İnsanlara hürriyət, millətlərə istiqlal!

Makrondan Bakı ilə münasibətlərə yeni zərbə

1389 14.06.2024 13:15 Siyasət A A

AzərTAc-ın əməkdaşının Şengen ərazisinə girişinin Fransanın əsassız sifarişi əsasında bloklanması bir daha Parisin hikkəsini göstərdi - bu gərginlik nə vaxtadək davam edəcək?

Fransa hakimiyyəti Azərbaycana qarşı qərəzli siyasətini media nümayəndələrinə də tətbiq etməyə başlayıb. Belə ki, Almaniyanın Bonn şəhərində keçirilən seminarda iştirak etmək üçün AzərTAc-ın ezam olunan əməkdaşının Şengen ərazisinə girişi iyunun 11-də Fransanın qeyri-qanuni və əsassız sifarişi əsasında bloklanıb. 

AzərTAc-ın məlumatında deyilir: “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə keçirilən tədbirə dünyanın bir çox ölkələrindən jurnalistlər dəvət edilib. Köln/Bonn hava limanında əməkdaşımız Aygün Həsənovaya bildirilib ki, Fransa tərəfindən onun Şengen ərazisinə daxil olması yasaqlanıb. Çoxgirişli Şengen vizası, seminara dəvət və digər sənədlərin qaydasında olduğunu görən Almaniyanın rəsmi qurumları da bu məsələni araşdırmaq qərarına gəliblər. Fransanın media işçisinə qarşı bu qərəzli hərəkəti səbəbindən AzərTAc-ın əməkdaşı bir neçə saat hava limanında saxlanılıb. Lakin Azərbaycanın Almaniyadakı səfirliyi və UNFCCC Katibliyinin məsələyə qarışmasından, eyni zamanda Almaniyanın rəsmi qurumları Fransanın tələbinin əsassız olduğunu gördükdən sonra onun ölkəyə daxil olmasına icazə verilib. Jurnalistlərə qarşı Fransanın bu cür hərəkəti böyük sual doğurur - Fransa niyə COP29 ilində azərbaycanlı jurnalistin media təlimində iştirakına maneə törətməyə çalışır? 

Fransa nəzərə almalıdır ki, COP29-da iştirak üçün Bakıya çoxlu fransız jurnalistin də gəlməsi gözlənilir. Belə çıxır ki, bu cür siyasiləşdirilmiş yanaşma onlara da tətbiq olunmalıdır?! Fransa hakimiyyətinin AzərTAc-ın əməkdaşı ilə bağlı bu addımını jurnalist fəaliyyətinə maneə yaratmaq, fikir müxtəlifliyini boğmaq, Azərbaycan jurnalistinə qarşı qərəzli mövqe nümayiş etdirmək kimi qiymətləndirir və bunu qəti şəkildə pisləyir.

Qeyd edək ki, bundan əvvəl də Fransa AzərTAc-ın jurnalistləri ilə bağlı qərəzli mövqe nümayiş etdirib, onlara qarşı öz mediasında qarayaxma kampaniyası apararaq casus adlandırıb. Fransa hakimiyyəti daxildəki problemlərini həll etmək əvəzinə, daim sülhün, sabitliyin, inkişafın tərəfdarı olan Azərbaycana qarşı qərəzli fəaliyyətindən əl çəkmək istəmir".

Onu da deyək ki, Fransanın bəzi şəhərlərində polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilməsi bizi narahat edir. Bu barədə isə Azərbaycan Xarici İşlər Nazirliyi “X” hesabında məlumat yayıb. “Toplaşmaq və ifadə azadlığı hüququndan istifadə edən dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqi qəbuledilməzdir. Biz Fransa hökumətini vəziyyəti təcili olaraq gərginliyin azaldılmasına çağırırıq”, - deyə məlumatda qeyd olunub. Bu gərginlik nə vaxtadək davam edəcək? Makron istefaya gedərsə, Paris-Bakı münasibətləri normallaşa bilərmi? Yeri gəlmişkən, Makron Avropa Parlamentinə seçkiləri Le Penə uduzdu və dərhal yerli seçkilər təyin etdi. Sual odur ki, milli seçkilərdə də məğlub ola bilərmi? Onun gedişi Azərbaycan-Fransa münasibətlərinə necə təsir edər?

Qabil Hüseynli: “Ermənistanın keçmiş müdafiə naziri deyirdi ki, tezliklə  çayımızı Bakıda içəcəyik…” Pravda.az

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, Makron Azərbaycana sanksiya tətbiq olunmasının tərəfdarıdır, amma arzusu ürəyində qalacaq. Onun fikrincə, Fransanın addımlarını heç bir məntiqə sığışdırmaq mümkün deyil: “Jurnalistə giriş yasağı Azərbaycana olan münasibətdən irəli gəlib. Amma Makronun başına hansı daşı salmışıq ki, bizimlə yola getmir və daim əlaqələrdə belə gərginlik olur? Hətta Paşinyan da Qarabağın Azərbaycana aid olduğunu təsdiqlədi, ancaq Makron bununla barışmaq istəmir. Bəzən onu Fransa yox, Ermənistan prezidenti kimi görə bilirik. Çünki tutduğu mövqeni bir sıra hallarda rəsmi İrəvan nümayiş etdirmir. Görünür, Cənubi Qafqazda nüfuzunu artırmaq hərisliyi onu belə qərəzli olmağa vadar edir. Amma Makron heç zaman bu regionda hörmət sahibi ola bilməyəcək. Yaxşı olardı ki, bir kənarda dayanıb sülh sənədinin imzalanmasına əngəl olmasın, əgər çox sevdiyi Ermənistanın nicatını, inkişafını, dayanıqlı təhlükəsizliyini istəyirsə...”

“Nə qədər ki Makron Fransa prezidentidir, Azərbaycanla bu ölkənin ulduzları barışmayacaq. Biz daha nə etməliyik ki, indiki Fransa iqtidarının ürəyinə yatsın? Azərbaycanın bu dövlətlə heç bir problemi yoxdur. Onlar "qaşınmayan yerdən qan çıxarmağa" həvəslidirlər. Bunun da iki səbəbi var - Azərbaycanın Türkiyə və Rusiya ilə müttəfiqlik münasibətləri, eləcə də Makronun Paşinyana qahmar çıxması. Yəni tərəf olduğu üçün ədalət hissini itirib və hər addımda bizə qarşı qərəzli hərəkət edir. İndiyə qədər Fransanın gəlib-keçmiş prezidentlərindən Jak Şirak, Sarkozi, Olland Bakıya belə düşmənçilik etməyiblər. Hətta Sarkozi dönəmində Azərbaycan Luvr muzeyini təmir edib, ikitərəfli əlaqələr inkişafda olub. İndi də “Total” şirkətinin Azərbaycanın enerji sektorunda öz payı var. Sadəcə, Makron həzm edə bilmir ki, onun müdafiə etdiyi Ermənistan hakimiyyəti hər situasiyada uduzur", - bu fikirləri “Yeni Müsavat”a siyasi ekspert Fuad Əliyev bildirdi. 

Təhlilçi qeyd etdi ki, AzərTAc-ın əməkdaşına göstərilən münasibət Bakıya mesaj xarakteri daşıyır: “Fransanın xüsusi xidmət orqanlarının agenti Bakıda həbsdədir. Makron administrasiyası indi hər fürsətdə Azərbaycana içüzünü göstərir. Halbuki bugünlərdə bizim nazir Muxtar Babayev COP29-la bağlı keçirilən tədbirdə Makronla görüşmüşdü, yanaşı şəkil çəkdirmişdi. Yəni bizim tərəfdən Fransaya qarşı addım yoxdur, onların davranışına adekvat hərəkət edirik. Ona görə bu gərginlik orta fazada qalacaq. Makronun Bakıya COP29-a gələcəyini deyə bilmərəm, amma bu ay keçiriləcək seçkilərdə məğlub olması o anlama gəlmir ki, Le Pen ondan yaxşıdır. Fikrimcə, yalnız sülh sazişi imzalamaqla Fransa prezidenti mat vəziyyətində qala bilər və bəlkə ondan sonra əleyhimizə yürüdülən siyasətdə ciddi dəyişikliklər olar. Əks təqdirdə, lazımsız bəyanatlar, ittihamlar səslənəcək. Fransa prezidenti Ermənistanı Rusiyanın nəzarətindən çıxara biləcəyini, Afrikadakı məğlubiyyətini Cənubi Qafqazla kompensasiya edəcəyini düşünür”. 

Emil SALAMOĞLU,  
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR