İnsanlara hürriyət, millətlərə istiqlal!

Klinton Yeltsini necə əmin edib - NATO Rusiya üçün təhlükə olmayacaqmış

1629 10.07.2024 12:25 Dünya A A

Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1997-ci ildə amerikalı həmkarı Bill Klintonla görüşündə NATO-nun şərqə doğru genişlənməsini səhv adlandırıb və o, öz növbəsində Şimali Atlantika Alyansının Rusiya Federasiyası üçün təhlükə yaratmayacağına söz verib.

Bu, paytaxtdakı Corc Vaşinqton Universitetində Amerika ictimai araşdırma təşkilatı Milli Təhlükəsizlik Arxivi tərəfindən açıqlanan ABŞ hökumətinin məxfi sənədlərindən irəli gəlir.

Amerika tərəfinin hazırladığı materiallardan belə çıxır ki, Yeltsin Finlandiyada keçirilən bu görüşdə Klintona deyib: “Bizim mövqeyimiz dəyişməyib. NATO-nun şərqə doğru hərəkəti hələ də səhvdir”.

“Mən NATO ilə razılaşmanı istədiyim üçün deyil, məcburi addım olduğuna görə bağlamağa hazıram. Bu gün başqa həll yolu yoxdur”, - Yeltsin vurğulayıb və bildirib ki, ancaq bir şey çox vacibdir: genişlənmə keçmiş sovet respublikalarına, xüsusilə də Ukraynaya təsir etməməlidir. “Belə bir ifadə olmadan heç bir müqavilə imzalaya bilmərəm”, - Yeltsin mövqeyini açıq şəkildə bildirib.

Dərc edilmiş sənədlərə görə, Rusiya prezidenti həmçinin keçmiş sovet respublikalarının NATO-ya daxil olmayacağına dair “sözlə centlmen razılaşması” təklif edib. Onun sözlərinə görə, müqavilələr məxfi olacaq.

Klinton belə cavab verib: “Yadınızdadırsa, son görüşümüzdə sizə demişdim ki, mən Rusiya üçün təhlükə yaratmayacaq, lakin ABŞ və Kanadanın Avropada qalmasına imkan verəcək, bölünməz, azad Avropa qurmaq və digər problemləri həll etmək üçün Rusiya və digər ölkələrlə işləyən yeni NATO yaratmağa çalışıram. Mən sizi, Rusiya hökumətini və xalqını əmin etmək istəyirəm ki, NATO-nu dəyişdirməyə çalışıram”, - o, qeyd edib.

“Əgər biz keçmiş Sovet İttifaqının heç bir üzvünün NATO-ya qoşulmaması ilə bağlı razılığa gəlsək, bu, bizim yeni NATO qurmaq cəhdlərimiz üçün pis olardı, eyni zamanda sizin yeni Rusiya qurmaq cəhdləriniz üçün də pis olardı. Mən sadəlövh deyiləm. Başa düşürəm ki, sizin kimin NATO-ya nə vaxt qoşulacağı ilə maraqlanırsınız. Biz əmin olmalıyıq ki, gələcəkdə bütün bu mövzularda məsləhətləşə bilək, yəni bu barədə danışacağıq. Bu o deməkdir ki, biz sizin narahatlıqlarınızdan xəbərdar olacağıq və siz bizim qərarlarımızı, mövqeyimizi, düşüncələrimizi başa düşəcəksiniz”.

Dərc olunmuş materiallara görə, Klinton faktiki olaraq keçmiş sovet respublikalarının NATO-ya qəbulu imkanlarını istisna etməkdən imtina edib. O, belə razılaşmaların uzun müddət məxfi qala bilməyəcəyinə əminliyini ifadə edib. Klintonun fikrincə, bu, Şimali Atlantika Alyansının Rusiyaya qarşı qaldığı təəssüratı yaradacaq.

Gerçəkdən də yaşı o dövrün hadisələrinə çatan jurnalistlər və politoloqlar xatırlayar ki, Klinton və Yeltsinin dönəmində bu barədə söhbətlər yarıaçıq-yarıgizli getsə də, danışıqların bəzi təfərrüatları mətbuata sızırdı.

O zamanlar iki dövlət arasında münasibətlər xeyli dərəcədə dostcasına idi. Bu, təbii ki, hər iki dövlətin xüsusi xidmət orqanlarının, strateji düşüncə mərkəzlərininin işinə aid deyil, onlar öz işlərini plan üzrə, lazımi qaydada davam etdirirdilər. Ancaq siyasi rəhbərliklər anlaşmağa, münasibətləri ilıqlaşdırmağa meylli idilər.

Bu, elə bir vaxt idi ki, Rusiya çox zəifləmişdi, SSRİ dövründəki hərbi və iqtisadi qüdrətini itirmişdi. Ölkədə banditlər at oynadırdı, kriminogen durum son dərəcə pisləşmişdi, cəngəllik qanunları hökm sürürdü, sovet dövründən qalma ümumi əmlakın vəhşicəsinə pay-bölüş edilməsi prosesi gedirdi, hüquq-mühafizə orqanlarının rəhbərləri bu tarmar kampaniyasında tərəfə çevrilmişdilər. İqtisadiyyat dağılırdı, ölkə devalvasiya astanasında idi.

Yəni Rusiyanın ABŞ-nin iradəsi ilə hesablaşmamaq imkanı yox idi. Ölkəyə külli miqdarda kredit, vaqon-vaqon dollar lazım idi və bu pullar ABŞ-nin əlindəydi. Ona görə də Rusiya artıq dünyanın tək hegemon dövlətinə çevrilmiş ABŞ-nin bu cür kaprizlərinə dözməli, istər-istəməz onun iradəsi ilə razılaşmalı oldu.

Lakin 2000-ci ildə hərbi-sənaye kompleksinin, xüsusi xidmət orqanlarının adamı, polkovnik Vladimir Putinin hakimiyyətə gəlməsi və neftin qiymətinin dünya bazarında bir neçə qat artması ilə ölkəyə milyardlarla dollar həcmində vəsaitin daxil olması Rusiyanın özünü düzəltməsinə səbəb oldu. Mülkiyyət, nüfuz dairəsi bölgüsü də, demək olar ki, başa çatmışdı. Putinin ilk işi ölkə daxilindəki separatizm ocaqlarını söndürmək oldu. O, buna nail olmaq üçün hər cür amansızlığa rüsxət verdi və məqsədinə çatdı. Daha sonra Putin beynəlxalq arenada Rusiyaya ikinci dərəcəli rol vermək istəyənlərlə mübarizəyə başladı, onlara “rus ayısı”nın hələ ölmədiyini, ənginin və caynaqlarının iti olaraq qaldığını sübut etməyə çalışdı.

putobam.JPG (34 KB)

Artıq siyasi arenada nə barışığa meylli Klinton vardı, nə də sərt ritorikadan, düşmənçilikdən çəkinən Yeltsin. Həm ABŞ-də, həm də Rusiyada 1980-ci illərin əvvəlindəki kimi açıq düşmənçilik şəraitində yaşamaqdan qorxmayan liderlər vardı.

Ona görə də NATO-nun şərqə doğru genişləndirilməsi layihəsi üzrə işlər davam etdi, Rusiya da buna bacardığı kimi müqavimət göstərdi və göstərməkdədir. ABŞ və onun koalisiyasına daxil olan dövlətlər məhz buna görə Rusiyanı iqtisadi planda çökdürmək istəyirlər. “Ayı” arıq və xəstə olanda daha təhlükəsiz olur – düşüncə budur.

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR