ABŞ–Almaniya reysi zamanı müəmmalı və qalmaqallı hadisə baş verib.
Musavat.com xəbər verir ki, Rusiyalı sənədli film rejissoru Pavel Talankin “Oskar” mükafatını Nyu-York–Frankfurt reysi ilə apararkən itirib.
Məlumata görə, rejissor mükafatı əl yükündə daşıyırmış. Lakin təhlükəsizlik yoxlaması zamanı əməkdaşlar bildiriblər ki, heykəlcik “potensial silah” kimi istifadə oluna bilər və onu təyyarəyə götürməyə icazə verməyiblər.
Filmin həmmüəllifi Devid Borenşteyn bu barədə Instagram hesabında məlumat verib. Onun sözlərinə görə, bütün etirazlara baxmayaraq, “Oskar” xüsusi qablaşdırılaraq baqaj bölməsinə göndərilib.
Lakin Frankfurt hava limanına çatdıqdan sonra mükafat tapılmayıb və Talankinə itki barədə rəsmi sənəd təqdim olunub.
Hadisə ilə bağlı Lufthansa şirkəti açıqlama verərək heykəlciyin tapılması üçün bütün imkanların səfərbər ediləcəyini bildirib.
Qeyd edək ki, Talankinin Kremli tənqid edən filmi “Oskar” mükafatını ən yaxşı sənədli film nominasiyasında qazanıb. Film Rusiyada qadağan olunub, rejissor isə “xarici agent” elan edilib.
Musavat.com






