İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremllə münasibətlərdə gərginlik: nə baş verir, nəticə nə olacaq...

2266 19.07.2023 10:26 Siyasət A A

Ekspertə görə, Rusiyadan hər cür hücumlara hazır olmalıyıq

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı və Azərbaycanın buna reaksiyası Moskva-Bakı xəttində gərginlik yarandığını göstərdi. Bu arada Azərbaycan Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə 7,6 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

İlham Əliyevin sərəncamına əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 7,6 milyon (yeddi milyon altı yüz min) ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb. Bəzi ekspertlər bu sərəncamın da iki ölkə arasında indiki münasibətlər kontekstində təsadüfi olmadığını vurğulayırlar. 

“Bakı-Moskva və Moskva-Ankara münasibətlərində yaranan gərginlik getdikcə dərinləşəcək. Bu, istər-istəməz tədricən başqa sahələrə də sirayət edə bilər. Bir sözlə, gərginliyin artması qaçılmazdır. Amma buna baxmayaraq, Moskvanın Azərbaycana və Türkiyəyə olan ehtiyacı da getdikcə artacaq. Moskvanın dirəniş, eləcə də hadisələrin bu istiqamətdə inkişafına müqavimət göstərmək potensialı isə tədricən azalacaq. Ona görə də Türkiyə və Azərbaycan bu gərginliyin artmasından ehtiyat etməyəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin son və olduqca sərt bəyanatı da bu fikri təsdiqləyir”. Azad Demokratlar Partiyasının sədri, Təhlükəsizlik eksperti Sülhəddin Əkbər Azpolitika.info-ya müsahibəsində belə deyib. Onun sözlərinə görə, bütövlükdə götürsək, Rusiya XİN-in bəyanatı və Azərbaycan XİN-in ona cavabı açıq şəkildə proseslərin bu istiqamətdə inkişaf etdiyini göstərir. Azərbaycanın suverenliyinə qaytarılmayan, “sülhməramlıların” nəzarətində olan ərazilərində Rusiya- Türkiyə və Rusiya-Azərbaycan münasibətlərində gərginlik artacaq.

Fikrət Yusifov: 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan  reallıqları

Fikrət Yusifov

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın son nəfəsə qədər Cənubi Qafqazdakı mövqelərini müdafiə edəcəyi heç kimə sirr deyil. Bu gün Rusiya beynəlxalq aləmdə tam təkləndiyi bir durumda belə, özünün əsrlərdir yürütdüyü çirkin Qafqaz siyasətindən əl çəkmir və bir dövlət kimi nəfəs aldıqca bu istəyindən əl çəkməyəcək: “Bir dünyaya baxın, bu dünyada Rusiyanın gerçək dostu varmı? Yoxdur. Rusiyanın dövlət adına yaratdığı Ermənistan belə onun dostu deyil. Maraqlar müstəvisində Rusiya ilə əməkdaşlıq edən İran, Şimalı Koreya kimi ölkələr istisna olunmaqla bütün dünya Rusiyaya nifrət edir. Rusiya isə qətiyyən bunun fərqində deyil. Bu, siyasi korafəhmliyin kulminasiyasıdır. "Səni sevəcəyəm, sən sevməsən də" siyasəti ilə qonşu ölkələrdə, region ölkələrində və hətta uzaq Afrika ölkələrində əzələ nümayişi yolu ilə mövqe saxlamaq yolundadırlar. Anlamırlar ki, bu yolun sonu yoxdur. Bu yolun sonu o ola bilər ki, onlar, sadəcə, bir dövlət kimi məhv olacaqlar.

Amerika Birləşmiş Ştatları başda olmaqla, Qərbin Azərbaycanla Ermənistan arasında hər dəfə sülh yaratmaq cəhdlərindən sonra Rusiya siyasi elitası qızışıb hər iki ölkənin üzərinə getməyə cəhd göstərir. Başa düşmürlər ki, artıq onların yaratdığı Ermənistanda yaşayan ermənilərin 70%-dən çoxu Rusiyanın bu kirli, məkirli oyunlarını yaxşı görür və bu siyasətin qurbanı olmamaq üçün əllərindən gələni edirlər".

Ekspert qeyd etdi ki, Rusiyanın Azərbaycanla, xüsusən də Türkiyə ilə münasibətləri soyuqlaşdırması və ya pozması Rusiyanın özünü intiharı demək olar. Türkiyə ilə münasibətlər pozulsa, Rusiyanın çöküşü daha da sürətlənəcək. Rusiya regionda mövqelərinin get-gedə itirilməsini görür. Ona görə də hər cür ağıla sığmaz addımlara gedə bilər: “Cənubi Qafqazda bütün varlığı ilə mövqelərini qorumağa çalışan Rusiya bunun üçün istənilən hərbi-siyasi oyunlara getməyə hazırdır. Biz artıq çoxdandır bunun fərqindəyik. Bu gün Qarabağda baş verən hər bir ən kiçik olayın arxasında Rusiya var. Oradakı erməni separatçılarını dəstəkləyən, onlara milyonlarla dollar vəsait xərcləyən və onları birbaşa idarə edən də Moskvadır. Moskva bunu Qarabağa yeritdiyi "sülhməramlı" hərbi kontingentinin vasitəsilə edir. Rusiyanın olduğu yerdə sülh mümkün deyil. Orada yalnız qarşıdurma, silahlı toqquşma, çevrilişlər, millətlər arasında nifaq və bu qəbildən olan hər oyun realdır. Belə bir siyasəti özünə meyar seçmiş dövlətin regiona sülh gətirməsi mümkün deyil.

Bütün bu deyilənlərin fonunda biz Rusiyadan hər bir formada təcavüz gözləməliyik və hər cür hücumlara hazır olmalıyıq. Onlar “sözə baxmayan” ölkələrdə paslanmış sovet KQB üsullarından yararlanıb hakimiyyət dəyişikliyi etməyə cəhd göstərirlər. Ermənistanda Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən “sözə baxmayan” bu baş naziri devirmək istəsələr də bunu edə bilmirlər. Çünki erməni xalqı müəyyən qədər ayılıb. Erməni xalqı indi nisbətən ayılıbsa, biz bu məsələdə 1990-cı illərdən ayığıq. Azərbaycan xalqı heç vaxt məkrli oyunların alətinə çevrilməyəcək. Rusiyanın burada çıxarmaq istəyəcəyi hər hansı bir çirkin oyuna qarşı Prezident İlham Əliyevin bir çağırışı ilə bütün xalq ayağa qalxar. Rusiyanın siyasi elitası bunu çox yaxşı anlayır. Ona görə, məncə, Azərbaycanla bağlı siyasətlərində digər ölkələrdəki kimi çevriliş ssenariləri qurmazlar. Bilirlər ki, bu cür ssenarilər Azərbaycanda işləməz". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR