İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml üzərində ABŞ bayrağı – Kosıgin etiraz, Brejnev israr edib

2628 06.12.2022 15:55 Yaxın tarix A A

1972-ci ilin may ayında Kreml üzərində SSRİ-nin dövlər bayrağı ilə yanaşı ABŞ-ın dövlət bayrağının da dalğalanması Moskva sakinlərində təəccüb yaradıb. Çoxları elə düşünüb ki, bu hansısa filmin çəkilişi üçün yaradılmış səhnədir. Amma yox, Kreml üzərində ABŞ bayrağının dalğalanması birbaşa baş katib Leonid Brejnevin göstərişi ilə olub. Məhz həmin günlərdə Amerika bayrağının Kreml üzərində görünməsi ilk və sonuncu hadisə kimi tarixə düşüb...

Brejnev hakimiyyətə gəldikdən sonra ABŞ-la SSRİ arasındakı gərgin münasibətləri yumşaltmaq üçün tərəflər müəyyən addımlar atıblar. Xüsusilə, 1970-ci illərin əvvəllərində münasibətlərin tənzimlənməsində daha çox fəallıq müşahidə olunub. Belə ki, həmin ərəfələrdə SSRİ Elmlər Akademiyasında ABŞ və Kanada institutu fəaliyyətə başlayıb, SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin ABŞ-a rəsmi səfər edib, Kremllə Ağ Ev arasında “qaynar xətt” yaradılıb və bu kimi hadisələrlə əks qütbdə dayanan “nəhəng”lər aralarında bir körpü salmağa çalaşıblar.

31885-entry-14-1614783911.jpg (119 KB)

Bütün bu hadisələrin fonunda ən yadda qalan hadisələrdən biri isə 1972-ci ilin may ayında ABŞ prezidenti Riçard Niksonun SSRİ-yə rəsmi səfəri olub. Qeyd edək ki, 1945-ci ildə Yalta konfransında Franklin Ruzveltin SSRİ-də olmasını nəzərə almasaq, Niksonun bu səfəri tarixə ABŞ prezidentinin SSRİ-yə ilk rəsmi səfəri kimi düşüb.

Kremldə Niksonun səfərinə son dərəcə ciddi hazırlıq işləri görülüb. Bütün məsələlər ən xırda detallarına qədər dəfələrlə ölçülüb, biçilib. Hazırlıq işlərinə şəxsən Brejnev, Podqornı, Kosıgin nəzarət edib.
Həmin dövrdə Mərkəzi Komitənin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini (sonralar Mixail Qorbaçovun köməkçisi) Anatoli Çernyayev öz xatirələrində Niksonun səfəri ilə bağlı Kremldəki gərginlik haqqında təəssüratlarını aşağıdakı kimi bölüşüb:

31885-entry-7-1614783911.jpg (75 KB)

“Mərkəzi Komitənin, demək olar ki, bütün məsul şəxsləri Niksonun səfərinə hazırlıq işlərinə cəlb edilmişdi. Bu səfərlə bağlı Kremldə nəzərəçarpacaq dərəcədə gərginlik var idi. Göstərişləri Leonid Brejnev verirdi. ABŞ prezidentinin səfərinə bir neçə gün qalmış mən Brejnevin kabinetində idim. Səfərlə bağlı bəzi məsələləri müzakirə edirdik. Mən içəridə olanda Kosıgin Brejnevə zəng vurdu. Brejnev onunla selektorla danışırdı. Həmişə təmkini ilə seçilən Kosıginin səsində bir az həyəcan, bir az da qəzəb hiss olunurdu:

- Leonid İliç, görürsünüz də Nikson öz hədəqəsindən necə çıxıb? Bu yaramaz heç kimlə hesablaşmaq istəmir. Bəlkə biz onun səfərini təxirə salaq?

TASS_7128174-pic905-895x505-45229.jpg (157 KB)

Kosıgin bir neçə gün əvvəl ABŞ-ın Vyetnamın Hanoy və Hayfon şəhərlərini intensiv atəşə tutmasını nəzərdə tuturdu. Brejnev Kosıginin bu sərt ifadələrinə ağızucu cavab verdi:

- Belə bir ərəfədə Niksonun SSRİ-yə səfərini təxirə salmaq münasibətləri daha da gərginləşdirə bilər. Artıq hər şey danışılıb. İmzalayacağımız sənədlər də hazırlanıb. Əksinə, biz bütün məsələlərə soyuqqanlı yanaşmalıyıq, kimliyimizi sübut etməliyik. Mən göstəriş vermişəm, Kreml üzərində ABŞ-ın bayrağı da olacaq. Qoy beynəlxalq aləm də görsün ki, biz sülh tərəfdarayıq.

31885-entry-9-1614783911.jpg (159 KB)

Kosıgin Brejnevi sona qədər dinlədikdən sonra heç bir cavab vermədi, dəstəyi yerə qoydu. Brejnevin ABŞ bayrağı ilə bağlı təklifini Kremldə çoxları qəbul etmək istəmirdi. Amma təbii ki, son söz baş katibin sözü idi...”

Beləliklə, mayın 22-də Niksonun SSRİ-yə səfəri başlayıb. Hava limanında onu Brejnev, Podqornı, Kosıgin üçlüyü qarşılayıb. Zavod və fabriklərdən, institut və məktəblərdən, digər müəssisələrdən minlərlə insanı bu qarşılama mərasiminə cəlb ediblər.

31885-entry-2-1614783911.jpg (106 KB)

Niksonun mayın 30-a qədər davam edən səfəri məhsuldar keçib. ABŞ prezidenti SSRİ-də olarkən Brejnevlə birlikdə sonralar özü qeyd etdiyi kimi maraqlı görüşlər keçirib.

Səfər zamanı ABŞ və SSRİ rəhbərləri bir çox sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalayıblar. Bu sənədlər arasında nüvə silahlarının sayının azadılması ilə bağlı müqavilə (OSB) daha böyük önəm daşıyıb.

Səfərdən sonra Ağ Evdə təəssüratlarını bölüşən Amerika prezidenti səfərin məhsuldar keçdiyini bildirib və Moskvadan xoş təəssüratlara qayıtdığını vurğulayıb.

31885-entry-4-1614783911.jpg (169 KB)

Bir çox siyasətçilər ABŞ prezidentinin SSRİ-yə ilk səfərini iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndiriblər və həqiqətən də bu səfərdən sonra gərgin münasibətlərdə xeyli yumşalmalar hiss olunub.

1973-cü ildə Brejnevin Amerikaya səfəri isə ABŞ-la SSRİ arasında əməkdaşlığın daha da inkişaf etməsinə böyük töhfələr verib. Amma Amerika Brejnevi Vaşinqtona dəvət edəndə baş katib Ağ Evin üzərində SSRİ-nin bayrağını görməyib.

ABŞ-la SSRİ-nin “dostluq” münasibətləri çox da uzun sürməyib. 1979-cu ildə SSRİ öz hərbi kontingentini Əfqanıstana yeridəndə iki ölkə arasındakı gərginliyin yeni mərhələsi başlanıb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR