İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçəyə atılan körpələr: ictimai immun çatışmazlığı, yoxsa qanundakı boşluqlar...

696 28.10.2023 08:13 Yaşam A A

Xəbər verildiyi kimi, Gəncə şəhərində bir gündə iki uşaq küçəyə atılıb. Uşaqlar 4 aylıq körpə qız, digəri isə 3 yaşlı oğlan uşağıdır. Həmin uşaqlar şəhərin mərkəzində tapılaraq Gəncə Şəhər Uşaq Xəstəxanasına gətirilib.

Az sonra məlum olub ki, uşaqların qəyyumu olan nənə əvvəlcə 4 aylıq körpəni, sonra isə qardaşını Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyub. Qadın bunun səbəbi barədə danışıb. Mehriban Cəlilova deyib ki, qızı narkotik aludəçisidir. O, qızı ilə bağlı başqa ittihamlar da səsləndirib və belə olduğu halda uşaqların anasının yanında böyüməsini istəmədiyini deyib. Onun sözlərinə görə, qızı hər gün evdə dava salır və o, məcbur olaraq bu addımı atıb. O həm də uşaqları müvəqqəti olaraq İcra Hakimiyyətinə verdiyini açıqlayıb. “Mən nəvələrimdən imtina etməmişəm”, - qadın iddia edib.

Elə həmin gün uşaqların anası övladlarını geri istədiyini bildirib. Belə ki, İ.Cəlilova övladlarının olduğu Gəncə şəhər 2 Saylı Uşaq Xəstəxanasına gedərək onları ordan götürmək istəyib. Lakin qadının narkotik aludəçisi olması, sosial durumu və onun övladlarının qəyyumu olan nənəsinin uşaqlara baxmaq istəməməsi səbəbləri nəzərə alınaraq uşaqlar ona verilməyib. Qadınla bu barədə danışıqlar aparılıb və ona bildirilib ki, hər iki övladının sağlıq durumu yaxşıdır və onlar oktyabrın 26-da Bakıdakı Körpələr Evinin birinə yerləşdiriləcək.

Qeyd edək ki, körpələrin son vəziyyəti ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən açıqlama verilib. Komitənin mətbuat katibi Teymur Mərdanoğlu qeyd edib ki, qeyd olunan məsələ Komitə tərəfindən tam nəzarətə götürülüb, araşdırmalara başlanılıb.

“Uşaqlar bir müddət öncə nənənin qəyyumluğuna verilib. Nənə qəyyumluqdan imtina edərək uşaqları Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısına qoyub və oranı tərk etmək istəyib. Uşaqlar xəstəxanaya yerləşdirilib, İcra Hakimiyyəti tərəfindən azyaşlılarla bağlı məlumat Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin altsisteminə yerləşdirilib”.

O qeyd edib ki, Komitənin əməkdaşları tərəfindən yataqxanada yaşayan ailəyə baxış keçirilib:

“Uşaqların vəziyyəti qiymətləndirilib, ananın narkotik aludəçisi olduğu təsdiqlənib. Hazırda uşaqlar xəstəxanata müayinə keçib, müvafiq müalicə alıblar. Komissiya tərəfindən uşaqlara geyim və qida ilə bağlı lazımi dəstək göstərilib. Həftənin sonu 4 aylıq körpə Bakıda yerləşən körpələr evinə, 3 yaşlı uşaq isə Gəncə uşaq evinə yerləşdiriləcək”.

Lakin məlum olduğu kimi, nənə nəvələrindən imtina etmədiyini deyib.  Belə çıxır, uşaqlar təzədən onun qəyyumluğuna verilə bilər? Bəs narkoman ananın öz övladları üzərində hər hansı hüququ varmı? Ümumiyyətlə, belə halların təkrarlanmaması, uşaqların ailədaxili münasibətlərin qurbanına çevrilməməsi üçün nələr edilməlidir?

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, bu cür məsələlərdə uşaqlar mütləq dövlətin himayəsinə götürülməlidir, onları taleyin ümidinə buraxmaq olmaz:

Fazil Mustafa ikinci dəfə əməliyyat edildi - ANS - Xəbərlər

Fazil Mustafa: “Bu cür məsələlərdə uşaqlar mütləq dövlətin himayəsinə götürülməlidir, onları taleyin ümidinə buraxmaq olmaz”

“Belə halda əsas məsələ uşaqların dövlət tərəfindən himayəyə götürülməsi ilə bağlı olmalıdır. Dövlət bir mexanizm qurmalı, anası narkotik istifadəçisi olan və yaxud bu cür fəaliyyətlə məşğul olan şəxslərin uşaqlarının taleyini həll etməlidir. Əks halda burada uşaqlar başsız qalacaq və onlara qarşı hər hansı bir şəkildə qurma mexanizmləri işləməyəcək.

Nənənin gəliri, yaşayışı uyğun olmaya bilər. Qızı ilə eyni evdə yaşamaq istəməz, nənə də dünyasını dəyişə bilər,  ona görə də uşaqların taleyi əsas məsələdir. Bu baxımdan  uşaqların taleyi ilə bağlı qərar verilməsi, onlar dövlətin himayəsində böyüməlididlər. Onları taleyin ümidinə buraxmaq olmaz".

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də mövzu ilə bağlı danışıb:

“Nənə uşaqları aparıb, icra hakimiyyətinin binasının önünə qoyub və bunun da onunla əsaslandırıb ki, ”uşaqlara baxa bilmirəm". Axı bunun prosedur qaydaları var. Nənə aidiyyəti orqanlara müraciət etməli idi ki, qəyyumluğumda olmadığı halda uşaqlara baxır, uşaqlar həssas qrupdandır və sairə. Ola bilər ki, nənə bu haqda məlumatsızdır. Amma əgər artıq uşaqları aparıb ora qoyubsa, onda “mən imtina etmirəm” nə deməkdir? Birmənalı şəkildə həmin valideyni valideynlik hüquqlarından məhrum edib, uşaqları da dövlətin himayəsinə verərək, onlar üçün normal şərait yaradılmalıdır. Kim qarante verir ki, nənə uşaqlara sahib çıxdıqdan sonra onların vəziyyəti normal olacaq?

Bəli, narkotik istifadəçisi olan ananın da uşaqları üzərində hüququ var. Sadəcə ananın həssas qrupdan olması, zərərli vərdişləri olması dəyərləndirilməlidir. Nə qədər ki, həssas, zərərli vərdişləri olan, münaqişəli ailələrin bazası yardılmayacaq, belə problemlərlə daim qarşılaşacağıq. Əgər vahid baza olarsa artıq bu vahid baza ətrafında həm dövlətin yükü yüngülləşər, biz də digər qurumları qınamarıq ki, niyə vaxtında lazımi tədbirlər görməmisiniz. Yəni, koordinasiya, baza yoxdur, nəticədə ortaya gəlib çıxan atılmış uşaqlar olur".

Kəmalə Ağazadənin sözlərinə görə, bu cür problemlərin həlli üçün maarifləndirmə işləri aparılmalıdır:

“Maarifləndirmə olmalıdır və maarifləndirmədə daha çox dəyərlərdən danışmalıyıq. Mənəvi dəyərlərimiz, ideologiyamızı formalaşdırmalıyıq.

Kəmalə Ağazadə haqqındakı ittihamlara cavab verdi – VİDEO - GlobalInfo.az

Kəmalə Ağazadə: “Analara “canın çıxsın, uşağına bax” deməzdən əvvəl, sosial rifahı gücləndirməliyik”

Bu gün xeyli sayda tək analar var ki, övladlarına tək baxır və biz onlara deyirik ki, canın çıxsın uşağına bax. Amma canın çıxsın uşağa bax deməzdən əvvəl sosial rifahı düzəltmək lazımdır. Sosial rifahı düzəltsək, bir çox problemlərin qarşısını almış olarıq.

Və ən önəmlisi bu gün cəmiyyətdə narkomaniyanın qarşısının alınması üçün çox ciddi işlər aparılmaldır. Bəzən mətbuatda oxuyuruq ki, hansısa gözəllik salonunda patı satıcıları var. Buna kim nəzarət edir? Niyə yuxarı sinif şagirdləri arasında narkotik istifadəçilərinin sayı artır? Demək ki,  bunu satan var, alan da var. Beləliklə, narkomaniyanın qarşısının alınması istiqamətində ciddi iş aparılmalıdır.

Daha bir məsələ, psixoloqlarla bağlıdır. Bu gün özünə psixoloq deyən nə qədər adamlar var ki, uşaqları şikəst edir. Kim onların fəaliyyəti ilə bağlı monitorinq aparır? Hərəsi bir klinika açır, vəssalam. Bəs klinikanın işinə kim nəzarət etməlidir? Bəlkə, elə o psixoloqlar “canlı bomba”lar hazırlayıb, ailələrə ötürürlər, bundan xəbərimiz varmı?

Həmçinin ailə modellərinin gücləndirilməsi çox önəmlidir. Bunun üçün də dövlət proqramları olmalıdır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR