İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun “şikayətləri” və Fransa siyasətinin acizliyi: Azərbaycan niyə hədəfdədir? Hulusi Kılıçdan SƏRT AÇIQLAMALAR

662 11.01.2025 11:57 Siyasət A A

“Fransa prezidenti Emmanuel Makron yanvarın 6-da “Səfirlər Konfransı 2025” tədbirindəki çıxışında səfirlərə Azərbaycanı şikayət etdi. O, Fransanın xarici müdaxilələrlə üz-üzə qaldığını bildirdi. Azərbaycanın Yeni Kaledoniyanı dəstəklədiyini, bunun nəticəsi olaraq da Fransanın beynəlxalq hüquqa əsaslanıb Ermənistanı dəstəklədiyini dedi. Biz bu çıxışla da Fransanın hansı vəziyyətə düşdüyünü görürük. O, Fransanın zəifliyini və acizliyini dünyaya göstərdi”.

Musavat.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç Emmanuel Makronun “Səfirlər Konfransı 2025”dəki çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev yerli televiziyalara verdiyi müsahibədə bir daha vurğulayıb ki, Makronun bu çıxışı Fransanın Azərbaycana qarşı bəslədiyi nifrətdən qaynaqlanır:

“Prezident İlham Əliyev çox gözəl dedi ki, özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. O, Azərbaycanın Fransanın daxili işlərinə müdaxilə etmədiyini bir daha vurğuladı. Türk dövlətləri 44 gün ərzində ərazi bütövlüyünü bərpa edən, 2023-cü ildə antiterror tədbirlərini həyata keçirən, BMT-nin 4 qətnaməsini icra edən, ATƏT-in Minsk qrupunu torpağa gömən Azərbaycanla qürur duyur”.

Hulusi Kılıç Prezident İlham Əliyevə xitab edərək bildirib ki, son illərdə Azərbaycanın siyasi, iqtisadi və diplomatik gücü göz qabağındadır. O, ölkəmizin 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədrlik etməsinə diqqət çəkib:

“Azərbaycan sədrlik dövründə bir çox ölkəyə maliyyə yardımları etdi. Makronun apardığı antitəbliğata baxmayaraq, COP29 böyük uğurlarla bitdi. Fransa da daxil olmaqla, Avropanın heç bir ölkəsi 11 ay ərzində belə yüksək səviyyədə tədbir edə bilməzdi. Makronun müdaxiləsinə rəğmən, COP29-da 76 min qonaq qeydiyyatdan keçdi, 80-dən çox dövlət və hökumət başçısı tədbirə qatıldı”.

Kılıç Emmanuel Makronun ölkəsinin Ermənistanı dəstəkləməsinin beynəlxalq hüquqa əsaslanması ilə bağlı iddialarını absurd adlandırıb:

“O zaman Azərbaycanın da beynəlxalq hüquqa əsaslanıb Yeni Kaledoniyanı dəstəkləməsindən niyə rahatsız olur? Fransanın dənizaşırı bölgələrdə nə işi var? Həmin bölgələr Avropa Birliyinə daxil deyil. Oralar Fransaya bitişikmi? Xeyr. Sadəcə olaraq Fransa orada müstəmləkəçiliklə məşğuldur və həmin ərazilərdə yaşayan sakinlərin ümumi qəbul olunan insan hüquqlarını pozur.

Əgər Paris həqiqətən beynəlxalq hüququ qorumağa çalışırsa, o zaman Bakının BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təmin edilməsi üzrə atdığı addımları Fransa lideri niyə qəbul etmək istəmir? Paris Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının qarşısını niyə əngəlləyir? Niyə Ermənistana silah verir?”

Hulusi Kılıç qeyd edib ki, Fransa hakimiyyəti Azərbaycana hücum etmək əvəzinə, öz siyasətini təhlil edib yenidən nəzərdən keçirməlidir:

“Paris kirli əllərini Cənubi Qafqazdan uzaq tutmalıdır ki, bununla da o regionda sülhün və sabitliyin təmin olunmasına ən böyük töhfəni vermiş olacaq. Əminəm ki, Ermənistan, Azərbaycan və Türkiyə qonşu ölkələr kimi regiondankənar güclərin iştirakı olmadan dialoq yolu ilə fikir ayrılıqlarını həll edə biləcəklər. Sülh erməni xalqına rifah gətirəcək. Fransa sülhə mane olmaqla bu xalqa pislik edir”.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron yanvarın 6-da “Səfirlər Konfransı 2025” tədbirindəki çıxışında Azərbaycanı ölkəsinin dənizaşırı ərazilərinə müdaxilə etməkdə günahlandırıb.

“Fransa son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə üzləşib. Azərbaycan beynəlxalq hüquqa və Ermənistana dəstəyimizlə bağlı bizimlə fikir ayrılıqlarını bununla aradan qaldıra biləcəyini düşünür”, - Makron bildirib.

Prezident İlham Əliyev isə fransalı həmkarının Azərbaycan barədə səsləndirdiyi ittihamları “cəfəng” adlandırıb.

“Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir”, - Prezident yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində deyib.

Prezident İlham Əliyev Makronun bu açıqlamasını “acizliyin etirafı” adlandırıb. O bildirib ki, Azərbaycan Fransanın daxili işlərinə qarışmır. Amma əgər Azərbaycan Fransa kimi ölkənin daxili işlərinə qarışmaq qədər güclənibsə və nəyisə dəyişməyə qadir olubsa, bununla yalnız fəxr etmək olardı.

Prezidentin sözlərinə görə, Fransanın dənizaşırı adalarında baş verənlər Parisin “qeyri-normal yanaşma və qeyri-adekvat siyasətinin” nəticəsidir.

İlham Əliyev Azərbaycan və Fransa arasındakı gərginliyi də hazırkı rəhbərliyin “siyasi səriştəsizliyi” ilə əlaqələndirib. O, Makrona qədər Fransanın üç prezidenti ilə işlədiyini və ölkələr arasında münasibətlərin “həmişə çox uğurla” inkişaf etdiyini diqqətə çatdırıb.

“Bizim Fransanın 13 şəhəri ilə qardaşlaşmış münasibətlərimiz olub. Çoxlu sayda mədəni tədbir keçirmişik”, - İlham Əliyev əlavə edib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR