İnsanlara hürriyət, millətlərə istiqlal!

Korsikaya geniş muxtariyyət təklif edildi

781 14.03.2024 12:46 Dünya A A

Korsika parlamenti növbəti sessiyasında Fransa hökuməti və Korsika rəhbərliyinin əldə etdiyi razılaşmaya baxacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qanunvericilər ölkənin mərkəzi hökumətinin və yerli hakimiyyət orqanlarının səlahiyyətlərini müəyyən etməli, Fransa qanunlarının “yerli şəraitə” uyğunlaşdırılması məsələsini müzakirə etməlidir.

Sadə dillə desək, Korsikaya geniş muxtariyyət veriləcək. Bildirilir ki, Fransa prezidenti Emmanuel Makron bu dəyişikliklərin tərəfdarı və təşəbbüskarıdır.

Lakin Fransa parlamentində problem yarana bilər: orada aparıcı mövqe tutan sağçı partiyalar çətin ki, unitar dövlət prinsiplərinə yenidən baxsın.

Sənəd çərşənbə günü Korsika parlamentinə təqdim edilib. Martın 12-də Parisdə Fransa Daxili İşlər Nazirliyi bunu beş saat ərzində müzakirə edib. Danışıqları Korsika hökumətinin başçısı Jill Simeoninin başçılıq etdiyi Korsika nümayəndə heyəti və hökumət rəsmiləri aparıb. Müzakirələrdən sonra Fransa DİN-in rəhbəri Cerald Darmanin jurnalistlərə bildirib ki, korsikalılarla “Fransa respublikası tərkibində muxtariyyət” haqqında saziş bağlanıb. Bu ifadənin Fransa konstitusiyasına yazılması nəzərdə tutulur. Korsikanın muxtar statusu, adanın tarixi irsi və Korsika dilinin statusu da orada qeyd olunacaq. Son iki məqam yerli sakinlər üçün xüsusilə vacibdir - əslində, onlar buna görə muxtariyyət tələb edirlər.

Adada danışılan dil Korsika dilidir ki, bəzi alimlər bu dili italyan dilinin ləhcəsi, bəziləri isə müstəqil dil hesab edirlər. Adada yerli vətənpərvərlik həmişə güclü olub. Keçmiş illərdə korsikalı separatçılar mərkəzi hökumətə qarşı silahlı mübarizə aparıblar. İndi Korsika Milli Azadlıq Cəbhəsinin (FLNC) terror fəaliyyəti yalnız ictimai binalarda ara-sıra baş verən partlayışlarla məhdudlaşır, adətən itkilər olmur. Sonuncu belə terror aktı 2023-cü ilin oktyabrında olub. Buna baxmayaraq, son illərdə Korsikanın statusu ilə bağlı müzakirələr Korsika dilini bilməyən və fransız dilini onda üstün tutan əcnəbilərin yerli daşınmaz əmlak alması səbəbindən kifayət qədər kəskinləşib.

2021-ci ildə Korsika parlamentinə seçkilərdə tam müstəqillik olmasa da, ən azı muxtariyyət əldə etmək ideyasının tərəfdarları böyük səs çoxluğu qazanıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR