İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Tramp-Putin görüşünü niyə son şans hesab edir: Ağ Evin yeni sahibi Rusiyanın "qələm"ini qırır

1695 11.01.2025 18:22 Analitika A A

ABŞ-da keçirilən prezident seçkiləri ərəfəsində Ukrayna savaşını bir gün ərzində dayandıracağını vəd edən Donald Trampın indi bu mövqeyindən tədricən geri çəkilməyə başladığı da müşahidə olunur... Kremlə mesaj verilir ki, əgər, sürətli sülh prosesi istəyirsə, onda prezident Vladimir Putin də ciddi güzəştlərə hazır olmalıdır, əks halda, savaş Rusiyanın çöküş mərhələsinə qədər uzana bilər...

Ukrayna savaşı növbəti mərhələyə keçid etmək üzrədir. Bu yeni mərhələnin hansı istiqamətlər üzrə inkişaf edə biləcəyi isə hələlik bir qədər müəmmalı xarakter daşıyır. Çünki yeni hərbi-siyasi mərhələdə Ukrayna savaşının dayandırılması ilə bağlı diplomatik cəhdlərin intensiv olacağı ehtimal edilir. Halbuki, hazırda savaş poliqonunda baş verənlər hələlik tamamilə fərqli təsəvvürlər də yaradır. Və indiki situasiya Ukrayna savaşının əvvəlki dövrlərlə müqayisədə daha amansız xarakter aldığını göstərir.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşı kollektiv Qərb düşərgəsini ciddi şəkildə parçalayıb. Xüsusilə də, Ukraynanın bir dövlət kimi gələcək taleyi indi olduqca ciddi müzakirə mövzusudur. Qərbdə bəzi dövlətlər Avropanın təhlükəsizlik maraqları naminə Ukrayna ərazilərinin bir hissəsində bufet zona rolunu oynaya biləcək dövlətin qalmasında maraqlıdırlar. Və bu, indi əslində, Qərb siyasi dairələrinin Ukraynadan daha çox öz maraqlarını düşündüklərini göstərir.

1658653216_emcode_490f0c581f8b1444a8fa88fd987c9b0c.jpg (117 KB)

Digər tərəfdən, Qərbdə Ukrayna savaşına münasibətdə bundan nisbətən fərqli mövqe tutanlar da var. Onların yanaşma tərzində Ukraynanın gələcək taleyinə ümumiyyətlə, laqeydlik daha ön planda yer alır. Belə ki, kollektiv Qərbin bu qanadı Ukrayna dövlətinin mövcudluğuna qarşı olmasa da, onun qorunmasının vacibliyində israrçı da deyil. Bu düşərgədə əsas müzakirə mövzusu Ukrayna savaşına xərclənmiş yüz milyardlarla maliyyə vəsaitinin gələcək taleyinə indeksləşib. Və əsas hədəf də həmin maliyyə vəsaitinin geri qaytarılması üçün uyğun variantların tapılması ilə birbaşa bağlıdır.

Təbii ki, istənilən halda, Ukrayna savaşının ən qısa zamanda dayandırılması ilə hədəflər daha ön plana çəkilmiş kimi görünür. Yəni, kollektiv Qərb Ukrayna savaşına daha maliyyə vəsaiti xərcləmək istəmir. Ona görə də, Ukrayna savaşı ilə bağlı toplantılarda daha çox Rusiyanın sülhə məcbur edilməsinin mümkün variantları müzakirə edilir. Hətta bu prosesin təsiri altına düşməkdə olan Ukrayna prezidenti Volodimir Zelenski belə, rəsmi Kiyevin Qərbdəki müttəfiqləri ilə birlikdə sülhə nail olmağa çalışdıqlarını etiraf edib. Və bu, indiki situasiyada Ukraynanın maraqlarının qurban verilməsinə hazırlığın ilkin əlamətləri də sayıla bilər.

Ancaq Qərbdə bəzi analitik təhlil mərkəzləri Ukrayna savaşının dayandırılmasına yönəlik manevrlərin yanlış taktikaya bağlı olduğunu iddia edirlər. Onların fikrincə, kollektiv Qərb Rusiya ilə sülh müzakirələri barədə tələsik qərarlar verməməlidir. Çünki əgər, savaş davam etdirilərsə, Rusiyanın hərbi resursları ən uzağı 2027-ci il ərəfəsində tamamilə tükənmiş olacaq. Nəticədə Rusiya müqavimət potensialından məhrum qalacaq, Ukrayna ərazisini tərk etməli olacaq, üstəlik, heç öz sərhədlərinin toxunulmazlığını da təmin edə bilməyəcək. Və indiki mərhələdə Kremlə sülh şansı yaratmaq, əslində, Rusiyanı böyük çöküş təhlükəsindən xilas etmək anlamı daşıyır.

17382e58-92d3-4c53-b8dc-b90c7493865a.jpg (237 KB)

Maraqlıdır ki, Ukrayna ordusunun Rusiyaya endirdiyi son hərbi zərbələrin mövcud nəticələri də Kremlin çöküş mərhələsinin uzaqda olmadığını açıq-aşkar biruzə verir. Böyük ehtimalla Rusiyanın dərinliklərinə endirilən bu hərbi zərbələrin arxasında Ağ Evin yeni sahibi Donald Trampı Kremllə apardığı səhnəarxası danışıqlarda çətin vəziyyətə salmaq niyyəti güdən Bayden administrasiyasının rəsmi Kiyevə təlimatları gizlənir. Və hazırda Rusiya Ukrayna ordusunun intensiv hücumları qarşısında öz şəhərlərini qorumaqda ciddi problemlərlə üzləşməkdədir.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna ordusunun son hücumlarının mövcud nəticələrindən sonra Kremldə ciddi təlaşın yaşandığı da artıq açıq-aşkar nəzərə çarpır. Belə ki, Kremldə Tramp adminstrasiyasının öz səlahiyyətlərinin icrasına başlayacağı günü böyük səbirsizliklə gözləyirlər. Çünki ötən hər gün Rusiyanın əleyhinə işləyir və Kremlin durumu daha da ağırlaşır, sülh prosesində şərtləri diqtə etmək şanslarını azaldır.

Maraqlıdır ki, prezident Vladimir Putinin Ağ Evin yeni sahibi Donald Trampla birbaşa görüşə can atdığı barədə kifayət qədər ciddi məlumatlar mövcuddur. Hətta Kreml sahibi bir müddət öncə ABŞ-ın yeni seçilmiş prezidenti ilə hər an görüşməyə hazır olduğunu rəsmən bəyan etmişdi. Düzdür, sonradan Kremldən o da bəyan edildi ki, hələlik Tramp-Putin görüşü ilə bağlı Rusiya rəsmi dairələrinə hər hansı hazırlıq mesajı verilməyib. Və bu, əslində, Tramp administrasiyasını görüş üçün hərəkətə gətirmək cəhdləri kimi də anlaşıla bilər.

Digər tərəfdən, bir müddət öncə Rusiyadan ABŞ-a müəmmalı təyyarə reysi də reallaşdırılmışdı. Kreml gizlətməyə çalışsa da, həmin təyyarədə olan Rusiyanın yüksək rütbəli təmsilçilərinin Ağ Evin yeni sahibinə prezident Vladimir Putinin sülh mesajlarını və məxfi çantasını çatdırdıqları barədə də iddialar mövcuddur. Və belə anlaşılır ki, indi Kremldə savaşın uzanması ilə Rusiyanın çöküşünün qarşısını almaq baxımından, ABŞ-ın yeni seçilmiş prezidentinə böyük ümidlər bəslənilir.

tr-zel-put-images.jpg (95 KB)

Maraqlıdır ki, Ağ Evin yeni sahibi Donald Tramp da prezident Vladimir Putinin onunla tez-tələsik görüşmək cəhdlərinə pozitiv reaksiya verməyə başlayıb. Belə ki, ABŞ-ın yeni prezidenti Kreml sahibinin onunla görüşmək istədiyini rəsmən bəyan edib. Yəni, prezident Donald Tramp Kremldən ona belə bir mesajın artıq çatdırıldığını etiraf edib. Ağ Evin yeni sahibi onu da vurğulayıb ki, onun prezident Vladimir Putin ilə görüşünün təşkili istiqamətində hazırlıq prosesinə də start verilib. Və onun bu barədə konkret zaman göstərməməsi isə Kremldə məyusluq doğurub.

Böyük ehtimalla Kreml sahibi ABŞ-ın yeni seçilmiş prezidenti ilə keçmiş "dostluq münasibətləri"nə istinadla, Donald Trampın daha sürətlə hərəkət edəcəyinə ümid bəsləyir. Ancaq Kremldə Ukrayna savaşı ətrafında yaranmış indiki situasiyanın Ağ Evin yeni sahibinə də müəyyən mənada, sərfəli olduğunu unudurlar. Çünki Donald Tramp Ukrayna savaşını dayandırmsqla yanaşı, kollektiv Qərb daxilində əlavə siyasi dvidentlər qazanmaqda da maraqlıdır. Əgər, Rusiya daha da aciz duruma düşərsə, Ukrayna savaşının dayandırılması prosesində Kremli şərtləri diqtə etmək şansından məhrum etmək mümkün ola bilər.

Ona görə də, ABŞ-da keçirilən prezident seçkiləri ərəfəsində Ukrayna savaşını bir gün ərzində dayandıracağını vəd edən Donald Trampın indi bu mövqeyindən tədricən geri çəkilməyə başladığı da müşahidə olunur. Belə ki, Ağ Evin yeni sahibi Ukrayna savaşını dayandırmaq üçün təxminən yarım ilə qədər zaman intervalına ehtiyac duya biləcəyinə eyham vurub. Yəni, Kremlə mesaj verilib ki, əgər, Ukrayna savaşının sadəcə, Rusiyanın maraqları çərçivəsində dayandırılacağına ümid bəslənirsə, bu, tələskən təsəvvürdür. Və Rusiyaya sürətli sülh prosesi lazımdırsa, onda Kreml də olduqca ciddi güzəştlərə hazır olmalıdır, əks halda, Ukrayna savaşı uzana da bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR