İnsanlara hürriyət, millətlərə istiqlal!

Manat və qəzet Aslan ağzında – bir görüşə sözardı 

15408 01.05.2017 19:12 Yazarlar A A

Ötən şənbə bir maraqlı görüş oldu. Orada söhbət manatdan və islahatlardan getdi. Gərgin polemikalar, əsəbi replikalar, qarışıq, xaotik etirazlar, uzun-uzadı izahatlar, çıxışlar, maarifləndirmə, inkar, israr, təklif.... Maraqlı strukturu və maraqlı heyəti vardı, görüşün.

Əhvalat vaqe oldu QHT Şurasının iclas zalında. İştirakçılar:


- Zal dolusu Qeyri Hökumət Təşkilatları və media rəhbərləri; onlar etiraza və öz pullarından istifadəyə icazə limitini artırmaq üçün davaya gəlmişdilər;


- Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov – moderator, görüşün təşkilatçısının təmsilçisi;


- Səlahiyyətləri genişləndirilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbəri Rüfət Aslanlı –bu cür mürəkkəb auditoriya qarşısına öz təşəbbüsü ilə çıxan islahatçı-məmur;


- Sələfi tərəfindən çökdürülmüş Beynəlxalq Bankın rəhbəri, sakit, mütəvazi bankir Xalid Əhədov;


- Qeyd olunan məmurların müavinləri, köməkçiləri və başqa kütləvi səhnə personajları...

e16cfc44-872f-4f63-8221-c24cd7b9eefe.jpg (102 KB)

Aslanlı selfi


Mövzu: Nağd hesablaşmaların məhdudlaşdırılmasının aqressiv tətbiqi ilə bağlı yaranan problem.
Görüş başlayan kimi Rüfət Aslanlı dedi ki, belə bir formatda görüşə onun özü təşəbbüs göstərib. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri, prezidentin köməkçisi Əli Həsənova zəng edərək, deyib ki, QHT-lərlə bağlı yaranmış vəziyyətə görə onlarla və media təmsilçiləri ilə görüşmək istəyir. Əli Həsənov da bu cür bir qarşılaşma təşkil edib, müavini Tahir Süleymanovu da göndərib moderatorluğa. İnsafən, Tahir müəllim üzərinə düşən vəzifəni çox bacarıqla ifa etdi. Hər kəs danışdı, polemikalara şərait yaradıldı.


Rüfət Aslanlı hazır gəlmişdi. Əslində onun ilk abzasda açıqladığı məlumat QHT təmsilçilərini sakitləşdirməli idi: hansılar ki, Aslan(lı) ilə “döyüşə” ciddi hazırlaşmışdılar, çoxlu dəftər kitabları vardı. Zalın atmosferində, dikili daş kimi, (virtual) arqument heykəli sezilməkdə idi. Lakin bütün bunlar olmadı - çünki Rüfət bəy (müəllim) dedi ki, QHT-lərlə bağlı yaranan vəziyyət bir texniki anlaşılmazlıqdır, banklar səhv başa düşüblər, hər kəs 1-ci gündən etibarən gedib pullarını bankdan çıxarda bilər...
Ortam yumşaldı, QHT zəhmətkeşləri sevincək oldular, hətta bəziləri “Qurana and iç, inanım”, mimikası ilə: “Rüfət müəllim, inanaq da, 1-ci gün pulları çıxarda biləcəyik? Bəs banklar...”, sualları verdilər...


Artıq auditoriyada üstünlüyü ələ almış R.Aslanlı isə müəllim tövrü ilə təsdiq edir, bu cür hallarda hər dəfəsində Beynəlxalq Bankın yeni rəhbəri Xalid Əhədova xitab edir; Xalid bəy isə, ona xitabın janrından asılı olmayaraq, bütün hallarda gülümsəyirdi. Mən orada təsəvvür etməyə çalışdım, əgər onun sələfi Cahangir Hacıyev həmin zalda olsaydı, gülümsəyərdimi?

Nə deyərdi? Bu qədər söz qələbəliyi arasında öz sükunətini sona qədər qoruya bilərdimi? Bilmədim, bilməyəcəm də, amma bu, dərd deyil.


Dərd odur ki, şənbə zirvəsində hamının işi düzəldi, qəzetlərdən başqa. Biz nə dediksə, təklifimiz ciddiyə alınmadı. Allah Azər Həsrətə insaf versin, Rüfət Aslanlını tənqid edib (özü dedi), qəzəbləndirib, bəlkə də onun bu tənqidinin heyfi idi, bizim təkliflər qətiyyətlə və süngü üstündə qarşılandı. Rüfət Aslanlı Azər Həsrəti zalda görmək istədiyini dedi; cavabını verəcəkmiş, amma istənilən halda, bizim Həsrət qardaşımızın o formatda işi olmamalı idi və olmayacaq da. Çünki onun qəzeti, media quruluşu, deməli, həm də bizim kimi dərdi yoxdu...


***


Bir az sizi yorum, mövzunu xırdalayım. Bilirsiniz ki, son vaxtlar maliyyə sektorunda vəziyyət pisləşib. Dünyadakı iqtisadi böhranın əlamətləri artıq bizi də vurmaqdadır. Bu səbəbdən də dövlət və müvafiq strukturlar addımlar atırlar. O addımlardan biri də biznes və maliyyə sektorunda nağd hesablaşmaların məhdudlaşdırılmasıdır. Qətiyyətli bir tərzdə Azərbaycan Respublikasında çıxan qəzetlərin də nağdsız hesablaşma sisteminə keçməsi prosesinə start verilib. Özü-özlüyündə və ümumilikdə bu, müsbət prosesdir, bir mədəniyyətdir; şəffaflıq və anti-korrupsiya tədbirləri baxımından, əvəzsiz islahatdır. Biz bu islahatı dəstəkləyirik, onun həyata keçərək, biznes və maliyyə münasibətlərində dominantlıq təşkil etməsini istəyirik. Lakin burada qəribə bir nüans var. Bu cür mühüm islahat hadisəsi biznes həyatının bütün seqmentləri tərəfindən, o cümlədən də media quruluşları tərəfindən etirazla qarşılanıb. Söhbət onun tətbiqindəki texnikadan və aqressiv taktikadan gedir.

Məsələn, “Yeni Müsavat” qəzeti (eləcə də bütün qəzetlər) bundan belə öz bank hesabından ay ərzində ancaq 15 min manat nağd pul çıxarda bilər. O cümlədən də, bir çox kommersiya qurumları 15 min manatlıq nağd hesablaşma limiti ilə üzləşiblər. Bunu kim və necə ölçüb? Niyə 15 min? Niyə bizlərin fikir və təkliflərini, məsrəflərin xarakterini kimsə öyrənməyib? Axı, media spesifik bir sahədir. Buradakı xərclər də kiçik, amma spesifikdir. Nəticədə, prezidentin bu cür mühüm islahatlarını həyata tətbiq edən qurum - MBNP iqtisadi mühiti sağlamlaşdırmaq əvəzinə, onu iflic edib, həmin islahata informasiya dəstəyi verəcək mühüm bir institutu - ölkə mediasını da iflasla üz-üzə və özünə qarşı qoyub. İş o yerə çatıb ki, QHT sektoruna daxil olan bütün komponentlər, iş adamları, media sahibləri vəziyyəti düzəltmək üçün prezidentə müraciət ediblər. Bax, ötən həftənin şənbə gününə təsadüf edən həmin görüş məhz bu müraciətin nəticəsi idi.


****


Mən və digər həmkarlarım, işləri artıq düzəlmiş, lakin danışmaqdan heç cür vaz keçməyən QHT təmsilçilərindən qalan zamanda problemləri dedik, nağd hesablaşmalar üzrə məhdudiyyət limitinin bir qədər artırılması təklifini verdik. Əsaslandırdıq və göstərdik ki, biz bu islahata hazırıq, lakin media sektorundakı bütün kateqoriyalardan olan tərəf müqabillərimiz buna hazır deyillər. Məlum məsələdir ki, kağız ölkəyə dollarla gətirilir. Bizə onun gətirilməsi üçün öz hesabımızdan manat çəkərək, onu dollara çevirmək və bu tsikli tamamlamaq məcburiyyəti var. Hətta özümüz kağız gətirsək belə, yenə eyni prosesi keçməliyik.

“Yeni Müsavat” qəzetinin yalnız kağız məsrəfi ayda 6 min manat edir. Qəzet kənar müəlliflərdən - yazar və stringerlərdən xəbər, reportaj, köşə yazıları satın alır. Kimsə 40-50 manat qonorara görə gedib özünə hesab açmaq, problem və əziyyət yaşamaq, pulunu nağdlaşdıranda isə, faiz ödəmək istəmir. Bizim qəzetdən başqa, 3 saytımız da var: Musavat.com, onun rus versiyası və minval.az (rus) saytları. Onlara da məqalə və xəbərlərin çox böyük faizini stringerlərdən nağd pula alırıq. Üstəlik, qəzetimizdən, 30-dan çox şəxs ştat və müqavilə ilə maaş alır və bunları da hazırda nağd yolla ödəyirik, maaş kartı heç kimdə yoxdur. İndi belə bir vəziyyətdə qəzetləri qəfildən nağdsız hesablaşmaya məcbur edirlər. Amma biz indi kimlərlə nağdsız hesablaşaq? Öz pullarımızı haraya və necə yönləndirək? Mexanizm qurulması üçün zaman verilməyib, işin spesifik tərəfləri öyrənilməyib.


Bütün bunları dedik, Vüsalə Mahirqızı gözəl və arqumentlərlə dolu bir çıxış etdi (onun arqumentlərinin bəzilərini yuxarıda öz adımdan ümumiləşdirmişəm). Lakin hörmətli Rüfət Aslanlı bunların qarşılığında bizi gözəlcə iynələdi: “Bəs, indi sizlər şəffaflıqdan, korrupsiyaya qarşı mübarizədən necə yazacaqsınız, özünüzə bu ayrıcalığı tələb edirsinizsə?”

Təbii ki, cavab verdik. Mən dedim ki, Prezident, ölkədəki çətin vəziyyətə baxmayaraq, Fond yaradıb, yazılı mətbuatın qorunması üçün hər ay 33 qəzetə qrant verir. Siz barı, bu 33 qəzetə prezidentin yaratdığı KİV DF-dən gələn məbləği 15 min manat həcmində müəyyənləşdirdiyiniz kvotadan – limitdən çıxın, onu ayrı tutun. Ya da medianın öz puluna qoyulan limiti bir qədər artırın... R.Aslanlı bu məqamda heç gözləmədiyim reaksiyanı verdi: “...Prezidentə deyin, sizə verilən məbləğı nağd göndərsin də...”


Heyrətə gəldim və dərhal da reaksiya verdim: "Nə dediyinizin fərqindəsiz?" Məncə dərhal fərqində oldu, qəza törətdiyini anladı və sözünü dəyişmək istədi. Amma və lakin...


Məsələnin maraqlı tərəfi də budur ki, problemi çox sadə şəkildə həll etmək olar. Ölkə prezidentinin yaratdığı Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan daxil olan məbləğ bizə qoyulan limitə əlavə edilməsin. Bununla da məsələ həll olunur.


Əlbəttə, vəziyyət bu cür davam edərsə, Azərbaycanda yazılı mətbuat iflas olacaq, biz iş yerlərimizi bağlamaq məcburiyyətində qalacağıq. Bilmirəm, bu cür gedişat Rüfət müəllimi sevindirəcək, yoxsa yox, amma bu, baş verə biləcək hadisənin dəqiq anonsudur.


Mən o görüşə Rüfət Aslanlının Palatası haqqında hansı fikirlə getmişdimsə, o fikirlə də oradan döndüm. Sadəcə Rüfət Aslanlının özünə münasibətim dəyişdi: cəsarətli, auditoriya qarşısına çıxmağa özündə güc, qabiliyyət hiss edən, öz doğrularını bütün doğrulardan üstün tutan açıq tipli məmur... Bunlardan sonuncusuna görə də işimiz çətin, sonumuz yaxındır.


****


Biz orada kimsədən pul, yardım istəməyə getməmişdik. Mübahisə mövzusu bizim öz pullarımız idi. Bizim pulların və qəzetlərin taleyi R.Aslanlının dodaqlarını arasından çıxacaq sözdə idi. Sözünü dedi, işimizi bildik...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR