İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov soydaşlarını niyə küsdürdü?

2270 02.12.2022 13:33 Yazarlar A A

 

Damarlarından erməni qanı axdığını fəxrlə söyləyən Sergey Lavrov son açıqlamaları ilə erməniləri qəzəbləndirib. Rusiyanın baş diplomatının dediklərini oxuduqca adam qeyri-ixtiyari “gün hayandan çıxdı” deyimini xatırlayır. Lavrov Ermənistan rəhbərliyinin son vaxtlar statusdan çox, Qarabağdakı ermənilərin hüquqları barədə danışmasından bəhs edərkən deyib ki, Azərbaycan tərəfi Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazır olduğunu bəyan edib. Ardınca o, Azərbaycanın bunu müzakirə etməyə, Azərbaycanın digər vətəndaşlarının sahib olduğu hüquqların eynisini Qarabağdakı ermənilərə şamil etməyə və buna dair zəmanət təqdim etməyə hazır olduğunu söyləyib. Düzdür, dövlət başçımız dəfələrlə deyib ki, Qarabağdakı ermənilər – hansılar ki, Azərbaycan vətəndaşlığını daşımağa haqları olacaq – onlara ölkənin digər xalqlarına verilmiş hüquqlar veriləcək, amma aşağı-yuxarı hər hansı hüquqdan, statusdan söhbət gedə bilməz!

Bu, dövlətimizin prinsipial mövqeyidir. Nəhayət, Lavrovun da bunu dilə gətirməsi ilk baxışda normal görünsə də, suallar ortaya çıxır: niyə məhz indi? Neçə vaxtdır niyə bu həqiqəti ermənilərin qulağına pıçıldamırdı onların qandaşı?

Axı, ötən illərdə Lavrovun ermənilərə nə qədər stimul verdiyinə, işğalın davamında özünəməxsus rol oynadığına hamılıqla şahid olmuşuq. Həmin bu baş diplomat 2016-cı ilin Aprel döyüşlərindən sonra belə, Ermənistanı doğru yola çəkmədi, əksinə, 2017-ci ilin yanvarında “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” bəyanatı ilə hamımızı qəzəbləndirdi, erməni terrorunun və işğalının lampasına nöyüt tökdü. İndi onun tam əks mövqe sərgiləməsini sinirə bilmərən ermənilər az qalırlar Lavrovu da Simonyan, Zatulin kimi daş-qalaq eləsinlər.

Hələ digər dedikləri...Ermənilər üçtərəfli razılaşmalarda Alma-Ata Bəyannaməsinə istinad olunmasını özlərinin “uğuru” hesab edirdilər, özləri üçün sərsəm xəyallar qururdular. Praqada imzalanan sənəddə qeyd olunub ki, Azərbaycanla Ermənistan arasındakı delimitasiya və sülh sazişi BMT Nizamnaməsinə və 1991-ci ilin Alma-Ata Bəyannaməsindəki müvafiq sərhədlərə əsaslanmalıdır.

Lavrov ermənilərə onlara xatırlatdı: “Alma-Ata Bəyannaməsində isə qeyd olunub ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini formalaşdırır və SSRİ-nin İttifaq dövlətləri arasındakı mövcud olan sərhədlərin pozulmamasını təsdiqləyir. Başqa sözlə, həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan Sovet Sosialist Respublikasının tərkib hissəsi olub. Bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa, həm də cənab Mişel (Şarl Mişel-red.) tərəfindən sənəd çərçivəsində təsdiq olunub. Yəni, Alma-Ata Bəyannaməsinin heç bir qeyd-şərtsiz tanınması, əlbəttə ki, gələcək işi yüngülləşdirir. Ona görə ki, bu, Qarabağın statusuna necə yanaşmaq problemini həll edir. Ermənistan rəhbərliyinin son vaxtlar statusdan çox Qarabağdakı ermənilərin hüquqları barədə danışması boş yerə deyil”.

Qarabağ separatçısı, özünü Lavrovun “həmkarı” kimi təqdim edən quldur David Babayan Rusiya diplomatını “ne-prav” çıxartmağa cəhd edib. Belə yerdə göydən daş yağmasın, neyləsin? On illərlə Rusiyanın qucağında oturublar, indi üzünə ağ olurlar. Həmin bu erməni quldur deyib ki, 21 dekabr 1991-ci ildə Alm-Ata Bəyannaməsi imzalananda “Dağlıq Qarabağ Azərbaycanın tərkibində deyildi”. Həyasızlıq bunlarda sərhəd tanımır. İddia edir ki, keçmiş DQMV hələ 10 dekabr 1991-ci ildə keçirilmiş “referendumla” Şaumyan və Getaşenlə birgə (!) “müstəqil” olmuşdu. Hələ bir az da keçmişə gedir bu sarsaq. Deyir 1998-ci ildən “de-fakto” Azərbaycanın nəzarətində olmayan Dağlıq Qarabağ 1991-ci ildən artıq “de-yure” müstəqil olubmuş.

Görünən budur ki, bunları qəbir də düzəltməyəcək, nəinki öyüd-nəsihət. Amma burada Lavrov və digərlərinin də günahı az deyil.

Gələk o sualın cavabına ki, Sergey Lavrov niyə 1 dekabrda erməniləri küsdürən mövqedən çıxış etdi? Həmin gün və ya ərəfədə nələr oldu, xatırladaq:

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-da, Oklahoma Ştatının Qubernatoru Kevin Stitt və Milli Qvardiyasının rəisi briqada generalı Tomas Mançino ilə görüşdü. 2021-ci ildə ölkəmizdə olarkən işğaldan azad edilmiş bölgələrə səfər edən amerikanla görüş, ümumən Azərbaycan ordusunun rəhbərliyinin ABŞ-la əlaqələri Rusiyada narahatlıq doğurmaya bilməzdi. Bir tərəfdən Ermənistan KTMT-yə “rədd ol” deyir, Rusiya bazasından imtina xətti götürüb, digər tərəfdən də Azərbaycan Qarabağdakı müvəqqəti rus kontingentindən ciddi şəkildə narazıdır. Rusiya hansısa manevr etməlidir belə yerdə, əks halda Qafqazlardakı ömrünü uzada bilməyəcək. Prezident Putin “Valday”dakı çıxışında açıq şəkildə “Ermənistan Vaşinqtonun təklif etdiyi sülh variantını qəbul etmək istəyirsə, biz etiraz etmirik...” deyərək şantajvari mesaj vermədimi? Rusiya Qarabağ və Ermənistan-Azərbaycan mövzusunu öz kurasiyasında görür və kiməsə güzəştə getmək niyyətində deyil. Həm də ABŞ-ın bölgəyə gəlişindən ehtiyatlanır. Bu mənada ortamı yumşaltmaq istəyir...

Digər tərəfdən dekabrın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazini qəbul etdi, ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu. Rusiya narahat olacaq təbii ki...

Digər mühüm detal: Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla görüşdü. “Aİ-nin Cənubi Qafqazda sülh danışıqlarına və tərəflər arasında etimadın yaradılmasına yardım etmək öhdəliyini vurğuladım. Sülh quruculuğu və regional tərəqqi istiqamətində səyləri davam etdirmək üçün Azərbaycanın da əməkdaşlığına ümid edirik” - deyə avropalı diplomat Tvitter hesabında bildirib. Borel Ararat Mirzoyanla da bir araya gəlib. Rusiya Brüssel danışıqlarını pozmaqdan ötrü neçə vaxtdır cəhdlər göstərir, hər halda Paşinyanın “Makronlu görüş arzusu” bəhanəsini ortaya atmasında Kremlin də əli var, budəfəki cəhdləri baş tutdu, görüş alınmadı.

İndi Sergey Lavrov intizarla Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla 5 dekabr görüşünü gözləyir. Bu ərəfədə Borellə təmasdan narahatlığı təəccüb doğurmur.

Sergey Lavrov son açıqlamalarında azca səmimi olsaydı…Elə onun açıqlamalarından bir az sonra Azərbaycan Müdafiə Nazirliyi səhv etmirəmsə, son günlərdə 7-ci dəfə Rusiyanın Qarabağdakı hərbi kontingentinə müraciət etdi: “Mardakert” yox, Ağdərə, “Martuni” yox, Xocavənd! Yaxud da “Dağlıq Qarabağ” yox, Qarabağ İqtisadi Rayonu! Lavrovun ən azı Azərbaycanın inzibati xəritəsindən xəbəri var. Bəyan edə bilərdi ki, Dağlıq Qarabağ adında ərazi vahidi yoxdur! Heç Ağdərə rayonu da yoxdur. Alma-Ata Bəyannaməsinə istinad edən nazir gərək ki, o dövrdə Bakının qəbul etdiyi qərarları da yaxşı bilir. Həqiqətlərin yarımçıq deyilməsi oyunbazlığın əlamətidir. Yoxsa Lavrov və komandadaşları gözləyirlər ki, Azərbaycan ordusu növbəti dəfə hərəkətə keçsin və “sülhməramlılar”ın daha 5 il qalması üçün “əsas” yaransın? Hər halda Lavrov elə-belə belə riskə gedib, erməniləri özündən incik salmazdı, arxasında hiylə var...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR