İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovun Qarabağ bəyanatı post-Putin dövrünə hazırlıqdır?

1621 19.07.2023 09:43 Siyasət A A

Rusiyanın baş diplomatı revanşa hazırlaşır; ekspertlərdən şimal qonşumuzda cərəyan edən olayların perspektivi barədə ilginc açıqlamalar

Son vaxtlar dünya mediasında Rusiyanın gələcək taleyi və post-Putin dövrü barədə çoxlu sayda yazılar, şərhlər yazılmağa başlayıb. Rusiyaya qarşı Qərbin sanksiyaları genişləndikcə və Priqojinin sirli qiyamından sonra bu tipli yazılar intensivləşib.

Siyasi dəyişiklik modellərindən biri Putinə qarşı müəyyən qüvvələrin səfərbər edilərək onun əleyhinə qaldırılmasıdır. Amma müxalifətin aktiv üzvləri sıradan çıxarıldığından bu planın gerçəkləşməsi suallar doğurur. Rusiyada yaşayan xalqlardan mübarizə vasitəsi kimi istifadə edilməsi Qərbin düşündüyü planlardan biridir. Amma belə görünür ki, hakimiyyətin özündə də artıq önə çıxmaq, “mən də varam” demək istəyənlərin sayı artır. Rusiyada Qərb dəyərlərinin daşıyıcıları ilə yanaşı, prosesi “dəmir əl”lə istiqamətləndirmək istəyən Putin kimi liderlər də var. Reallıq budur ki, Putin hakimiyyətinin ictimai-siyasi reytinqi indi ən aşağı səviyyəyə enib. Hər halda, Rusiya cəmiyyətində prezident Vladimir Putinin əvəzedilməz dövlət lideri olduğuna indi ciddi şübhələr mövcuddur. Ən əsası isə Rusiya cəmiyyətində Kreml sahibinin ölkəni bu savaşdan və beynəlxalq miqyaslı gərgin situasiyadan çıxara biləcəyinə olan inam sarsılıb.

Beləliklə, Putinin xarizması sürətlə əriməkdədir. Və Kreml sahibi indi əvvəlki dövrlərdən fərqli olaraq, hər şeyə qadir dövlət başçısı hesab olunmur, üstəlik, onun cəsarətsizliyi barədə ictimai rəylər möhkəmlənir. Bütün bunlar hərbi-siyasi böhranın üçüncü istiqamətinə də impuls verir. Belə ki, Rusiya cəmiyyətində prezident Vladimir Putinə olan etimadsızlıq tədricən Kremlin divarları içərisinə də sıçramağa başlayıb. Prezident Vladimir Putinin ətrafında mərkəzdənqaçma prosesinin başladığı barədə məlumatlar mövcuddur.

Tofiq Zülfüqarov — Vikipediya

Tofiq Zülfüqarov

“Rusiya Xarici İşlər Nazirliyinin Qarabağla bağlı son bəyanatı "Kreml qüllələri"ndə post-Putin dövrü üçün hakimiyyət uğrunda mübarizənin başladığının daha bir sübutu sayıla bilər". Bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Zülfüqarov bildirib ki, XİN-in yaydığı bəyanat prezident Putinin imzası olan üçtərəfli bəyanatın açıq-aşkar təhrifidir: “Buradan belə bir məntiqi nəticə çıxarmaq olar ki, ya Putin öz mövqeyini dəyişib, ya da Sergey Lavrov diplomatik "kazuistika" istifadəsi çərçivəsində daxili və xarici oyunçulara mesaj verməyə çalışır ki, “hakimiyyət tacı”nı aldığı halda, Türkiyə-Azərbaycan tandeminə qarşı fəaliyyətə keçəcək. Lavrov hamıdan daha yaxşı başa düşür ki, Ərdoğan-Putin xətti üzrə qarşılıqlı fəaliyyətin fundamental əsaslarından biri Cənubi Qafqaz və Ermənistan-Azərbaycan nizamlanması mövzusudur. Buna görə də Lavrovun “kontorunda” hazırlanmış hələlik sakit, məntiqsiz strukturlu mətn onun “Priqojindən sonrakı Putin Rusiyası”nda müstəqil oyuna başladığının ilk sübutudur".

Düzdür, baş verənlərə fərqli baxış bucağından yanaşanlar da var. Amma daha çox Putinin ölkə boyunca cərəyan edən proseslərə təsir imkanlarını itirdiyi barədə yanaşmalar üstünlük təşkil edir. “Açıq-aydın görünür ki, artıq Putin Rusiya üzərində idarəçiliyi itirib və hakimiyyətə nəzarət edə bilmir”. Bunu isə Moderator.az-a açıqlamasında Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov söyləyib. “İqtidarda müxtəlif qruplaşmalar var və "Vaqner" qiyamı da Putin rejiminin daxilən çox zəif vəziyyətdə olduğunu göstərdi. Yəni hakimiyyət açıq-aşkar xalq tərəfindən də, silahlı qüvvələr tərəfindən də müdafiə olunmadı".

Bəs digər ekspertlər şimal qonşumuzdakı proseslər, perspektivlər barədə nə düşünürlər? Konkret olaraq, Lavrovun özünün belə bir iddiası ola bilərmi?

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı 

Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, artıq Rusiya əhalisi reallığı açıq-aydın dərk edir: “Rus insanında çoxdan bu fikir formalaşıb ki, Rusiyanın tək xilası Putindən qurtulmasıdır. Birləşmiş Qərb də ölkə daxilindəki anti-Putin qüvvələrini bir araya gətirmək proyekti üzərində çalışmaqdadır. Amma hələ başarılı olmaq mümkün görünmür. Çünki rejim hələ qüvvəsini itirməyib və repressiv KQB üsulları tətbiq edilməkdədir. Putinin ətrafı daraldıqca onun iradəsinə uyğun olmayan bəyanatların sayı artacaq. Amma Qarabağla bağlı Rusiya XİN-in verdiyi bəyanatı Putinin zəifləməsi və bundan sui-istifadə halı hesab etmirəm. Bu, Rusiyanın ənənəvi siyasətidir, ona güvən olmadığını bilməliyik”. Q.Çaxmaqlı qeyd etdi ki, sabah Rusiya açıq şəkildə Ermənistanın tərəfindən çıxış etsə, buna da təəccüblənmək olmaz: “Zatən, 2020-ci ildən bəri onun öz maraqları üçün apardığı siyasət həm də Ermənistanın mənafeyinə xidmət edib. 10 noyabr sazişinə Ermənistan kimə güvənib əməl etmir? Bunları bilməliyik. Hesab etmirəm ki, Putin Rusiyada idarəçiliyi itirib. "Vaqner" qiyamından sonra özünü toparlamağa çalışan Putinin gələcəyi içəridəki dirənişçilərə bağlı olacaq. Xalq nəzdində onun heç bir dayağının olmadığı barədə gerçəkliklər Rusiyada hakimiyyət dəyişikliyini qaçılmaz edəcək. Ukraynadakı savaşın seyri bu prosesləri sürətləndirəcək. Ola bilsin, Putindən sonra Lavrov kimi tiplər söz sahibi olsun. Bütün bunların bizə birbaşa təsiri olacaq. Ona görə həll edilməmiş məsələlərimizi çözməyə tələsməliyik".

Üzeyir Cəfərov:

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov xatırlatdı ki, Rusiya dövləti yarandığı zamandan bu vaxta kimi ən mürəkkəb və çətin dönəmini yaşayır: “Bu vəziyyət get-gedə daha da dərinləşir və qarşıdakı dönəmlərdə biz Putin komandasının necə xaotik, başıpozuq bir duruma düşəcəyinin şahidi olacağıq. Məhz buna görədir ki, son vaxtlar Putinin özünün, həmçinin yaxın ətrafının səsləndirdiyi fikirlər cəmiyyətdə haqlı qıcıq və əsəb yaradır. Elə Putinin xarici siyasətini həyata keçirən Lavrovun idarəsindən gələn absurd və məntiqsiz bəyanatlar da artıq Azərbaycanda güclü səs-küyə, narazılığa və narahatlığa səbəb olub. Bu haqda ən yüksək səviyyələrdə belə görüşlər və müzakirələr aparılır”.

Ü.Cəfərov hesab edir ki, ən doğru və düzgün məlumatı biz yaxın günlərdə eşidəcəyik: “Rusiya Federasiyasının Azərbaycana yeni təyin etdiyi səfir Dementyev artıq Bakıya gəlib və bizim XİN-də keçirilən görüş zamanı onun da diqqətinə bəzi ciddi məqamlar çatdırılıb. Düşünürəm ki, yaxın saatlarda ölkə başçısı da rusların səfirinin etimadnaməsini qəbul edəcək və orada bəzi fikirlərini açıqlayacaq. Məhz iki ölkə arasında son vaxtlar baş verən soyuq küləklər də dediklərimizə sübutdur. Rusiya Federasiyasının adı "sülhməramlı kontingent" olan silahlı qüvvələri, əslində isə ermənilərin birbaşa himayəçisi olan silahlı rus dəstələri elə addımlar atırlar ki, bu, Azərbaycan ictimaiyyətində ciddi narazılıq yaradır. Bayrağımızla bağlı törətdikləri cinayət, onların nəzarəti altında olan mövqelərdən bizim əsgərlərə açılan atəş sayının durmadan artması və digər məqamlar bunu deməyə əsas verir ki, Rusiya sülhməramlı kontingenti də Moskvada baş verən başıpozuq hadisələr fonunda öz bildiyini edir və buna görə onlara kimsə söz deməyəcək". Lavrovun guya müstəqil şəxs ola bilməsi ilə bağlı fikirlərə gəldikdə, polkovnik Cəfərov dedi ki, şəxsən mən belə düşünmürəm: “Lavrov çox qorxaq və vəzifəsindən bərk yapışan bir personadır. Onun ciddi mövqeyi və fikirləri olmayıb və çətin ki, bundan sonra da olsun. Lavrov çalışır ki, Putinin bəzi xətalarını bir az malalasın və qismən yüngülləşdirsin. Ümumilikdə isə Rusiyada vəziyyət çox qəliz və xaotikdir. Çünki onlar özləri-özlərini elə bir dərin bataqlığa salıblar ki, çətin oradan salamat qurtulsunlar. Mənim şəxsi düşüncələrimə görə yaxın aylarda biz çox maraqlı hadisələrin şahidi olacağıq”.

Akif Nağının partiyasının adı nə olacaq? - AÇIQLAMA

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı isə qəzetimizə açıqlamasında bildirdi ki, Rusiya rəhbərliyində parçalanma olması ilə bağlı kifayət qədər ciddi və etibarlı məlumatlar var: “Hətta Təhlükəsizlik Şurası üzvlərinin əksəriyyətinin Putinə qarşı olduqları, onların Rusiya prezidentinin hakimiyyətdən getməsini istədikləri bildirilir. Bu, hakimiyyət böhranı ilə bağlıdır. Məlum deyimə istinad etsək, aşağıdakılar daha əvvəlki kimi yaşamaq istəmir, yuxarıdakılar, birinci növbədə Putin əvvəlki qaydada idarə edə bilmir. Priqojinin qiyamının da Təhlükəsizlik Şurasının Putinə qarşı olan üzvləri tərəfindən hazırlandığı və müəyyən məqamda dayandırıldığına dair fikirlər mövcuddur. Belə şəraitdə hakimiyyətdaxili qüvvələrin müxtəlif planlar qurmasına təbii yanaşılmalıdır”.

A.Nağı qeyd etdi ki, SSRİ-nin mövcud olduğu zamanlarda da hakimiyyət daxili qruplaşmalar tərəfindən həyata keçirilirdi: “Xruşşov, Brejnev, Qorbaçov, Yeltsin o cür gəlib-getdilər. İndi hələlik görünən fiqurlardan biri Lavrovdur, amma o, müstəqil tərəf deyil, kiminsə "şestyorka"sı rolundadır. Onun Qarabağ bəyanatı bu mübarizənin göstəricilərindəndir. Putinin bu bəyanatı dəstəklədiyi hiss olunmadı. Amma xəbərinin olmadığını da demək olmaz. Putin Ərdoğan demişkən, “o qədər də zəif” deyil. Hakimiyyət uğrunda mübarizə Qərb tərəfindən stimullaşdırılır. Burada bir neçə qrup ola bilər. Ancaq mübarizə böyük ehtimalla Qərb və Putin qruplaşmaları arasında gedir. Müşahidələr göstərir ki, Putin üstün gələcək, hələ bir müddət hakimiyyətdə qalacaq, sonra öz adamını gətirəcək. Güclü adamdan sonra daha güclüsünün gəlməsi praktikası dünyada yoxdur, adətən zəif adam gəlir və az müddətdən sonra postunu tərk etməli olur. Qərb yəqin ki, özünü bu ssenariyə hazırlayır".

Damarlarında erməni qanı daşıdığını fəxrlə bildirən birisinin, həmçinin Qarabağın yuxarı hissəsi ilə bağlı anti-Azərbaycan mövqeyi ilə nifrətimizi qazanmış diplomatın Rusiyada söz sahibi olması perspektivi təbii ki, narahatlıq doğurur. Gözləyək, görək rus xalqı ona liderlik imkanı yaradacaqmı...

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR