gölündə boğur – Çeçenistan- İçkeriyadakı kimi. Bu, belə ikiüzlü Rusiyadır.

Mətləbdən uzaqlaşmayaq.

Zaxarovadan bir neçə gün qabaq Angela Merkelin sabiq köməkçisinin “siyasi kloun” adlandırdığı eks-prezident Dmitri Medvedyev (“Medved” – “Ayı” Rusiyanın simvolu sayılır) belə demişdi: “Hələ bilmək olmaz, Ukrayna adında dövlət 2 ilə dünyanın siyasi xəritəsində qalacaq ya yox”.

Şimaldan bu qəbil imperialist ruhlu bəyanatların sayı xeyli çoxalıb. Səbəb qaranlıq deyil əslində. Putin Rusiyası güman edir ki, Ukraynadakı hərbi təcavüz kampaniyası yoluna düşüb, Donbasda “top əti” hesabına olsa da, irəliləyişlər var. Eyni səbəbə bir çoxu, o sırada Rusiyadan kənarda olub onun məğlubiyyətini arzulamayanlar iddia edir ki, Ukraynanın resurslarının dəfələrlə az olması onun müharibədə uduzmasını qaçılmaz edəcək.

Yanlış düşüncədir. Əvvəla, Ukrayna xalqı öz torpağında vuruşur ki, bu da ona müstəsna mənəvi güc, müqayisə olunmaz döyüş ruhu verir. Biz hələ partizan müharibəsini demirik. Yeri gəlmişkən, işğal edilən bəzi ərazilərdə artıq o başlayıb. Məsələn, o gün partizanlar ruslara satılan bir ukraynalı polis zabitinin avtomobilini uzaqdami idarə olunan mina ilə partladıblar.

İkincisi, Ukrayna 4-5 milyonluq Gürcüstan deyil. 45 milyonluq dövlətdir və onun qısa müddətdə yüz minlərlə vətəndaşını orduya cəlb eləmək potensialı var. Yəni, xalq - ordu modeli. Bu proses gedir. Qərbin gəlməkdə olan yüksək keyfiyyətli, ağır və ölümcül silahları da öz yerində. Qısası, Ukraynanın nə silah-sursat (özü də müasir silah-sursat!) və insan resursu, nə də maliyyə sarıdan korluq çəkməsi gözlənilmir.

Ukraynalılar da bəzi skeptiklərin söylədiyi kimi, heç yerə yox olan, qırılıb-qurtaran deyil. Ukrayna xalqı, Ukrayna dövləti təbii ki, yaşayacaq, var olacaq. Çünki artıq o, oturuşmuş dövlətdir. Yiyəsiz heç deyil. Gör nə boyda dost-müttəfiqləri var arxasında. Əksinə, Moskvanın özünün anti-Rusiya koalisiyası ilə cəmi bir neçə il müharibə aparmağa resursu yoxdur. Nahaq yerə ruslar tələsmir ki. Əsəbi, aşağılayıcı bəyanatlar əslində həm də burdandır.

O doğru ki, Ukrayna indi çox həssas, ən ağır dönəmdən keçir. Rusların yuxusunu ən çox qaçıran isə qarşı tərəfin yeni mükəmməl silahlar və hərbi sistemlərlə təchizatının və Ukrayna ordusuna hazırlıqlı təzə canlı qüvvənin cəlb olunmasının, rotasiyanın başa çatmaq üzrə olmasıdır. Söhbət 1 milyona yaxın yeni hərbçidən gedir! Çağırışçıdan yox, yaxşı hərbi hazırlıq görmüş döyüşçüdən!

Ukrayna dövlətinin Maşa və Ayının acığına yaşaması, ayaqda durması üçün təzə “qan” demək olacaq bu. “Bizim insanların yaşamaq eşqi qədər Rusiyanın raketləri yoxdur”. Bunu da Zelenski dünən ölkənin cənubuna səfərdən qayıdandan sonra deyib. Adam haqlı.

Əlbəttə, heç kəs müharibənin uzanmasını istəmir. Ona görə ki, bu, hər gün yüzlərlə insanın, o cümlədən dinc sakinin ölümü və yaralanması deməkdir. Amma nə yazıq ki, müasir rus imperiyası üçün də nəinki hücum elədiyi xalqın, öz əsgərlərinin belə həyatının “qara qəpiklik” dəyəri yoxdur. Rusiya dünyanın yeganə anormal dövlətidir ki, bunca ərazilərə malik olsa da, yenə torpaq qəsb eləməkdən gözü doymur.

Putin hələ indi-indi işğalçıları haqq qazandıraraq bəyan edir ki, “biz yalnız bizim olanı qaytarırıq”. Sən demə, Rusiya öz “halal, tarixi torpaqlarını qaytarmaqla” məşğul imiş. Görəsən kim müəyyən edib ki, Donbas, Ukrayna, Baltikyanı ölkələr, Qazaxıstan, Orta Asiya Rusiyanın tarixi, əbədi, halal torpaqlarıdır?

Sözsüz ki, bu qəbildən suallar velikorus virusuna yoluxanları maraqlandırmır. Çünki güvəndikləri tək şey hərbi gücdür. 500 ildir hesab edirlər ki, güclüsənsə, demək, haqlısan. Odur ki, Ukraynada Şər imperiyasını kəsici dişləri mütləq sındırılmalıdır. Həmişəlik! Ki, bir daha heç kimi qapa, dişləyə bilməsin!..

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR