İnsanlara hürriyət, millətlərə istiqlal!

"Lenin" ordenli Neto- Anqolanın ilk prezidenti SSRİ və Kubanın dəstəyi ilə hakimiyyətdə qala bilib

2783 14.07.2022 14:11 Yaxın tarix A A

Gənc yaşlarından şair və publisist kimi məşhurlaşsa da, Aqostinyo Netonun adı tarixə mübariz siyasətçi, öz ölkəsinin qurtuluş savaşının öndəri, 1975-ci ildə müstəqilliyini əldə edən Anqolanın ilk prezidenti kimi düşüb. Təsadüfi deyil ki, bu gün də Anqolada Aqostinyo Netonun doğum günü ölkədə rəsmi olaraq Milli Qəhrəman günü kimi qeyd edilir...

Aqostinyo Neto 1922-ci ildə Anqolanın Benqo əyalətində anadan olub. Neto ilk təhsilini Anqolanın paytaxtı Luandada alıb. Orta təhsilini başa vurduqdan sonra bir müddət dövlət tibb müəssisələrində çalışıb. Həmin ərəfədə o, milli mədəni birliklərin yaradılmasında fəal iştirak edib, eyni zamanda ədəbiyyat sahəsində öz yaradıcılığı ilə fərqlənib.

Neto təhsilini artırmaq üçün 1947-ci ildə Portuqaliyaya köçüb və Lissabon Coimbra Universitetinin tibb fakültəsində oxuyub. Onun siyasi fəaliyyətə başlaması da bu vaxta təsadüf edib. Neto Portuqaliyada mövcud hakimiyyətin rejiminə qarşı çıxan Portuqaliya Birləşmiş Demokratik Hərəkatının gənclər seksiyasının fəal üzvlərindən birinə çevrilib və siyasi baxışlarına görə bir neçə dəfə həbs olunub.

Agostinho_Neto_(1975).jpg (94 KB)

1950-ci illərin əvvələrində Anqolada Portuqaliyanın müstəmləkəçilik siyasətinə qarşı mübarizə başlananda yaradıcılarından biri də Netonun olduğu və sonralar sədri seçildiyi Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatı həm siyasi, həm də hərbi müstəvidə əsas qüvvə olub. Netonun yaratdığı partizan dəstələrinin sıraları günü-gündən genişlənərək Anqolada nəzarət coğrafiyasını daha da böyüdüblər.

Sözsüz ki, Portuqaliyanın müstəmləkəsindən çıxmaq mövcud dövr üçün mürəkkəb məsələ olub və bu məsələdə beynəlxalq münasibətlər mühüm rol oynayıb. Bu məqsədlə Neto 1962-ci ildə Vaşinqtonda ABŞ prezidenti Con Kennedi ilə görüşüb, qurtuluş savaşı üçün ondan kömək istəyib. Kennedi Netoya dəstək verməyib. Amerika Anqola Milli Azadlıq Cəbhəsinin lideri Xolden Roberto ilə əməkdaşlığa daha çox üstünlük verib.

NETO_Antoniu_Agostino4.jpg (109 KB)

Həm xaricdən olan təzyiqlər, həm də daxili çəkişmələr Netonun mübarizə əzmini sındıra bilməyib. Mövqelərini inamla möhkəmləndirən siyasətçi şair zaman-zaman Anqolanın müstəqilliyinə doğru inamla addımlayıb. Təhdidlər, həbslər Netonu yolundan çəkindirə bilməyib.

Nəhayət, 15 yanvar 1975-ci ildə Neto Portuqaliyanın yeni hökuməti ilə Anqolaya müstəqillik verilməsi haqqında müqavilə imzalamağa nail olub. 11 noyabr 1975-ci ildə Anqola öz müstəqilliyini elan edəndə Neto bu ölkənin ilk prezidenti seçilib. O, ilk bəyanatında Anqolada sosializm quruculuğu kursunu bəyan edib.

Bu ərəfədə Anqolada vəziyyət heç də ürəkacan olmayıb, bütün sahələrdə böhran hökm sürüb, ölkə müstəqilliyini əldə etdikdən sonra Portuqaliyadan olan mütəxəssislər Anqolanı tərk ediblər, iqtisadiyyat ağır duruma düşüb, digər tərəfdən, müxalif qüvvələr ölkədə iğtişaşlar yaratmağa cəhd ediblər.

Ogonek-42OCT1976 (1).jpg (77 KB)

Antikommunist qruplar ABŞ-ın köməyi ilə Anqolada çevriliş etməyə çalışıblar, Anqolaya Zair və Cənubi Afrika Respublikasının qoşunları yeridilib. Bu mürəkkəb şəraitdə Neto kömək üçün SSRİ və Kubaya müraciət edib. Moskva Anqolaya hərbi mütəxəssislərini, Kuba isə hərbi kontingentini göndərib. Məhz bu köməyin nəticəsində bir ildən sonra Anqolada qismən də olsa stabillik yaranıb. Amma vətəndaş müharibəsi təhlükəsi yenə də sovuşmayıb.

Neto növbəti dəfə də kömək üçün SSRİ-yə müraciət edib. O, Moskvaya səfəri zamanı Leonid Brejnevlə görüşüb. Onlar baş verən hadisələri ətraflı təhlil ediblər. Brejnev Netodan öz köməyini əsirgəməyib. Daha sonra Netonun Kuba lideri Fidel Kastro ilə də görüşləri keçirilib. Netonun hakimiyyətdə qalmasında Fidel Kastro və Kuba hərbi kontingentinin böyük rolu olub.

NETO_Antoniu_Agostino5.jpg (111 KB)

Gərgin həyat tərzi, siyasi və silahlı mübarizələr Netonun səhhətində ciddi problemlər yaradıb. 1978-ci ildə Anqola prezidentində xərçəng xəstəliyi aşkar edilib. Bir müddət öz ölkəsində müalicələr alsa da, Netonun sağlıq durumunda heç bir müsbət irəliləyişə nail olunmayıb.

1979-cu ilin yayında Neto ilə Brejnevin telefon danışığı zamanı sovet lideri onu müalicə üçün SSRİ-yə dəvət edib. Anqola prezidenti bu təklifi qəbul edib. Həmin ilin sentyabrın əvvəllərində Neto Moskvaya gedib. Müayinələrindən sonra konsiliumun gəldiyi son nəticə cərrahiyyə əməliyyatının zəruriliyi olub. Bu haqda Anqola prezidentini də məlumatlandırıblar. Neto yazılı şəkildə əməliyyat olunmasına razılıq verib.
Əməliyyatı SSRİ-nin ən tanınmış cərrahları aparsa da, Netonu xilas etmək mümkün olmayıb. 56 yaşlı prezident 10 sentyabr 1979-cu ildə əməliyyatdan sonra Moskvada vəfat edib.

2685_src.jpg (71 KB)

Aqostinyo Neto Anqolanın paytaxtı Luandada onun üçün hazırlanmış xüsusi mavzoleydə dəfn edilib.
Əvvəllər də bir neçə kitabı çap olunmuş Netonun vəfatından sonra “Müqəddəs ümid” adlı şeirlər kitabı işıq üzü görüb.

Qeyd edək ki, Neto bir çox ölkələrin ali mükafatları ilə təltif edilib. Neto o cümlədən “Lenin” ordeninə də layiq görülüb. 1977-ci ildə isə xalqlar arasında sülhü möhkəmlətməyə görə Anqolanın ilk prezidenti beynəlxalq Lenin mükafatının laureatı olub.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR