İnsanlara hürriyət, millətlərə istiqlal!

Manatın məzənnəsi bu halda düşəcək

10538 26.01.2024 08:51 İqtisadiyyat A A

Milli pulumuz devalvasiyaya uğraya bilər?

Dünyanın bir nömrəli valyutasının sahibi olan ABŞ-da bu il keçiriləcək prezident seçkiləri qlobal səviyyədə həssaslıqla izlənilir. Demək olar ki, bütün dünya ABŞ prezidentliyinə namizəd olan şəxslərin bu və ya digər məsələlərə yanaşmasına diqqət yetirir. Bu baxımdan, ABŞ respublikaçılarının prezidentliyə vahid namizədi olmaq şansı yüksək qiymətləndirilən sabiq prezident Donald Trampın açıqlamaları yalnıza siyasi deyil, iqtisadi çevrələrdə də rezonansa səbəb olur. Həm də nüfuzlu iş adamı olan Tramp seçkiqabağı vədləri silsiləsindən enerjidaşıyıcılarının qiymətinə də toxunaraq, prezident seçilərsə, neftin qiymətinin 40-50 dollara qədər ucuzlaşdırılmasına nail olacağını bildirib. Bu isə əsas gəlir mənbəyi neft olan əksər ölkələr kimi, Azərbaycan üçün də təhlükə siqnalıdır: uzağa getməyək, 2015-ci ildə neftin dünya bazar qiymətinin kəskin ucuzlaşmasının ölkə iqtisadiyyatına, insanların həyat şərtlərinə necə ağır təsir etdiyi hamının yadındadır...

Çünki 2015-ci ildən bəri ötən müddət ərzində Azərbaycan iqtisadiyyatının neftdən asılılıq səviyyəsi, demək olar ki, dəyişməyib. Dövlət Gömrük Komitəsinin statistikasından aydın olur ki, 2023-cü ildə 33 milyard 898 milyon 554.86 min dollarlıq ixracımızın  30 milyard 550 milyon  507.93 min dolları bilavasitə neft-qaz məhsullarının payına düşüb. Maliyyə Nazirliyinin məlumatına əsasən, ötən il dövlət büdcəsi gəlirlərinin 51 faizi neft-qaz sektorundan daxilolmalar hesabına təmin olunub.

Dünya neft bazarında qiymətlərin Trampın vəd etdiyi səviyyəyə düşməsi Azərbaycanda çox ciddi böhrana gətirib çıxara bilər həm də ona görə ki, 2024-cü ilin dövlət büdcəsi neftin 60 dollarlıq dünya bazar qiyməti ilə proqnozlaşdırılıb. Qiymətin 40-50 dollara düşməsi büdcə gəlirlərinin kəskin azalmasına səbəb olmaqla  ölkədə yenidən devalvasiyaya gedilməsi zərurəti yarada bilər...

Bütün bu təhdidlərin ABŞ-da D.Tramp hakimiyyətə gələn kimi reallaşması isə real görünmür. Ona görə ki, ABŞ-ın dünya neft bazarında qiymətləri elə kəskin azaltmaq üçün yetərincə təsirli rıçaqları yoxdur. Çinin iqtisadi gücdən siyasi gücə çevrilmək siyasəti fonunda neftin əsas hasilatçılarına seçim imkanı yaranır: artıq əsas hasilatçılar olan ərəb dövlətləri ötən ilin yayından ABŞ-ın hasilatı artırmaq tələblərini rahat şəkildə qulaqardına vurmaqdadırlar. Əksinə, onlar Rusiya ilə sinxron hərəkət edərək, hasilatı azaltmaqla qiymətlərin 80 dollardan aşağı düşməsinin qarşısını alırlar. Eyni zamanda ABŞ-ın bütün təhdidlərinə rəğmən Çinlə əlaqələri sürətlə dərinləşdirirlər. Bu isə Vaşinqtondan gələcək təzyiqlərin balanslaşdırılması baxımından mühüm rol oynayır...

Elə bu faktorları nəzərə almaqla, bütün analitik mərkəzlər 2024-2025-ci illərdə neftin dünya bazar qiymətini 81-82 dollar ətrafında proqnozlaşdırırlar. Bu isə Azərbaycan hökumətinə rahat manevr imkanı yaradacaq. Manatın məzənnəsi ilə bağlı proseslərin 2023-cü ildən ciddi fərqlənməyəcəyi gözlənilir.

Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatlara əsasən, 2023-cü ildə manatın nominal və real məzənnəsində möhkəmlənmə müşahidə edilib. Ötən ilin dekabrında manatın nominal məzənnəsi 2022-ci ilin dekabrına nisbətən 7,17 faiz yüksəlib. Manatın nominal məzənnəsinin yüksəlməsi qeyri-neft-qaz sektoru üzrə daha güclü hiss edilib. Burada manatın nominal məzənnə dəyəri 19,33 faiz artıb. 

Manatın real məzənnəsi isə bir qədər zəifləyib. Birillik müqayisədə manatın real dəyəri 0,735 faiz azalıb. Lakin qeyri neft-qaz sektoru üzrə manatın real məzənnəsi artıb. Bu sektor üzrə manatın real dəyərinin 5,13 faiz artması qeydə alınıb. 

Qeyd edək ki, manatın nominal məzənnəsi Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdəki məzənnə dəyişikliyi nəzərə alınaraq hesablanır. Real məzənnə isə ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya səviyyəsi nəzərə alınmaqla hesablanır. 

Qeyd edək ki, qlobal səviyyədə 2024-cü il ərzində dolların məzənnəsində artım deyil, əksinə, azalma gözlənilir. Belə ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Rəhbər Komitəsinin dekabrda keçirilən iclasında komitə üzvləri bu il ərzində baza faiz dərəcəsinin aşağı salınmasının mümkünlüyünü elan ediblər. Komitə üzvləri belə bir addımın nə vaxt atılacağını dəqiqləşdirməsələr də, 2024-cü ildə faiz dərəcəsinin aşağı salınması ehtimalının “yüksək” olduğu qənaətinə gəliblər. İclas protokolunda bildirilir ki, iştirakçılar faiz dərəcəsi siyasətinin perspektivini müzakirə edərkən bunun iqtisadiyyatın necə inkişaf etməsindən asılı olduğunu qeyd etməklə yanaşı, faiz dərəcəsini bu sərtləşdirmə dövrü üçün pik nöqtədə və ya ona yaxın hesab etdilər. Sənədə görə, komitə üzvləri növbəti üç il ərzində dərəcələrin ardıcıl azaldılmasını gözləyirlər. Maliyyə tənzimləyicisi ölkədə inflyasiya ilə mübarizədə əldə edilən irəliləyişlərə diqqət çəkib. 

Bazar analitikləri Amerika Mərkəzi Bankının bu il 6 dəfə faiz dərəcəsinə baxaraq, onu  3,75-4 faizə endirəcəyini gözləyirlər. Bu isə dolların altı əsas valyutadan ibarət olan valyuta səbətinə qarşı məzənnəsinin azalacağı deməkdir. 

Lakin Azərbaycanda dolların qlobal məzənnəsinin ölkə daxilindək məzənnəyə təsiri sıfırdan yuxarı deyil. Ölkəmizdə dollar/manat tarazlığını təyin edən əsas faktor dünya neft bazarındakı qiymətlərdir. Məhz bu qiymətlərin yüksək olması 1 faizdən cüzi yüksək iqtisadi artımın əldə olunduğu 2023-cü ildə manatın məzənnəsini qorumağa imkan verib.

Neft bazarında qiymətlərin Azərbaycan üçün sərfəli həddə olması ilə yanaşı, ölkədə dollara tələbat da azalıb. Mərkəzi Bankın məlumatına əsasən, ümumilikdə 2023-cü il ərzində valyuta hərraclarında 3 milyard 878,2 milyon ABŞ dolları məbləğində satış olub. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 faiz azdır. Aylar üzrə götürsək, yanvarda 188,5 milyon dollar, fevralda 356,6 milyon dollar, martda 383,9 milyon dollar, apreldə 286 milyon dollar, mayda 277,2 milyon dollar, iyunda 78,9 milyon dollar, iyulda 272,7 milyon dollar, avqustda 451,95 milyon dollar, sentyabrda 259,8 milyon dollar və oktyabrda 291,63 milyon dollar valyuta satışı həyata keçirilib. Bu məbləğin heç də hamısı Neft Fondunun olmayıb. Məsələn, dekabrda satılan 603,8 milyon dolların yalnız 149,9 milyon dolları Neft Fonduna məxsus olub, qalanı Mərkəzi Bankın vəsaitləridir.

Mərkəzi Bankın məlumatına görə, ötən il ərzində keçirilmiş valyuta hərraclarının 95 faizində təklif tələbi üstələyib: “Bu şəraitdə bəzi ticarət tərəfdaşlarında məzənnənin yüksək dəyişkənliyinə baxmayaraq milli valyuta öz sabitliyini qoruyub saxlayıb. 11 ayda manatın nominal effektiv məzənnəsi 19,5 faiz bahalaşıb ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən faktordur”.

Mərkəzi Bank bildirir ki, onun sterilizasiya əməliyyatları banklararası pul bazarındakı aktivliyi və orta faizlərin tənzimlənməsini dəstəkləməklə yanaşı, pul kütləsinin izafi artımını da məhdudlaşdırıb. 2023-cü ilin 11 ayında manatla pul bazası 5 faiz, manatla geniş pul kütləsi (M2) isə 15,7 faiz artıb. Pul təklifinin artımının başlıca mənbəyi əsasən fiskal sektorun ehtiyacları üçün Mərkəzi Bankın valyuta bazarına alışyönlü müdaxilələri olub. Əsasən alışyönlü valyuta müdaxilələri ilə əlaqədar Mərkəzi Bankın valyuta ehtiyatları 11 ayda 18 faiz artaraq 10,6 milyard dolları keçib.

Mərkəzi Bank bildirir ki, fiskal məqsədlər üçün alışyönlü valyuta müdaxilələrinin 2024-cü ildə həyata keçirilməsi ehtimalı var. Məcmu tələb ölkənin istehsal potensialı ilə müqayisədə daha yüksək templərlə genişləndiyi təqdirdə qiymətlərlə yanaşı idxalın genişlənməsi də baş verir ki, bu da perspektiv dövrdə cari əməliyyatlar balansının profisitinin daralmasına səbəb ola bilər. Orta aylıq əməkhaqqının əmək məhsuldarlığı ilə müqayisədə daha sürətlə artması uzunmüddətli dövrdə inflyasiya riskləri doğurur. 

AMB vəd edir ki, 2024-cü ildə də pul siyasəti qərarlarının qəbulu zamanı valyuta bazarında gedən prosesləri nəzərə alacaq: “Növbəti ildə də manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalını məhdudlaşdıracağı gözlənilir. İnflyasiya proseslərinin idarə edilməsində mühüm rolunu nəzərə alaraq Mərkəzi Bank 2024-cü ildə də nominal effektiv məzənnənin dinamikasını sıx monitorinq edəcək. Tədiyə balansının vəziyyəti, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər olacaq.

Mərkəzi Bank məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcək. Habelə əhalinin milli valyutaya inamının daha da artırılması üçün dedollarizasiya siyasəti davam etdiriləcək. Növbəti ildə də valyuta ehtiyatlarının beynəlxalq səviyyədə qəbul edilmiş kifayətlilik normaları nəzərə alınmaqla idarə edilməsi diqqətdə saxlanılacaq".

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, Azərbaycanda idxalın artması dollara tələbi yüksəldir: “Xüsusən real sektorun dollar tələbində artımlar müşahidə olunmaqdadır. Bu baxımdan, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. Hərracların keçirilməsi mütəmadiliyi tələbin daha çevik tənzimlənməsinə səbəb ola bilər.

Dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə əvvələrdə də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

“Yeni Müsavat” 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR