İnsanlara hürriyət, millətlərə istiqlal!

Kuklaçılar Talış kəndində konsert-tamaşa təqdim edib - Fotolar

648 08.05.2023 23:41 Mədəniyyət A A

Azərbaycan Dövlət Kukla Teatrı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində konsert-tamaşa nümayiş olunub.

Musavat.com bildirir ki, mayın 6-da reallaşan aksiya teatrın “Heydər Əliyev İli” və peşəkar Azərbaycan milli teatrının yaranmasının 150 illiyi ilə bağlı silsilə tədbirlər çərçivəsində təşkil edilib.

Kuklaçılar talışlı teatrsevərlər qarşısında repertuarlarındakı maraqlı nümunələrdən biri - “Şəngülüm, Məngülüm” tamaşası ilə çıxış ediblər.

Görkəmli şair Mikayıl Müşfiqin məşhur mənzum nağılı əsasında hazırlanan mono kukla tamaşasının rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Elza Seyidcahandır.

Teatrın aparıcı aktrisası Ülviyyə Əliyeva bu tamaşada canlı planda Nağılçı ilə yanaşı beş kuklanın (Şəngülüm, Məngülüm, Ana keçi, Canavar və Dəmirçi) obrazında da tamaşaçı qarşısına çıxıb.

Qastrolda teatrın aktyor truppası ilə yanaşı teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının vokalçıları da geniş konsert proqramlı ilə çıxış ediblər.

Xatırladaq ki, hələ 10 il əvvəl - ümummilli liderin 90 illiyi ilə bağlı təntənəli yubiley tədbiri ilə özünün fəaliyyətini elan edən studiya bu illər ərzində ölkə və beynəlxalq miqyaslı festival və müsabiqələrdə uğurla təmsil olunaraq Qran-pri və birinciliklər qazanıb. Bu mənada tədbiri studiyanın hesabat konserti də saymaq olar.

Qeyd edək ki, bu, kuklaçıların Talış kəndinə ikinci səfəridir. Onlar Talış kəndində keçirilən ilk Novruz şənliklərində də böyük heyətlə iştirak etmişdilər. Ümumilikdə istər teatrın aktyor truppası, istərsə də studiyanın yetirmələri mütəmadi işğaldan azad olunmuş və yaşayışın qismən bərpa olunduğu ərazilərdə təşkil edilən tədbirlə qatılırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR