İnsanlara hürriyət, millətlərə istiqlal!

Közü və zibili başqasının əli ilə götürən əclaflar...

4487 23.06.2023 18:00 Yazarlar A A

 

2018-ci ildə məşhur yəhudi mənşəli rusiyalı satirik Mixail Jvanetski doğma şəhəri Odessaya gələndə yerli jurnalistlərdən biri ondan israrla Donbas məsələsinə dair mövqeyini soruşur.

Bilənlər bilir, Rusiya Ukraynaya məxsus Donbası işğal edib, Jvanetski isə Ukraynada doğulub-böyümüş adam olsa da, Rusiyada yaşayır, işləyir. Jurnalist isə dirəşir ki, o mütləq mövqe bildirsin. Dünyanın ən hazırcavab adamlarından biri olan satirik yazıçı naqolay durumda qalır, amma jurnalistə səmimi cavab verir: “Cavan oğlan, siz anlamalısınız ki, mənim bu suala verəcəyim istənilən cavab mənə saysız-hesabsız qada-bəla gətirəcək. Belə sualları ya axmaqlar verir, ya da əclaflar. Ürəkdən ümid edirəm ki, siz axmaqsınız”.

Azərbaycan jurnalistlərinin bir hissəsi bəzən Jvanetskinin durumunda qalırlar və heç də onun kimi situasiyadan sarkazm və satira hesabına çıxa bilmirlər. O biri hissəsi isə özünü bir məşhurdan özünə sərf edən cavabı almaq istəyən odessalı jurnalist kimi aparır - özlərini ya axmaqlığa qoyurlar, ya da təbiətlərinə uyğun davranır, əclaflıq edirlər.

Bu ölkədə tez-tez olur ki, nəsə ajiotaj doğuran, qalmaqala səbəb olan hadisələr baş verir. Dərhal hamının yadına jurnalistlər düşür. Təhqiramiz, aşağılayıcı ifadələr dal-dala düzülür: “Hardadırlar bu başıbatmış jurnalistlər? Çıxsınlar, araşdırsınlar, yazsınlar dəə”; “Elə mənzil davası etməyi bilirlər, gəlsinlər, baş verən hadisəni işıqlandırsınlar”; “Onlar da o hünər nə gəzir, hamısı hökumətin trollarıdır” və s.

Beləcə, illərdir simasını qoruyan, qələmini təmiz saxlayan, bir kəsə yaltaqlıq etməyən, inanmadığı, əmin olmadığı yek cümlə yazmayan, həmişə doğruları yazmağa çalışan jurnalistlər də 5-6 “trol”un, “mirzə”nin, “qırğı”nın ayağına verilir, şahmat taxtasının ağ-qara fiqurları kimi eyni qutuya qoyulur.

Bu, çoxdan bəllidir ki, çəkişən, sürtüşən, süpürləşən siyasi qüvvələr, ictimai qruplar jurnalistlərdən öz mənafeləri üçün yararlanmağa çalışırlar. Onlara söz və mətbuat azadlığı, peşə etikasına riayət-filan lazım deyil. Tərəflərin hamısı istəyir ki, jurnalist yalnız onun mövqeyini işıqlandırsın və onun rəqibinə, düşməninə tribuna verməsin, nəticədə məhz özü haqlı görünsün. Bütün iddialı tərəflər jurnalistlərin onun xeyrinə təbliğat aparmasını, onu piar, reklam etməsini, yeri gələndə sinələrini irəli verib onun rəqiblərinə çamur atmasını istəyirlər. İlanı Seyidəhməd əli ilə tutmaq istəyən nə qədər desən...

Belələri jurnalistin təkcə maşa olmasını yox, arada xəkəndaz olmasını da istəyirlər, həm qızmar közü-kömürü onun vasitəsilə götürsünlər, həm də zir-zibili onunla özlərindən aralasınlar.

Təəssüf ki, bizim sektorun vətənpərvər, insanpərvər, başqalarının problemini öz şəxsi problemi kimi yaşayan, onları həll etməyə çalışan, antixalq mövqeyi sərgiləyənlərə od püskürən duyarlı fərdləri çox vaxt özləri də bilmədən bu cür məkrli qüvvələrin fitvasına gedir, onların qurduğu iyrənc oyunlarda rol alırlar.

Başqa sözlə, bizim ruh halmızdan, qələmimizdən elə sui-istifadə edirlər, heç xəbərimiz də olmur.

Son həftədə bir qazinin özünü, digərinin isə hədiyyə edilmiş avtomobilini yandırması hadisəsində hamıdan çox qınayıcı yazıları, statusları jurnalistlər yazdılar, A.-dan Z.-yə qədər bu işdə məsuliyyət payı olan hər kəsi yerdən-yerə vurdular, əlaqədar şəxsləri sorğuladılar. Nəhayət, ortaya çıxdı ki, özünü yandıran qaziyə də, avtomobilini odlayan veterana da kifayət qədər yardımlar olunub və onlar heç də laqeydliklə üzləşməyiblər.

Naftalanda baş verən özünüyandırma hadisəsini yaxından izləmək imkanım oldu. Məzuniyyətdə və müalicədə olsam da, özümə borc bildim ki, özünü yandıran qazinin evinə, ailəsinə baş çəkim, problemlərinin nədən ibarət olduğunu yazım. Ailə üzvləri, demək olar ki, heç nə danışmadılar. Başqa vaxt olsaydı, “hanı jurnalistlər, gəlsinlər dərdimizi yazsınlar, çəksinlər” deyəsi adamlar bu dəfə “heç nə yazmaq lazım deyil” dedilər. Bunun səbəbi bir neçə saatdan sonra bəlli oldu. Həmin qaziyə kifayət qədər yardım olunubmuş, əksər problemi həll edilibmiş, bir neçə müraciətinin müsbət həll ediləcəyi sözü də verilibmiş.

Amma sosial şəbəkədə elə bir durum yaradılır ki, biz bu həqiqəti yaza bilmirik, yazanda “trol” oluruq. Yaxşı, necə olsun? Adamın 50 min manat məsrəflə Türkiyədə müalicə olunduğunu, özünə bir necə dəfə 5-8 min manat arasında yardımlar edildiyini, ayda 1360 manat müavinət ödənildiyini, qardaşının işlə təmin olunduğunu danaqmı? “Belə şey yoxdur, adamın şikayətinə baxmırlar” yazaqmı? Elə onun ailə üzvləri də ona görə ayaqlarına gəlmiş jurnalistə heç nə danışmadılar ki, yazılan şey onlara sərf etməyəcəkdi.

Sosial şəbəkələrdə isə jurnalistlərlə məmurları bir-birinə qatır, yıxıb-sürüyürdülər. Tərs kimi, həqiqəti yazanda da, deyəndə də elə edirlər. Bəzi siyasətə könül vermiş insanların umduğu odur ki, onlar xroniki şəkildə ittiham irəli sürsünlər, hamını asıb-kəssinlər, amma kimsə onlara həqiqətin nədən ibarət olduğu barədə cavab verməsin.

Gədəbəydəki qızıl mədəni ətrafında baş verən hadisə zamanı da hətta dost bildiyimiz adamlardan jurnalistlərin ünvanına təhqiramiz çağırışlar səsləndi. Guya ki, onlar “əzilən, zəhərlənən, haqqını tələb edən xalqın” səsini eşitməzliyə vururlar, “haqqın yanında” durmurlar və s.

Çoxları jurnalistlərdən dərhal konkret mövqe bildirməyi tələb edirdi.

Belə məsələlərdə isə mütləq soyuqqanlı olmaq, problemin, hay-küyün mahiyyətini sakitcə çözmək lazımdır. Hissə qapılanda, az informasiya əsasında uzaq gedən nəticələr çıxaranda, tələsik təsbitlər edəndə əksər vaxt yanılırsan. Bir qədər sonra isə təfərrüatlar, detallar açılır və məlum olur ki, heç də hər şey ilk gün qələmə verildiyi kimi deyil.

1993-cü ilin iyun ayının 4-də o vaxtın “trolları” ölkədə belə bir şayiə yayıb tirajladılar ki, guya hökumət qoşunları Gəncədə yatmış əsgərlərə hücum edib, 69 əsgəri güllələyib öldürüblər. Ayın 4-ü, 5-i, 6-sı ölkə bu xəbərlə çalxalandı, yüz minlərlə adam hiddət püskürdü. Yalnız iyunun 7-8-də parlamentdə rəsmi şəkildə bildirildi ki, deyilən rəqəmlər yalandır, elə şey olmayıb.

Lap sonralar isə məlum oldu ki, Surətin yatmış əsgərlərindən 1 (bir) nəfər də öldürülməyib, öldürülənlər Elçibəyin əsgərləridir, girov götürülənlər də onun komandasının üzvləridir. O qovğada yalnız Mehman adlı bir gəncəli hərbçi güllələnmişdi, onu da əlinə ağ bayraq götürüb hökumət qüvvələri ilə danışığa gedəndə arxadan surətçilər özləri vurmuşdu.

Fəqət ilk yalan informasiya öz dağıdıcı işini görmüşdü.

Ondan sonra yüz dəfələrlə olub ki, jurnalistlərin ilk rəy və qənaətləri yanlış çıxıb. Ancaq bu, bizə dərs olmur. Hər dəfə bizim peşəmizin incəliyindən və xasiyyətimizin münasibliyindən sui-istifadə edirlər.

Nəhayət, bir az təmkinli, soyuqqanlı, araşdırıcı olmalıyıq və ittiham, iddia irəli sürməyə, hökm verməyə qətiyyən tələsməməliyik.

Unutmayaq ki, bizi axmaq yerinə qoymaq istəyən əclaflar var.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR