İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kimsəsiz adada nə edərdin” sualı və həyasız meymunlar

4587 10.09.2022 09:35 Yazarlar A A

 

Kimsəsiz bir adaya düşsəniz, ilk olaraq nə axtararsınız? Belə bir sual var.

Bəlkə də ilk baxışdan macərapərəstlərə, televiktorina oyunçularına veriləcək sualdır. Amma bu sualı bu günlərdə müəllimlərin sertifikasiyasının ikinci mərhələsində - müsahibə bölümündə imtahan verən yaşlı bir müəlliməyə veriblər.

Birinci mərhələdən 60 bal yığmış (məqbul bal 40-50 arasında olub) müəllimənin həmin suala nə cavab verdiyinə növbəti abzaslardan birində qayıdacam.

İndilikdə, gəlin özümüzü qoyaq sertifikasiya imtahanı verən adamların yerinə və görək, nə cavab veririk.

Daniel Defonun “Robinzon Kruzo” romanını oxumuş, bu ssenari əsasında çəkilmiş fimlərlə baxmış orta yaşlı adamlar kimsəsiz adada baş çıxarmağın sınanmış yolunu az-çox bilirlər.

“Robinzon”un məsələsi elədir ki, mütləq özünü onun yerinə qoyursan, fikirləşirsən ki, ey dadi-bidad, o sinyorun yerində olsaydım, nə edərdim. Bunu hətta ömründə rayonundan qırağa çıxmayan, kimsəsiz adaya düşmək ehtimalı sıfıra bərabər olan adamlar da düşünür.

Öz təcrübəmdən bilirəm ki, kimsəsiz adaya düşsəm, ilk axtardığım şey su və qida olar. Çünki okeanın duzlu suyunda, günəşin altında o qədər üzmüşəm, dil-dodağım susuzluqdan çatlayıb, birinci su lazımdır. Burdan-bura adicə dənizdə 10 dəqiqə üzüb-çıxandan sonra hamı su, çay, pivə içir, qarpız yeyir.

Adada ikinci axtardığım şey mütləq qida olar: banan, quş yumurtası, armud, kivi, bir sözlə, nəsə yeməli bir şey. Çünki ac qarınla başqa heç nə haqda düşünmək olmaz. Yalnız şirin su və qida tapandan sonra üfüqlərə və səmaya baxarsan ki, görəsən, gözünə gəmidən, təyyarədən nəsə dəyirmi. Bunlar olandan sonra məcbursan özünə bir sığınacaq axtarasan. Allah qorusun, kimsəsiz ada olmasına baxmayın, şir-pələngi, yaquarı, canavarı ola bilər. Onlar da olmasa, mütləq çaqqal olacaq. Atalar da deyib ki, meşə çaqqalsız olmaz və bu məsəli artıq çaqqallar da bilir. Üstəlik, qurdun adı bədnamdır, gödən yırtmaq işinə əsasən çaqqallar baxır.

Beləcə, ikinci planda təhlükəsizlik məsələsi gəlir, ya bir ağacın başına dırmaşıb yerini rahatlayacaqsan, ya sınmış ağac budaqlarından, bambuqdan-filandan özünə komafason bir şey düzəldəcəksən ki, başının salamatlığını qoruyasan.

Əgər içməyə su, yeməyə bir şey tapdınsa, gecəni də sağ-salamat sabah etdinsə, sübh tezdən durub ətrafa baxırsan, görürsən ki, bütün kimsəsiz, insan ayağı dəyməyən adalar kimi bura da gözəl, füsunkar, əsrarəngiz yerdir – meşəsi, gömgöy sulu dənizi, ağ qumlu sahili var, sanki Seyşeldə, Maldivdəsən. Hərçənd kimsəsiz ada nə qədər gözəl olur-olsun, yemək-içmək, dost-yoldaş olmayandan sonra Ələt ondan yüz qat yaxşıdır.

Xüləs, qayıdaq sertifikasiya imtahanının ikinci mərhələsində müvafiq sualla üzləşən müəllimənin yanına, görək, o nə cavab verib.

Bacı özüm kimi praqmatik adam imiş, suala belə cavab verib: “Kimsəsiz adaya düşsəydim, birinci qida və su axtarardım”.

Pah! İmtahan götürənlər deyiblər, bu yanlış cavabdır.

Yaxşı, bəs düzgün cavab nəymiş?

Heç zad, kimsəsiz adaya düşən müəllimə bütün dərdini-sərini bir kənara qoymalıymış və adanın gözəlliyinə vurulmalıymış, deməliymiş, ilahi, bu nə gözəllik, bu nə asudəlik, bu nə füsunkarlıq...

İndi özünüz fikirləşin, hansısa qəza nəticəsində bir kimsəsiz adaya düşmüş, axşama yeməyə quru çörəyi, içməyə suyu olmayan, gecənin qaranlığında hara qısılacağını bilməyən hansı başıxarab estetika hayında olar?

Əslində çox adam oturub ta “Robinzon Kruzo”nun Cüməsi gələnə qədər zırın-zırın ağlayar, bəxtinə qarğayar ki, bu nə zibildir, düşdüm, mənim burada nə işim var.

Bir az söyüşcül adam onun kimsəsiz adaya düşməsinə səbəb olanların – tətil ideyası verənlərin, tur-paket satanların, gəmi sürənlərin, bu hadisədə 2-ci, 5-ci dərəcəli rolu olan hər kəsin var-yoxunu çıxarıb düzər ağ qumun üstünə.

Pessimist və tənbəl adam uzun fikirləşməz, dərhal bir liana tapıb intihar edər.

Optimist adam hündür bir ağacın başına çıxıb okeana baxar, gəmi axtarar, tonqal qalayar, quma HELP! yazar.

Realist adam bir neçə gün birtəhər başını dolandırmaq, sonra qayıq-fason bir şey düzəltmək barədə fikirləşər. O da bambuk budaqları ilə qumun üstünə HELP! yazar.

Yalnız başına gələn faciənin miqyasını anlamayan, üzləşəcəyi sıxıntıların, çəkəcəyi əziyyətlərin nədən ibarət olacağını bilməyən şəxs bərkdən “ah, bu nə gözəllikdir” deyər və bir də görər ki, adanın həyasız meymunları onu darta-darta harasa aparırlar və məqsədləri heç də “help” etmək deyil.

Ona görə də, hörmətli əlaqədar yoldaşlar, imtahan-müsahibə götürdüyünüz müəllimələrə normal sual verin, camaatı meymunlarla üz-üzə qoymayın.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR