İnsanlara hürriyət, millətlərə istiqlal!

Marqara təşvişindən Ani təmirinədək - Mirzoyan Ankarada nədən başlamalı idi?

2798 15.02.2023 16:32 Yazarlar A A

“Mən bu çətin anda Türkiyədə olmaqla, Ermənistanın regionda sülhün bərqərar olmasına, xüsusən də Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa, diplomatik münasibətlər qurmağa və Ermənistanla Türkiyə arasında sərhədi tam şəkildə açmağa hazır olduğunu və istəyini bir daha təsdiq etmək istəyirəm”.

Bu sözlər Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana məxsusdur.

3565874_810x458.jpg (54 KB)

Fevralın 15-də Türkiyəyə səfər edən Mirzoyan Ermənistanın zəlzələ bölgəsinə, Adıyamana ikinci partiya humanitar yardım göndərdiyini də söyləyib. Bildirib ki, türkiyəli həmkarı ilə görüşdə bəzi təfərrüatları müzakirə ediblər, Türkiyə və Ermənistanı birləşdirən Ani körpüsünün birgə təmiri ilə bağlı razılaşma var, həmçinin sərhədin tam açılması ərəfəsində müvafiq infrastrukturun qayğısına qalmaq niyyəti ortadadır.

Beləcə, 1993-cü ildən, Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal etdikdən sonra qardaş Türkiyənin bağladığı sərhəd qapıları açılmaqdadır, deyildiyi kimi, artıq iki dəfə erməni TIR-ları Türkiyənin zəlzələ bölgəsinə istiqamət götürüblər.

marqara.jpg (52 KB)

Bu yerdə zəruri xatırlatma edək: diqqətli oxucularımıza “Ermənilər Araz çayı üzərindən Türkiyə ilə sərhədin açılacağından qorxuya düşüb – nonses” - sörlövhəli yazımız yəqin ki, tanışdır. Türkiyədəki zəlzələdən iki gün əvvəl, fevralın 4-də erməni mediası bu məzmunda təlaşlı bir reportaj yayımlamışdı. Həmin məqalədə bildirilirdi ki, Sovet İttifaqı dövründə Marqara kəndinin yerində, 1960-cı illərdə Araz çayı üzərində məşhur Marqara körpüsü, eləcə də nəzarət-buraxılış məntəqəsi tikilib, lakin keçid məntəqəsi istifadəyə verilməyib. İki ölkə arasında sərhədlərin açılmasının Ermənistan iqtisadiyyatına müsbət təsir edəcəyi vurğulansa da, əlavə olunmuşdu: “Marqara sakinləri təhlükəsizlikdən qorxurlar, bir çoxları indi sərhədi açmağın vaxtı olmadığı qənaətindədir”.

Bax, belə, ermənilər cəmi on gün əvvəl “qoymayın, sərhədlər açıldı, türklər bizi qıracaq” - ovqatındaydılar, hay-küy salırdılar, baxmayaraq ki, sərhədlərin açılması ilə dirçələcəklərini də anlayırdılar... Budur, Araz və Arpa çayları üzərindəki körpü-körpülər on illərdən sonra keçilir, Ermənistan xilasediciləri Türkiyəyə yollanıb – düzdür, onların ikisinin talançılıq faktları da ortaya çıxıb, amma bu, başqa mövzudur – iki TIR karvanı zəlzələ bölgəsinə gedib, kiməsə göz üstə qaşın var deyən olmayıb, üstəlik, Mirzoyan öz heyəti ilə Türkiyədə. Yəni hay hay-küyü boşunaymış, dünya da anlasın!

mirzo.jpg (113 KB)

Bu yerdə ermənilərlə azərbaycanlıların bir yerdə yaşamasının mümkünsüzlüyü, azərbaycanlıların erməniləri qıracaqları, yer üzündən siləcəkləri barədə saxtakarlıq edənlər, cəfəngiyyat yayanlar və bu sərsəmləmələrə istinad edərək Qarabağ ermənilərinin guya “humanitar fəlakət”lə üz-üzə qaldığı barədə parlamentlər, hökumətlər səviyyəsində alçaq davranışlar sərgiləyən, qətnamə, bəyanatlar qəbul edənlər də Türkiyə ilə Ermənistan arasındakı son gəlişmələrə kor gözləri ilə baxsınlar, utanıb yerə girsinlər və siyasətlərində düzəliş eləsinlər! Amma edəcəklərmi? Elə bu günlərdə, Türkiyə böyük bir fəlakətlə üz-üzə qalanda, erməni xilasedicilər belə zəlzələ bölgəsində insanların dağıntılar altından çıxarılması ilə məşğul olanda Meksika parlamenti “erməni soyqırımı” adlı kifli söhbətə qətnamə həsr elədi. Türkiyə ilə Ermənistan arasında yeni səhifə açılıb, iki ölkənin danışıqları hava rabitəsinin bərpasından quru əlaqələrədək inkişaf edib, qarşılıqlı şəkildə normal mesajlar verilir, Cümhurbaşqanı Ərdoğan Nikol Paşinyanın başsağlığı zəngini qəbul edir və bu addımın ikitərəfli dialoqun dərinləşməsi üçün vacib olduğunu xüsusi vurğulayır. Sözsüz ki, Türkiyə-Ermənistan danışıqlarında Azərbaycanın adı və mövqeyi iri hərflərlə keçir, bunu ermənilər də anlayırlar. Lakin belə pozitiv proseslərin fonunda kimlərsə yenə də suları bulandırmağa çalışırlar, əbədi davam etsin düşmənçilik. Axı, bölgəyə soxulmaq üçün qan, konflikt lazımdır onlara...

Təbii ki, biz hay tayfasına çox da arxayın deyilik, tarixi təcrübəmiz var. Boynumuza sarılacaqlar, ilan kimi sancacaqlar, bu təhlükə də istisna deyil, əqrəb misalı... Lakin qədərdən qaçmaq olmaz, qonşuluq varsa, əbədi düşmən ola bilmərik. Münasibətləri “0” nöqtəsindən başlamaq lazımdır. Azərbaycan da dəfələrlə bəyan edib ki, düşmənçiliyin davamında maraqlı deyil, dayanıqlı sülhün imzalanmasını, əlaqələrin qurulmasını istəyir, lakin ərazi bütövlüyümüzün tanınması, suverenliyimizə hörmət qoyulması şərtilə.

ani.jpg (53 KB)

Ararat Mirzoyan gərək Türkiyə səfərində Ani körpüsünün bərpasından öncə daha vacib mövzu barədə mövqeyini açıqlayaydı: Ermənistan Konstitusiyasından Türkiyə ərazilərinə iddianın nə vaxt çıxarılacağı, Ermənistanın dövlət gerbindən Ağrı dağının əksinin götürüləcəyi, Azərbaycan torpaqlarına əsassız iddiadan əl götürüləcəyi barədə... Bu, bir nonsesdir, bir ölkə digərinin ərazilərinə iddianı ana qanununda, gerbində əks etdirir və körpü təmirindən danışır. Dağılmış körpünü təmir etmək elə də çətin deyil. Biz demirik ki, Mirzoyan adını dəyişsin - Ararat Ağrıya deyir ermənilər - sadəcə dövlət siyasətinə korrektələr edilsin... Əks təqdirdə, münasibətlərin uzunömürlü olacağına inanmaq olmaz.

Yeri gəlmişkən, ermənilər Arpa çayı üzərindəki körpüyə “Ani” adını qoyublar və iddia edirlər ki, bu, “qədim erməni şəhəri” Aninin adından götürülüb. Rəvayətə görə, Ani şəhərində Urum baba adlı bir qoca yaşayırmış. Həmin qoca yeddi ildən bir yatağından qalxar, yeddi olmaz işi sayarmış. Yeddinci sual həmişə “Ani şənləndimi?” olarmış. Göyə dirək dayandırıldımı, dənizin üstündən körpü quruldumu, yumurtaya qulp taxıldımı, dəvəyə nal vuruldumu, qatır doğdumu, ölülər dirildimi, Ani şənləndimi? İnanca görə, bu yeddi olmaz iş gerçəkləşdiyi zaman Ani yenidən şənlənəcəkmiş. Əks halda, şəhər qiyamətə qədər insan üzü görməyəcəkmiş.

Bax, belə. Ermənilər körpü təmirindən danışırlar, amma yenə də ənənəvi şakərlərindən əl çəkmirlər. Ararat Mirzoyan doğrudan da körpülərin möhkəm təməllər üzərində qurulmasını istəyirsə, Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən Zəngəzur dəhlizi ilə bağlı yersiz müqavimətə də son qoyulması üçün mövqe qoymalıdır, Ermənistan rəhbərliyinə daşı ətəyindən tökmək çağırışı etməlidir.

zengezur.jpg (262 KB)

Elə bu gün! Əks təqdirdə, Ani körpüsü bərpa olunsa da, əbədi işlək olmayacaq, yenə də hansısa mərhələdə bağlı qapıların ünvanına çevriləcək.

İbrətamiz nümunə var. İğdırda yerləşən Ermənistan və Türkiyə arasındakı Alican Sərhəd Qapısı 35 ildən sonra Kahramanmaraşdakı zəlzələlərdən zərər çəkmiş vilayətlərə yardım çatdırmaq üçün açıldı, yardım aparan 5 yük maşını körpüdən keçdi. Bu qapıdan sonuncu dəfə 1988-ci ildə keçilmişdi - Türk Qızıl Ayparasının topladığı yardımlar məhz buradan Spitak və Leninakana aparılmışdı. Mirzoyan 25 mindən çox insanın məhv olduğu həmin zəlzələni də xatırlatdı Ankarada. Amma o zaman Ermənistana köməyə gedən Azərbaycan və Türkiyə təyyarələrinin məhv edilməsinin üstündən keçdi... Namərdlik etdilər comərdlərə qarşı. İndi də körpülərin açılmasının vacibliyindən danışırlar. Olsun. Amma biz sonrakı illərdə yenə də “keçmə namərd körpüsündən” demək istəmirik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR