İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən şok anons: Rusiya ilə NATO silahlı savaşı başlaya bilər...

1358 30.11.2023 08:51 Siyasət A A

Lavrovun müavini elan edib ki, seçim tamamilə alyansın tərəfindədir və ölkəsi döyüşə hazırdır; analitik: “Hər iki tərəf cəbhə bölgəsində mövqelərini gücləndirməyə çalışacaq”

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski bildirib ki, Rusiyanın heç vaxt Ukraynanı fəth etmək məqsədi olmayıb. O deyib ki, tammiqyaslı hərbi əməliyyatlara başlayan Qərb və Ukrayna prezidenti Volodimir Zelenski olub. 

Medinski söyləyib ki, Moskva 2022-ci ilin yazında keçirilən danışıqlarda Kiyevdən bu ölkənin NATO-ya üzvlüyündən imtina etməsini tələb edib. Prezidentin köməkçisi vurğulayıb ki, Kiyev Moskva ilə sülh müqaviləsi imzalasaydı, yüzminlərlə ukraynalının həyatını xilas edə bilərdi: “Zelenski müharibəni seçib”. Kreml rəsmisinin sözlərinə görə, xüsusi əməliyyatın məqsəd və vəzifələrinə tam nail olunarsa, Ukrayna ilə sülh müqaviləsinin bağlanması indi də mümkündür. 

“Rusiya ilə NATO arasında silahlı münaqişə istisna deyil”.  Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. “Rusiya ilə NATO arasında silahlı münaqişə alyansdan asılıdır. Seçim tamamilə NATO-nun tərəfindədir. Biz artıq nümayiş etdirildiyi kimi, öz milli maraqlarımızı əlimizdə olan bütün vasitələrlə müdafiə etməyə hazırıq”, - Ryabkov bildirib. Onun sözlərinə görə, Rusiya ilə NATO arasında münasibətlərin yaxın gələcəkdə bərpa olunacağı ehtimalı yoxdur: “Bu, həm prinsipiallıq, həm də praktiklik baxımından istisna edilir. Əgər Qərbdə kimsə düşünürsə ki, bizə bu münasibətlər lazımdır və nə vaxtsa gəlib onların bərpasını xahiş edəcəyik, bu, böyük səhvdir”.

“Ukrayna NATO-ya daha da yaxınlaşır”. Bunu Şimal Atlantik Alyansının Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən NATO-Ukrayna Şurası XİN rəhbərlərinin iclasından əvvəl Ukrayna XİN rəhbəri Dmitri Kuleba ilə birgə jurnalistlərə açıqlamasında deyib. “Bu görüşümüz Ukraynanın NATO-ya daha da yaxınlaşdığını nümayiş etdirir. Biz bu iclasda Ukraynanın NATO-ya üzvlüyü yolunu müzakirə edəcəyik. Bütün müttəfiqlərimiz razılaşırlar ki, Ukrayna NATO-nun üzvü olacaq. Biz üzvlüyə gedən yolu, islahatları müzakirə edəcəyik. Həmçinin döyüş meydanındakı vəziyyəti və təcili ehtiyacları müzakirə edəcəyik. Fürsətdən istifadə edib Ukrayna Silahlı Qüvvələrinin, siyasi rəhbərliyinin və Ukrayna xalqının cəsarətinə və qətiyyətinə heyranlığımı bir daha vurğulayıram. Siz Rusiya qüvvələrini şimal, cənub və şərq istiqamətindən geri otuzdurmusunuz, rus işğalçılarını ağır itkilər verməyə məcbur etmisiniz”. NATO Baş katibi hesab edir ki, bütün bunlar Ukraynanın böyük qələbələridir. “Biz eyni zamanda Rusiyanı aşağı qiymətləndirməməliyik. İntensiv döyüşlərin getdiyini görürük. Biz yeni hava hücumlarına hazır olmalıyıq. Bizim Ukrayna ilə həmrəyliyimiz yalnız sözdə deyil, əməllərdə də təkrar olunmalıdır. Biz Ukraynaya dəstəyi davam etdirməli və bunun həcmini artırmalıyıq. Ukraynanın qələbəsi bizim marağımızdadır”, - Stoltenberq vurğulayıb.

Bəs NATO-Rusiya qarşıdurması açıq və birbaşa fazaya keçə bilərmi? Amerikalı əsgərlərlə rus əsgərlərinin toqquşması mümkündürmü? Bayden Ukraynada işğalçı əməliyyatlar başlamazdan əvvəl bəyan etmişdi ki, amerikalı əsgərlər rus ordusu ilə döyüşməyəcək, yoxsa bu, dünya müharibəsi olar. İndi isə Lavrovun müavini hərbi münaqişəni istisna etmir. O cümlədən NATO Baş katibi Ukraynanın alyansa üzvlüyünə hamının razı olduğunu bildirir. Bu nə dərəcədə realdır?

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin soyuq aylarda mövqe döyüşlərinə keçəcəyi ehtimalı yüksəkdir: “Hər iki tərəf cəbhə bölgəsində mövqelərini gücləndirməyə çalışacaq. Çünki yeni hücumlar canlı qüvvənin daha böyük itkisi və hərbi texnikanın sıradan çıxması deməkdir. Qış aylarında mövqe döyüşləri davam etdikcə, tərəflər növbəti yay ayları üçün irəliləmək planlarını tərtib edəcəklər. Gələn il Rusiya və Ukraynanı daha bir sınaq gözləyir, hər iki ölkədə prezident seçkisi keçirilməlidir. Rusiyada prezident seçkisində sürpriz gözlənilmir, Vladimir Putin rəqibləri üzərində qələbəyə əmindir. Ukraynada isə müharibə şəraitində seçkinin keçirilib-keçirilməyəcəyi, keçirilərsə, hazırkı dövlət başçısı Volodimir Zelenskinin mövqeyini qoruyub-qorumayacağı bəlli deyil. Buna baxmayaraq, prezident seçkilərinin müharibənin gedişatına çox da təsir edəcəyi proqnozlaşdırılmır”.

Sözcü - Xəzər Teyyublu: Şikayətləri araşdırandan sonra müvafiq dövlət  təşkilatlara sorğular göndəririk

Xəzər Teyyublu 

Hüquq müdafiəçisi Xəzər Teyyublu Ukraynanın yaxın dövrdə NATO-ya üzv qəbul olunacağını istisna edir: “Birincisi, nizamnaməyə əsasən ərazisi işğal altında olan və münaqişə yaşayan dövlət bloka qoşula bilmir. İkincisi, müharibə elə bunun üstündə başlayıb: Rusiya əməliyyatları ona görə aparır ki, çəkindirici rol oynasın, Ukrayna NATO üzvü qəbul edilməsin, alyans şərqə doğru genişlənməsin. O cəhətdən Ukrayna üzv qəbul ediləcəyi halda, Rusiyanın hücumları güclənə bilər. Sadəcə, Stoltenberq Kuleba ilə görüşdə belə danışmaqla Kiyevi sevindirməyə, "başının altına yastıq qoymağa" çalışıb. Əslində zamanında Ukrayna və Rusiya ayrıca saziş imzalasaydı, Kiyev NATO-ya üzv olmayacağı öhdəliyi götürsəydi, bu faciələr də baş verməzdi. İndiki halda NATO Ukraynanı dəstəkləməyə davam edəcək, amma üzvlük yaxın perspektivdə görünmür. Nə zamansa mümkündür, qarşıda isə əsas hədəf müharibəni necə dayandırmaq olmalıdır".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR