İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Türkiyənin Avropa İttifaqına getməsini niyə istəmir - politoloqun şərhi

28297 13.07.2023 13:43 Siyasət A A

“Hesab etmirəm ki, Aİ üzvlüyü məsələsinə görə Rusiya Türkiyə ilə münasibətləri pozacaq”

Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi yenidən aktuallaşıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünlərdə açıqlama verdi ki, “bizim Aİ-yə yolumuzu açsınlar, biz də İsveçin NATO üzvlüyünə razılaşaq”.

Bu ərəfədə Kremlin Türkiyəyə qarşı qısqanc münasibətləri müşahidə olunmaqdadır. Ərdoğanın Aİ-yə üzvlük məsələsinə dair açıqlamasından sonra Kreml buna qarşı qıcıqlı yanaşma sərgiləyib.

Kremlin sözçüsü Dmitri Peskov iyulun 11-də belə bir açıqlama verib: “Avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir. Türkiyə Avropa İttifaqı xəyallarına qapılmamalıdır. Ankara çəhrayı eynək taxmamalıdır".

Peskov Moskvanın fikir ayrılıqlarına baxmayaraq Ankara ilə münasibətlərin inkişafında maraqlı olduğunu söyləyib: “Rusiya Federasiyası Türkiyənin NATO öhdəliklərinə sadiqliyini yaxşı anlayır, lakin mövcud fikir ayrılıqlarına baxmayaraq, Rusiya Türkiyə ilə münasibətləri hər iki ölkə üçün sərfəli olduğu yerdə inkişaf etdirmək niyyətindədir”.

Eyni gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova da mövzuya dair açıqlama verib: “Rusiya Türkiyənin NATO üzvü olduğunu heç vaxt unutmayıb. Türkiyə NATO üzvüdür. Biz bunu heç vaxt unutmamışıq. Biz işlərə baxır, nəticə çıxarırıq”.

Peskovun dedikləri əslində qərəzli bir yanaşmadır, çünki Türkiyəni Aİ-də görmək istəyən sağlam avropalılar kifayət qədərdir. Türkiyə kimi qüdrətli dövlətin Aİ-də olmasının faydasını da yaxşı bilirlər.

Fakt ondan ibarətdir ki, daha çox Rusiya  Türkiyənin Aİ-yə getməsini istəmir. Bunun səbəbi də Rusiyanın yeni dünya düzənində təklənməsi ilə bağlıdır.

Rusiya bu məsələdə sanki artıq təhdid tonunda danışır. Kreml Türkiyə ilə Aİ məsələsinə görə münasibətləri poza bilərmi? Bunun Azərbaycanla, regionla bağlı proseslərə təsiri necə ola bilər?

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin Avropa İttifaqına üzv olması məsələsi yaxın zamanlarda həll olunan məsələ deyil. Bunun üçün atılacaq addımlar var. Amma Türkiyənin Aİ-yə üzvlüyünün sürəti ilə İsveçin NATO-ya üzvlüyünün sürəti eyni olacaq: “Baxmayaraq ki, Türkiyə Avropa qitəsinin cənub sərhədlərinin təhlükəsizliyini qoruyan ölkədir, Avropa İttifaqından qəribə tərzdə fərqli yanaşma sərgilənir. Bu yanaşma da 1-2 ilin söhbəti deyil, çox uzun müddətin söhbətidir. Avropa İttifaqının qeyd etdiyim məsələyə görə Türkiyəyə ehtiyacı var. Ancaq Aİ Türkiyənin üzvlüyünü hələ də istəmir. NATO özlüyündə Avropa İttifaqının, Avropa qitəsinin təhlükəsizliyinin əsas hərbi təsisatıdır. NATO-nun ikinci ordusu Türkiyə ordusudur.  Aİ-nin bu məqamı da hələ ki nəzərə almaması suallar doğurur. Burada pərdə arxasında əsasən ABŞ-ın mövqeyi təsir göstərir. ABŞ Türkiyəni özündən asılı vəziyyətdə görmək üçün Türkiyənin Aİ-yə üzvlüyünə pərdə arxasında mane olur. Avropa İttifaqının təhlükəsizliyi Türkiyənin iştirakı olmadan mümkün olmayacaq. Türkiyə gec-tez orada olmalıdır.

Türkiyənin Aİ ilə münasibətlərinin yaxşılaşması əslində Rusiyanın xeyrinədir. Rusiyanın da təhlükəsizliyi Türkiyənin iştirakı olmadan olmayacaq. Çünki Rusiya Ukrayna müharibəsi üzərindən SSRİ-nin Əfqanıstan müharibəsindən sonra yaşadığı risklərlə üz-üzədir. Bu risklər də hazırkı mərhələdə Rusiyanı irəlidəki illərdə parçalanmaya gətirəcək proseslərə rəvac verib. Belə vəziyyətdə sabitləşdirici qüvvə kimi Türkiyə iştirak edə bilər. Ona görə də əslində məntiqlə yanaşılsa, Rusiya üçün Türkiyənin Aİ-yə üzv olması və mövqelərini möhkəmlətməsi sərf etməlidir".

Ekspertin sözlərinə görə, əslində bu gün Rusiyanın Türkiyə ilə ciddi problemləri yoxdur: “Ona görə də hesab etmirəm ki, Aİ üzvlüyü məsələsinə görə Rusiya Türkiyə ilə münasibətləri pozacaq. Bu gün Rusiya mediasındakı anti-Türkiyə əhvalının tirajlanması etnik ermənilərdən qaynaqlanır. Ermənilər və bir sıra iqtisadi dairələr bütün gücləri ilə Rusiya-Türkiyə münasibətlərini korlamağa çalışırlar. Ancaq istəklərinə nail olmayacaqlar. Ona görə də Azərbaycanla və regionla bağlı da proseslərə də ciddi mənfi yön verə bilməyəcəklər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR