İnsanlara hürriyət, millətlərə istiqlal!

Marşala “qatilsən” dedi, azərbaycanlı gənclər küçədə bıçaqladı... –Bəstəkar Arif Məlikovun HƏYATI

1401 14.09.2023 16:23 Yaşam A A

Dünən bəstəkar Arif Məlikovun doğum günü idi. O, 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olub.

Musavat.com Sfera.az-a istinadən dahi bəstəkarla bağlı maraqlı məlumatları təqdim edir.

Məlikov 1960-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirib. Həmin ildən orada dərs deməyə başlayıb və ömrünün sonuna kimi Dövlət Konservatoriyasında professor, o cümlədən bəstəkarlıq kafedrasının müdiri kimi çalışıb. Yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti ona dünya şöhrəti qazandırıb.

Üzeyir Hacıbəyovu qarabaqara izləyən bəstəkar...

Məlikovun Ü.Hacıbəyovu ilk görüşü çox maraqlı olub. Belə ki, Asəf Zeynallı adına musiqi məktəbində oxuyan zaman Məlikov küçədə təsadüfən Üzeyir Hacıbəyovu görüb. 15 yaşlı gənc bəstəkarın arxasınca qarabaqara gedib. Gözlərini Hacıbəyovdan ayırmayan Arif yolda kiməsə toxunub və "korsan?" sualını eşidib. O günləri bəstəkar belə yada salıb: "Mən kor deyildim, görürdüm, mən canlı Hacıbəyovu görürdüm”.

“Hansısa güc məni vadar etdi ki, Nazim Hikmətə yaxınlaşım və...”

Bəstəkarın Nazım Hikmətlə yaxın dostluğu var idi.  Övladından ayrı düşmüş şair Arifi oğlu Mehmet qədər sevirmiş. A.Məlikov müsahibələrinin birində belə deyib:

“1958-ci il idi. O zaman mən cavan bir oğlan idim. Hansısa gözəgörünməz güc məni vadar etdi ki, Nazim Hikmətə yaxınlaşıb, əsərinə musiqi bəstələmək istədiyimi deyim. İndinin özündə də baş aça bilmirəm ki, o güc mənə hardan gəlmişdi? Nazim Hikmətin gəncliyin fövqəladə gücünə böyük inamı vardı. Mənə olan münasibəti də bu inamdan qaynaqlanırdı. Get-gedə isnişdik, doğmalaşdıq, məni oğul gözündə gördü. İndinin özündə də dərin təəssüf hissi ilə xatırlayıram; Moskvaya növbəti səfərim zamanı ona bir az gec zəng etmişdim. Bunu biləndə ürəyinin ağrısı tutmuşdu. Ziyarətinə gec getdiyim üçün ərklə "Səni oğul sayıram, amma sən bir telefon zəngini də qıymırsan mənə" - deyib məni tənbeh etdi. İstənilən vaxt bağına gedib-gələ bilmək səlahiyyətim var idi. Birlikdə kabab çəkər, arxayınlıqla deyib-gülərdik. Bəzən türk kababını özü hazırlayardı”.

Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — "Məhəbbət Əfsanəsi"si Arif Məlikova böyük şöhrət qazandırdı. Baletə böyük həyəcanla baxan Nazim Hikmət tamaşadan sonra jurnalistlərə verdiyi müsahibələrinin birində belə söyləyib: "Arif Məlikov mənə deyəndə ki, "Məhəbbət əfsanəsi" baleti yazmaq istəyirəm, çox şad oldum. Bu gün gördüklərim təsdiqlədi ki, mən nahaq yerə sevinməmişəm. Bir daha əmin oldum ki, balet muzey incəsənəti deyil, bu, müasir incəsənətdir”.

Deputatlığa görə bıçaqlanıb, marşala “Sən qatilsən!” deyib...

Məlikovun başına qəribə hadisələr də gəlib. Hər zaman açıqsözlü olan bəstəkar 1990-cı il 20 Yanvar hadisələrindən sonra, Ali Sovetin deputatı olan zaman SSRİ Ali Sovetinin tribunasına çıxaraq, marşal Yazova "Sən qatilsən!" deyib. Bu barədə o, müsahibələrində belə deyib:

“Mən Qorbaçova çox söz demişəm. Təbii ki, təhqir etmişəm. SSRİ Ali Sovetinin tribunasına çıxıb dedim ki, Yazov, qatilsən... Dünyanın çox ölkələrində əsərlərim tamaşaya qoyulurdu, o cümlədən Rusiyanın böyük teatrlarında. Yəqin ona görə məni öldürə bilmədilər. Tanıdığım adamlar arasında elələri olub ki, kabinetində anasını da söymüşəm, özünü də. Mərkəzi Komitənin katibi olmasından belə qorxmamışam”.

“Bir də gördüm ki, köynəyim qan içindədir”

Məlikov hətta bir qrup gənc tərəfindən bıçaqlanıb. Bu isə deputatlıqdan imtina etmədiyinə görə baş verib: “Azərbaycanlılardan ibarət bir rup gənc mənə yaxınlaşdı ki, SSRİ Ali Sovetinin deputlığından imtina elə. Dedim: “Axı niyə?” Dedilər: “Biz onlarla qurtardıq”.

Dedim: “Biz də onlarla qurtarmışıq. Amma SSRİ Ali Soveti fikirlərimizi deməyə şərait yaradır”. Gənc oğlanın biri dedi ki, yox, biz belə istəyirik”. Dedim: “Yekə oğlansan, demaqoqluq eləmə, get işinlə məşğul ol”. Elə bu sözü demişdim ki, arxada dayanan gəncin biri döş qəfəsimin altına bıçaq soxdu. Bir də gördüm ki, ağ köynək qan içindədir. Barmağımı üstünə qoyub yavaş-yavaş aşağıda yerləşən poliklinikaya düşdüm. Nə isə, yaranı təmizlədilər. İndi də həmin bıçaq hadisəsindən bədənimdə nazik iz qalıb. Çünki bıçaq bədənimi kəsib doğramamışdı”.

Heydər Əliyev mənə dedi ki…

Ulu öndər Heydər Əliyev  də Arif Məlikovun yaradıcılığını yaxından izləyib, sevib... Bəstəkarın onunla çox maraqlı xatirələri var. Bunlardan biri də 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Arif Məlikovu özü ilə birlikdə Məkkə ziyarətinə aparması idi. Bəstəkar o zamanları belə xatırlayıb:

“Ziyarət zamanı Heydər Əliyev mənə dedi ki, Arif, bilirsən səni bura niyə gətirmişəm? İstəyirəm ki, sən buraları da görəsən və bunun təsiri altında bir simfonik əsər yazasan. Geri döndükdən sonra "Əbədiyyət simfoniyası"nı yazdım. Mən o əsəri Heydər Əliyevə həsr etdim. Təəssüf edirəm ki, "Əbədiyyət simfoniyası"nı dinləmək ona qismət olmadı. Həmin simfoniya o böyük insanın ildönümündə Filarmoniyada səsləndirildi”.

Bəstəkar 9 may 2019-cu ildə 86 yaşında vəfat edib.  O, I Fəxri Xiyabanda dəfn olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR