İnsanlara hürriyət, millətlərə istiqlal!

Le Pen iqtidara gəlsə... - "Astarı üzündən betər"  

1319 22.06.2024 09:40 Siyasət A A

Fransada Milli Cəbhə Partiyasının parlamentdə yerlərin əksəriyyətini götürəcəyi ehtimalı böyükdür; ekspertlərə görə,  Qarabağı Ermənistana birləşdirməyə çağıran qadın siyasətçi daha betər ermənipərəstdir

“Makronun İntibah Partiyası Avropa Parlamentinə seçkilərdə ağır məğlubiyyətə uğradı və hazırda qalib Milli Cəbhə Partiyasının qarşıdakı parlament seçkilərindən sonra Milli Assambleyada yerlərin əksəriyyətini götürəcəyi ehtimalı böyükdür. 

Fikrimcə, Azərbaycan onlarla əlaqə qura və Ermənistana verilən silahlarla bağlı müqavilənin ləğvinə nail ola bilər”. Bu sözləri axar.az-a Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib. Akyar Bakının əlində Parisə qarşı təzyiq vasitələrinin olduğunu bildirib: “Digər tərəfdən, Fransada elektrik enerjisinə olan tələbat əsasən AES-lər vasitəsilə qarşılanır. AES-lərin işləməsi üçün lazım olan yanacaq isə Afrika və Mərkəzi Asiya ölkələri, xüsusilə Özbəkistan və Qazaxıstandan təmin olunur. Azərbaycan həm ikitərəfli münasibətlərdən istifadə edərək, həm də məsələni TDT gündəminə çıxararaq Fransaya qarşı təzyiq göstərə bilər”. 

Alim atılan addımların Fransadakı iqtidarın çıxılmaz vəziyyətdə olduğunu göstərdiyini qeyd edib: “Əslində baş verənlər Makron hökumətinin dünyanın bir çox yerində, eyni zamanda Cənubi Qafqazda uğradığı geosiyasi məğlubiyyətin, acizliyin göstəricisidir. Azərbaycan Fransanın diriltmək istədiyi keçmiş Minsk Qrupunu birdəfəlik dəfn edib, üstəlik onu bütün dünyanın gözü önündə BMT TŞ-də bir-birinin arxasınca iki dəfə məğlubiyyətə uğradıb və böyük bir casus şəbəkəsini çökdürüb. Ona görə də ən son bu varianta əl atıblar. Ancaq yenə məğlub olacaqlar. Çünki Cənubi Qafqazda heç kim Türkiyə və Azərbaycanın əleyhinə oyun qura və uğur qazana bilməz”.

Qeyd edək ki, 2012-ci il Fransa prezident seçkilərində Milli Cəbhə Partiyasından namizədliyi irəli sürüldü. Marin Le Pen öz seçki kampaniyasında çoxqütüblü dünya sistemindən, Fransanın NATO-dan çıxması, Rusiya ilə əməkdaşlığı dərinləşdirmək kimi vədlər vardı. Le Pen Fransa Milli Assambleyasının buraxılmasından sonra partiyasının dövləti idarə etməyə hazır olduğunu bildirib. Marin Le Pen rəhbəri olduğu Milli Cəbhə Partiyasının ölkə vətəndaşlarının ona etimad göstərəcəyi təqdirdə dövləti idarə etməyə hazır olduğunu deyib. “Biz yeni seçkilərə hazırıq. Əgər xalqımız bizə etimad göstərərsə, Fransada hakimiyyəti ələ almağa da hazırıq” - deyə Le Pen bildirib. Le Pen hakimiyyətə gəlsə, Parisin Bakı siyasəti dəyişərmi? 

Yeri gəlmişkən, Fransa Senatının Tədqiqat Komissiyası hökumətə enerji nəhəngi “Total Energies”in fəaliyyəti ilə bağlı hesabatda, xüsusilə, bu şirkətə Azərbaycanın neft-qaz sektoruna investisiya qoymağı dayandırmağı tövsiyə edib. “Total Energies”in fəaliyyəti qlobal iqlim dəyişikliyi ilə mübarizə kontekstində nəzərdən keçirilib. Fransa Senatının hökumətə təqdim etdiyi hesabatda həmçinin “Azərbaycanın karbohidrogen sektorunda fransız şirkətlərinin iştirakı ilə yeni layihələrin də dayandırılması” tələb olunur. “Total Energies”in fəaliyyətini araşdıran Senat komissiyası ötən ilin dekabrında yaradılıb və onun hazırladığı hesabat ötən həftə yekdilliklə qəbul edilib. Ümumilikdə sənəddə 33 tövsiyə var. Maraqlıdəır ki, Azərbaycanın noyabr ayında BMT-nin növbəti iqlim konfransına (COP29) ev sahibliyi etməsi faktını Senat bilərəkdən xatırlatmayıb. Bütün bu addımlar göstərir ki, Makron dövründə əlaqələri hamar etmək mümkün olmayacaq. 

mehemmedesed.jpg (33 KB)

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə Makron hakimiyyətdə olduğu müddətdə Paris-Bakı əlaqələrinin normallaşacağını gözləmir. Onun sözlərinə görə, Makron dönəmində Fransa Ermənistana hərbi kontingent göndərirsə, Azərbaycan sülh müqaviləsi bağlamayacaq: “Fransanın Ermənistanı silahlandırması Cənubi Qafqazda sülhə mane olur. Xüsusilə, baş nazir Nikol Paşinyanın Fransa və Hindistandan silahlar alması, Rusiyadan asılılığa son qoymaq üçün hesablanmış addım olsa da, bir növ Azərbaycanla mümkün hərbi eskalasiyaya görə edilir. Ermənistan hakimiyyəti sülhdə maraqlıdırsa, hücum silahları almamalıdır. Qeyd edim ki, Türkiyənin Azərbaycana hərbi dəstəyi və regionda güclənməsi Fransanı və Makron administrasiyasını narahat edir. Əslində, Ermənistanı silahlandırmaqla Türkiyə ilə regionda maraq toqquşmasına gedir. Amma ABŞ və Qərb məhz regionda əsas estafeti Türkiyə buraxıb”. 

Partiya rəsmisinin qənaətinə görə, Fransanın Cənubi Qafqazda Türkiyə ilə üz-üzə gəlməsi Parisin növbəti məğlubiyyəti ilə nəticələnə bilər: “Fransanın bir neçə ictimai və siyasi xadimi prezident Makrona Azərbaycanın təcavüzünə qarşı Ermənistana ordu göndərməsini xahiş edir. Təbii ki, bu, Ermənistan üçün müsbət perspektiv vəd etmir. Xüsusən də prezident Ərdoğanın Paşinyanla telefon danışığı Ermənistana xəbərdarlığı idi. Fransa ordusunun Ermənistana gəlməsi sülhün qarşısını alacaq”.

Samir Əsədli: “Bu, milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə  vacibdir” - VHP

Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə Le Pen dönəmində Fransanın Azərbaycana münasibətinin dəyişəcəyinə inanmır. S.Əsədli xatırladır ki, Le Pen sağçıdır, ifrat millətçidir və əvvəlki seçkilərdə ermənipərəst çıxışlar edib: “Sadəcə, Fransada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Azərbaycanın mövqeyi prinsipal və qətiyyətlidir. Əlbəttə, müəyyən narahatlıq doğuran məqamlar ola, Ermənistan daha çox dəstəklənə bilər. Lakin unutmayaq ki, Azərbaycan mövqeyini kifayət qədər gücləndirib. Onu da deyim ki, 2017-ci ildə Le Pen bildirmişdi ki, ”Dağlıq Qarabağ konfliktinin həlli tərəflərin Dağlıq Qarabağın Ermənistana birləşməsi ilə bağlı razılığa gəlməsidir". Le Pen qondarma soyqırımı unutmadığını da demişdi. Belə bir mövqe ortaya qoyan siyasətçinin partiyası seçkidə qalib gələrsə, sizcə, Ermənistana verilən silahlarla bağlı saziş qüvvədən düşə bilərmi? Hətta Makron Le Pendən daha “toya getməli” ermənipərəstdir. Ona görə də inanmıram ki, seçkidən sonra münasibətlərdə dəyişən hal olsun". 

VHP rəsmisi hesab edir ki, məsələlər təkcə Azərbaycanla Fransa əlaqələri üzərində fokuslana bilməz: “Burada strateji rəqabəti nəzərə almaq lazımdır. Fransa İrəvan üzərindən regiona təsir etmək və bölgədə gücünü artırmaq istəyir. Paris Moskva və Ankaraya qarşı Cənubi Qafqazda siyasət yürüdür. Onun məqsədi bölgədə təsir imkanlarını genişləndirməkdir. Bu baxımdan Fransa və Avropa Birliyi eyni binokldan region seyr edirlər. Ermənistan isə alətə çevrilib və nicatı Qərbdə gördüyü üçün bu oyunların maşasına çevrilib. Le Pen də iqtidar olsa, bu kurs davam edəcək. Doğrudur, onun Rusiya ilə əlaqələrinə dair iddialar var, amma Fransanın Ermənistan siyasətində ciddi dəyişiklik olmayacaq, hətta daha pisə doğru inkişaf etməsi mümkündür”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR